Rəsmi mövqe: “Qoy, hansı səbəbdən işdən azad olunduğunu özü desin”
Tərtər rayon icra hakimiyyəti başçısının birinci müavini Vidadi Bəylərov tutduğu vəzifədən azad olunub. Rayondan AzNews.az-a daxil olan xəbərə görə, bu qərara bir müddət öncə məmur oğlunun davranışı səbəb olub.
Xatırladaq ki, V.Bəylərovun oğlunun “avtoşluğu” bir nəfərin həyatına son qoyub. AzNews.az xəbər vermişdi ki, məmur oğlu başqa bir gənclə “qonkaya” çıxıb və “rəqib”ini sıxışdıraraq, yoldan çıxmağa məcbur edib. Nəticədə isə həmin gənc idarəetməni itirərək yol kənarındakı kanala düşüb. Hadisə nəticəsində aldığı zədələrdən sonra həmin gənc dünyasını dəyişib.
Tərtər rayon icra başçısının köməkçisi Camal müəllim xəbəri təsdiqləsə də, V.Bəylərovun işdən azad olunması haqda sərəncamın nə ilə bağlı olduğunu demək istəmədi: “Onun özü ilə əlaqə saxlayın. Qoy, hansı səbəbdən işdən azad olunduğunu özü desin”.