“DİN-in, FHN-nin, PA-nın yüksək rütbəli əməkdaşları, generallar radara düşdüyü üçün cərimə ödəyib”.
Son iki ay ərzində Bakıda quraşdırılan “ağıllı radar”lar bir neçə məmuru cərimələyib. Bu radarlar qayda pozan avtomaşını dərhal qeydə alır və o andaca avtomatik olaraq protokol tərtib olunub cərimə yazılır. Artıq iki aydır ki, bu radarlar bir neçə məmuru, daha çox da polis rəislərini, rəhbər işçiləri, icra orqanlarının əməkdaşlarını, müxtəlif nazirliklərin məsul işçilərini, habelə, bəzi millət vəkillərini qeydə alaraq avtomatik cərimələr tətbiq edib. Hüquq-mühafizə orqanlarından “Qafqazinfo”ya verilən məlumata görə, həmin məmurlar arasında çox tanınmış insanlar var. Məsələn, onlardan biri nəqliyyat naziri Ziya Məmmədovdur. Nazirin avtomaşını Bakıda radara düşüb və onun qeydiyyatda olduğu ünvana cərimə göndərilib. Bundan başqa, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin sabiq rəisi, hazırda Bakı şəhər BPİ-nin rəis müavini postunda olan, prezidentin eskot müşayiət tağımının komandiri general-mayor Həsən Şirinovun da radara düşdüyü bildirilir. Radara düşən generalların sayı bununla bitmir. Fövqəladə Hallar, Müdafiə və Daxili İşlər nazirliklərinin daha bir neçə generalının, bir neçə rayon polis idarəsinin rəislərinin, hətta Prezident Adminstrasiyasının məhşur simalarının da adı qayda pozuntusuna görə «ağıllı radar»a düşənlərin siyahısına düşüb. Mənbə bildirir ki, bu cür halların getdikcə artması bir çoxlarını narahat edib. Son günlər məhz bu mövzu ilə bağlı daxili işlər naziri Ramil Usubova yazılı və şifahi şikayətlər daxil olmaqdadır.
Əldə etdiyimiz məlumata görə, əslində, qanun qarşısında hər kəsin bərabər olduğunu unudan generallar, yüksək rütbəli məmurlar, PA əməkdaşları onlara cərimə kəsilməsinə, ünvanlarına cərimə məktubunun gəlməsinə çox sərt reaksiya veriblər: «Hətta iş o yerə çatıb ki, narazılıq edənlər nazirə şikayət edərək Respublika Dövlət Yol Polisi İdarəsinin və Bakı şəhər Dövlət Yol Polisi darəsinin rəhbərliyinin ciddi cəzalandırılmasını tələb ediblər. Bu vaxta kimi bütün qayda pozuntularına görə məsuliyyətdən yayınan, daha doğrusu, DYP İdarəsində radarı silinən məmurlar indi çox aqressiv münasibət göstərirlər. Lakin, biz də bunun axırının necə olacağını bilmirik. Bu vaxta qədər rəhbərlik bu qədər dirəniş göstərməmişdi. Lakin indi kimliyindən asılı olmayaraq hər kəs cəriməni ödəmək məcburiyyətində qalıb. Artıq Prezident Adminstrasiyasının, FHN-nin, DİN və başqa idarə və təşkilatlarının rəhbər işçiləri, çox tanınmış adamlar cəriməni ödəyiblər. Özü də, həmin şəxslərin əksəriyyəti dövlət avtomobillərində, yəni, xidməti maşınlarda radara düşüblər ki, bu da indiyə qədər rast gəlinən hal deyil. Bu yaxınlarda eşitdik ki, bununla bağlı göstəriş yüksək dairələrdən gəlib və heç kimə güzəşt olunmur. Odur ki, bu günə kimi 2 nazir, 10-dan çox general, PA-nın bir neçə əməkdaşı və başqa məsul şəxslər cərimə ödəyiblər».
Qeyd etdiyimiz kimi, həmin nazirlərdən birinin nəqliyyat naziri Ziya Məmmədov olduğu bildirilir. Digər nazirin də adını dəqiqləşdirməyə çalışırıq. Mənbə bildirir ki, radara düşən məmurlar əvvəlcə buna sərt reaksiya veriblrər. Amma sonradan öz aralarında araşdırma aparıb öyrəniblər ki, məsələ çox ciddidir və cərimə ödəməkdən boyun qaçıranların «qarı siyahısı» hazırlanır. Odur ki, artıq radara düşən məmurlar səssiz-səmirsiz cəriməni ödəyiblər. Lakin maraqlıdır ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov da həmin radara düşənlərin sırasında olsa da, o, bunu mətbuatdan gizlətməyib. Belə ki, yol polisləri tərəfindən yol hərəkəti qaydalarını pozduğu üçün cərimələnən Vaqif Əsədovun özü anspress-ə bildirib ki, hadisə bu ilin noyabrın 30-da baş verib. Belə ki, Vaqif Əsədov noyabrın 30-da “Mercedes C-220” markalı, 90 EU 958 dövlət nömrə nişanlı avtomobili idarə edərkən Bakı-Quba yolunun 8-ci kilometrliyində radara düşüb. “Baş Dövlət Polis İdarəsi istiqamətdə hərəkət edərkən, yolda sürət həddi 90 km/saat olduğu halda 120 km hərəkət etmişəm. “Ağıllı kamera”lar mənim idarə etdiyim avtomobili çəkib. Avtomatik olaraq mənə protokol tərtib olunub. Mənə bu barədə məlumat gələn kimi, vaxtında aparıb cəriməni ödədim ki, sonradan problem yaranmasın”, – deyə Vaqif Əsədov məlumat verib. Bu barədə V.Əsədova məlumat verilən kimi yol polisi dərhal barəsində tərtib olunmuş cəriməni 3 gün müddətində ödəyib. “Əgər polkovnik-leytenant Vaqif Əsədov yol polisi olaraq törətdiyi xətaya görə cərimə məbləğini ödəyirsə, kimliyindən asılı olmayaraq yol hərəkət qaydasını pozan şəxs də cərimələnəcək. Tətbiq olunan cərimə də mütləq ödənilməlidir”, – deyə V.Əsədov vurğulayıb.
Lakin bir çoxları Vaqif Əsədovun bu açıqlamasını səmimiyyətdən uzaq bir hal kimi qiymətləndirərək əslində, bunun cəmiyyətə bir mesaj olduğunu deyirlər. Belə ki, V.Əsədovun bu açıqlaması radara düşən digər məsul şəxslərə də «gedin cərimənizi ödəyin» mesajına bənzəyir…
Maraqlıdır ki, əslində, normal cəmiyyətlərdə qayda pozan hər kəsin cəriməni ödəməsi gərəkdir. Lakin Azərbaycanda bu prosesə yenicə start verilib ki, bu da bəzilərini narazı salıb, bəziləri isə bundan reklam kimi istifadə edir.
Bir şey də maraqlıdır ki, Daxili İşlər Nazirliyi sona qədər qanunun aliliyini qorumağa dirəniş göstə biləcəkmi?
musavat.com