«Azərbaycanda vəziyyət necədirsə, azərbaycanlılar öz vətənlərində ac və «azad» olmaqdansa, Rusiyada «kölə» olmağa hazırdırlar»
“AzərRos” prezidenti Söyün Sadıqov həmtəsisçisi olduğu Rusiya Azərbaycan Təşkilatları Ittifaqının (RATI) ünvanına Azərbaycan hakimiyyətindən səslənən ittihamlara növbəti dəfə münasibət bildirib. “Faktxeber.com” saytına müsahibəsində S.Sadıqov RATI yaranarkən onun rəhbəri Abbas Abbasovun Bakıda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşdüyünü və onun xeyir-duasını aldığını deyib. PA rəhbəri hətta A.Abbasovu arxayın edib ki, bu barədə prezidentə məlumat verəcək.
Öz planları barədə başqa ölkənin güc strukturlarına məlumat verməli olmadıqlarını deyən S.Sadıqov Azərbaycana, onun xalqına, prezidentinə hörmətdən bu addımı atdıqlarını bildirib.
S.Sadıqov bundan əlavə, Diasporlarla Iş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim Ibrahimovun Moskvaya səfərlərindən birində nümayəndələri Natiq Ağamirovun onunla görüşdüyünü və RATI-nin qeydiyyat üçün sənədlərini təqdim etdiyini, Ibrahimovun da bu qərarı alqışladığını deyir. Bütün formal prosedurlar başa çatdıqdan və RATI qeydiyyata alındıqdan sonra sənədlər Ilham Əliyevə, Ramiz Mehdiyevə və Nazim Ibrahimova, həmçinin bütün regional Azərbaycan təşkilatlarına göndərilib.
“Ağıllı hökumət dinləməyi bacarmalıdı”
“AzərRos” prezidenti RATI-də təmsil olunan iş adamlarının Azərbaycandakı biznesinə qarşı başlanan təzyiqlərə və hakim partiya təmsilçilərinin onların ünvanına səsləndirdikləri ittihamlara da toxunub. A.Sadıqovun sözlərinə görə, minlərlə insanı işlə təmin edən iş adamlarına qarşı belə mürtəce tədbirlər ölkəyə maddi və mənəvi zərbə vurur, onu nüfuzdan salır. Respublika qarşısında az xidmətləri olmayan biznesmenlərlə belə rəftar, hökumətin imicini ilk növbədə öz vətəndaşlarının gözündə aşağı salır. Azərbaycan əsilli rusiyalı biznesmənlərin ünvanına ittihamlar cəfəngiyatdır. YAP funksioneri Siyavuş Novruzovun Rusiyada azərbaycanlı biznesmenlərin şirkətlərində işləyən həmvətənlərini kölə adlandırmasına toxunan S.Sadıqovun buna cavabı da sərt olub: “Görünür, Azərbaycanda vəziyyət o qədər ”səfalı” və “ümidvericidir” ki, azərbaycanlılar öz vətənlərində ac və “azad” olmaqdansa, bu biznesmenlərin yanında “kölə” olmağa hazırdırlar”.
S.Sadıqov hər hansı siyasi motivlərə görə sıxışdırmanı dövlət üçün intihar hesab edir. Əgər dövlət demokratik dəyərləri elan edibsə, bu prinsiplə də hərəkət etməlidir. Ağıllı hökumət dinləməyi bacarmalı, öz səhvlərini düzəltməli və nəticələr çıxarmalıdır.
“Nazim Ibrahimovun bəyanatı onun ikiüzlülüyünün və prinsipsizliyinin göstəricisidir”
Nazim Ibrahimovun RATI ilə bağlı verdiyi bəyanata münasibət bildirən “AzərRos” prezidentinin sözlərinə görə, bu bəyanat onun ikiüzlülüyünün və prinsipsizliyinin göstəricisidir. Rəhbərin özünün mövqeyi olmadıqda, məhz belə olur. Çünki o əvvəlcə RATI-i dəstəkləyir, sonra ona başqa göstəriş verildikdə isə bütün səyi ilə yeni təşkilatı pisləyir. S.Sadıqovun sözlərinə görə, əsas problem Azərbaycan icmasında heç bir çəkisi olmayan, diasporun hər hansı problemini həll edən və yaxud da buna çalışan kimi baxılmayan Ibrahimovun özündədir. Bu, heç kim üçün sirr deyil.
“Fətiyevin bəyanatını vicdanına tapşırıram”
S.Sadıqov ermənilərlə əlaqələrdə ittiham olunmasına, eyni zamanda “AzərRos”un keçmiş vitse-prezidenti Mirəşrəf Fətiyevin istefasına da toxunub. Azərbaycanda yüksək vəzifədə çalışan şəxslər arasında qarışıq nikahların az olmadığını deyən S.Sadıqov çalışdığı yerlərdə ermənilərin olduğunu inkar etmədi. Lakin sürücüsünün və mühasibinin erməni olması ilə bağlı deyilənlərin həqiqətə uyğun olmadığını, sürücülərinin rus və ukraynalı, müsahibinin də ukraynalı olduğunu bildirdi.
Fətiyevin istefasına gəldikdə isə, S.Sadıqov bunu erməni məsələsində fikir ayrılığı ilə əlaqələndirmir. “AzərRos” prezidenti bunu daxili səbəblərlə izah edir və yenidənqurmanın öncə təşkilatın möhkəmlənməsi üçün vacib olduğunu qeyd edir. Fətiyev Azərbaycanlıların Ümumdünya Konqresinə rəhbərlik edir və bunun üçün çox vaxt sərf edirdi. Bu isə “AzərRos”dakı fəaliyyətinin zəifləməsinə səbəb olmuşdu. Ona görə də belə qərar verildi: “Onun bizim qurumdan ayrılmağı ilə verdiyi bəyanatları isə vicdanına tapşırıram. O öz seçimini etdi, biz də öz seçimimizi”.
azadliq.info