Müsavat funksioneri YAP-çı deputatın onun adına çıxdığı “8 dövlətin dəstəyini almışıq” iddiasını böhtan saydı
“Azərbaycanda hakimiyyəti formalaşdıran xalqdır. Bizdən öncə Ermənistanda seçki keçirildi, namizədlərə qarşı sui-qəsd olundu, antidemokratik proseslərə şahidlik etdik. Qərb, o cümlədən ABŞ orda seçkilərin azad və ədalətli keçirildiyi barədə rəy mənada əsas xalq amilidir”.
YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov hakimiyyətin seçki ilində Qərbin dəstəyini almaq üçün hərəkətə keçdiyi barədə “Yeni Müsavat”a açıqlamasında bunları bildirib. Onun fikrincə, bu gün Azərbaycan xalqı hakimiyyəti dəstəkləyir və seçkidə də bunun şahidi olacağıq: “Hakimiyyəti formalaşdıran, seçkini keçirən, seçən xalqdır. Burada Qərbin, Şərqin, Rusiyanın, İranın, digər ölkələrin fikrinin, rəyinin heç bir əhəmiyyəti yoxdur. Əsas xalqın rəyi, qərarıdır”. S.Novruzov AXC-Müsavat hakimiyyətinə ünvanlı ittihamlarını da səsləndirib: “Biz o vəziyyətdə deyilik ki, necə ki, vaxtilə burada namizədi gah Türkiyə, gah da başqa dövlətlə. AXC-Müsavat dövründə adi parlament sədrini, Isa Qəmbəri seçəndə Arif Hacılı çıxış edib dedi ki, məsələ 8 dövlətlə razılaşdırılıb. Azərbaycan xalqı ilə deyil, 8 dövlətlə razılaşdırılan hakimiyyətin də ömrü cəmi 9 ay çəkdi. Ona görə də xalqın seçimi olmalıdır. Bu gün də Azərbaycan xalqı Azərbaycan prezidentini dəstəkləyir”.
Müsavat Partiyasının Mərkəzi icra aparatının rəhbəri Arif Hacılı isə S.Novruzovun dediklərini cavablandırarkən bunları bildirdi: “Siyavuş Novruzov ünvanıma yönəlmiş böhtanları davam etdirir. Bu böhtan mənim əleyhimə ilk dəfə Etibar Məmmədov tərəfindən deyilib. Sonradan Rəsul Quliyev, Ramiz Rzayev və başqaları bu böhtanı təkrar etdilər. Təqribən 5-7 il bundan əvvəl ANS-də konkret olaraq bu məsələ ilə əlaqədar ayrıca bir veriliş təşkil olunmuşdu. O verilişdə Araz Əlizadə və digər siyasətçilər məsələyə reaksiya verdilər və orada da mənim həmin çıxışım təkrar yayımlandı. O çıxışda bu sözlərin deyilmədiyi sübut olundu. Əslində mənə, İsa Qəmbərə qarşı, bizim hakimiyyətə gəlməyimizə qarşı olan bu böhtan əsaslı şəkildə təkzib olundu. Bu məsələyə bir saatlıq veriliş həsr olunmuşdu. Sonradan mənim həmin çıxışım televiziya ilə göstərildi. Orada guya İsa Qəmbərin hakimiyyətə gəlişinin hansısa ölkələrlə razılaşdırılması ilə bağlı olan fikrin mövcud olmadığı, 8, 12, ya 17 ölkə kimi nağılların olmadığı sübuta yetirildi. Bununla belə, bizə qarşı hər hansı bir real iddia irəli sürmək imkanları mövcud olmadığı üçün zamanında uydurduqlarını bu gün də təkrar edirlər. Mənim çıxışım arxivlərdə qalmaqdadır və fikirlərimi təkzib etmək istəyirlərsə, həmin çıxışımı efirdə yaya bilərlər”.
A.Hacılı xatırlatdı ki, Elçibəyin komandası Azərbaycan xalqının dəstəyi ilə hakimiyyətə gəlmişdi: “Rusiyanın, Azərbaycana düşmən olan dövlətlərin bütün müqavimətinə baxmayaraq, Azərbaycan xalqının iradəsi, dəstəyi ilə hakimiyyətə gəlmişik və bizim hakimiyyətə gəlişimizin qarşısının alınması qeyri-mümkün idi. Baxmayaraq ki, Bakıda həmin dövrdə kazarmalarda 10 min rus əsgəri vardı, hətta onların küçəyə çıxarılmasına cəsarət etmədilər. Çünki Azərbaycan xalqının dəstəyi o dərəcədə yüksək idi ki, 10 min əsgərlə bu dəstəyin qarşısını almaq mümkün deyildi. Belə bir məqamda guya bizim hansısa ölkələrin dəstəyi ilə hakimiyyətə gəlməyimizin bəyan edilməsi və bu fikrin guya mənə aid olması ilə bağlı iddiaların zaman-zaman səslənməsi hakimiyyətin demokratik düşərgəyə qarşı arqumentlərin olmamasını təsdiq edir. Hətta bu məsələnin televiziya səviyyəsində, böyük bir verilişdə, canlı yayında təkzib olunmasına baxmayaraq, üzərindən illər keçdikdən sonra da eyni iddiaları səsləndirirlərsə, bu, o deməkdir ki, Əliyev hökuməti, avtoritar rejim bizə qarşı hər hansı bir arqument tapa bilmir, ona görə də hətta təkzib olunmuş və deyilmədiyi sübuta yetirilmiş fkri təkrar-təkrar səsləndirməklə bizə qarşı saxta arqumentlər ortalığa qoymağa çalışır”.
musavat.com