“Xalqına xidmət edən insanları cəzalandırmaq və ləkələmək Azərbaycan hakimiyyəti üçün adi haldır”
Rusiyanın Moskva, Nijeqorod, Samara, Yaroslavl vilayətləri və Tatarıstan Respublikasında fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatlarının rəhbərləri Qalib Ağayev, Vidadi Abbasov, Şirvan Kərimov, Osman Hüseynov və Sübhan Əhədzadə Azərbaycan ictimaiyyətinə müraciət edib. Müraciətdə bu vaxta qədər Rusiyada yaşayan azərbaycanlı ziyalıların Qarabağ həqiqətlərini Rusiya ictimaiyyətinə çatdırmasına, mədəniyyətin və dilin qorunmasında rəsmi Bakı tərəfindən dəstək görmədikləri deyilir.
Müraciət müəllifləri 2012-ci ilin avqustunda Rusiyada yaşayan azərbaycanlılara yardım məqsədi ilə yaradılan Rusiya Azərbaycan Təşkilatları İttifaqının rəsmi Bakı tərəfindən aqressiv qarşılandığını yazır: “Hakimiyyət təhlükə uyduraraq təşvişə düşüb. Artıq 8 aydır davam edən isterika totalitar rejimlərə xas şizofreniyaya çevrilib. 8 aydır RATİ və Söyün Sadıqov tərəfindən Azərbaycana qarşı “hazırladığı” planları uydurulur, daha sonra bunu müzakirə edir, bekar-siyasətbazlar bəyanatlar verir. Bizə bunlara ancaq gülmək qalır. Paralel Rusiyadakı azərbaycanlıların ağsaqqalı Abbas Abbasovun qohumları həbs olunur, digər qorxutmaq metodları işə salınır. Hakimiyyətin qohumluq və klan münasibətləri üzərində qurduğu ölkədə başqa cür olmur. Xalqına xidmət edən insanları cəzalandırmaq və ləkələmək Azərbaycan hakimiyyəti üçün adi haldır. Biz buna görə utanırıq”.
Azadliq.info