Tomas Melia müxalifətlə nədən danışıb?
“Kədərli olsa da, ötən ildən bəri demokratiya və insan haqları ilə bağlı yaxşılaşma olmayıb.
Dekabrın 11-də Bakıya səfər edən ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melia ABŞ-ın Azərbaycandakı səfirliyində müxalifət liderləri ilə görüşüb. Mətbuata qapalı keçirilən görüşdə ölkənin bir sıra aparıcı müxalifət partiyalarının nümayəndələri iştirak edib. Modern.az-ın əməkdaşı görüşün təfərrüatı ilə bağlı məlumat almaq üçün toplantıda iştirak edən Azərbaycan Liberal Partiyasınnı (ALP) sədri Əvəz Temirxanla əlaqə saxlayıb. Görüşə qatıldığını deyən Əvəz Temirxan sadəcə Azərbaycan və ABŞ münasibətlərinin müzakirə olunduğunu bildirsə də ətraflı məlumat vermək istəmədiyini bildirib. Digər partiya rəhbərləri də görüş haqda danışmaq istəmədiklərini vurğulayıblar. İlkin ehtimallara görə, ABŞ dövlət katibinin rəsmisi Tomas Melia ilə müxalifətin görüşündə prezidenti seçkiləri öncəsi ölkədəki ictimai-siyasi durum və bu istiqamətdə geniş müzakirələr keçirilib.
Qeyd edək ki, görüşdə VİP sədri Əli Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər, Müsavat Partiyasının başqanı İsa Qəmbər, Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və İctimai Palatanın nümayəndəsi Mehriban Vəzir iştirak edib.
Dövlət katibinin rəsmisi Tomas Melia dekabrın 11-də “Azadlıq” radiosuna müsahibə verib. Müsahibəni təqdim edirik.
– Ötən il Bakıya səfərinizdə Azərbaycan hakimiyyətini insan haqlarına hörmət etməyə və siyasi açıqlığa çağırmışdınız. Həmin vaxtdan hakimiyyətin davranışında nə dəyişib?
– Kədərli olsa da, ötən ildən bəri ümumilikdə demokratik idarəçilik sahəsində, insan haqları ilə bağlı elə də nəzərəçarpacaq yaxşılaşma olmayıb. Ancaq məmnunuq ki, ötən il həbsdə olan bəzi jurnalist və bloqçular buraxılıb. Xüsusilə də bir neçə ay əvvəl buraxılmış Bəxtiyar Hacıyevin adını qeyd etmək istərdim. Bütün bunlar yaxşıdır.
Ancaq onu demək lazımdır ki, onlar ifadə azadlığından istifadə etdiklərinə görə həbsə atılmamalıydılar. Biz Azərbaycan hökuməti ilə işimizi davam etdiririk. Ötən ildən nəzərəçarpacaq irəliləyiş görməmişik, ancaq ümid edirik ki, gələn ilki prezident seçkisi Azərbaycana demokratik siyasi proses üçün potensialını, bütün vətəndaşların haqlarına hörmət qoyduğunu göstərmək üçün daha bir imkan yaradacaq.
– Bəzi jurnalist və bloqçuların buraxıldığını qeyd etdiniz. Ancaq cəmiyyətdə bir qorxu var ki, buraxılan fəalların yerinə yeniləri həbs oluna bilər. Bu tendensiyanı birdəfəlik dəyişmək üçün nə etmək lazımdır?
– Azərbaycan günün məsələlərinin, ölkənin problemlərinin daha açıq müzakirə yolunu tapmalıdır. İqtisadi imkanlar açılmalıdır, bütün azərbaycanlılar iqtisadi inkişafa qatılmalıdır. Ölkənin siyasi, ictimai, iqtisadi irəliləməsinin düzgün yolu barədə adamların fikirləri olacaq. İdarəçi qurumlar müxtəlif fikirlərə dözümlü yanaşmağın yolunu tapmalıdırlar. Bu, 21-ci əsrdə uğurun açarıdır. Azərbaycanın tam çiçəklənən, suveren, uğurlu ölkə olması üçün hakimiyyət insanların fikirlərini ifadə etmək haqlarına hörmət qoymağı öyrənməlidir. Azərbaycan xalqı daha çox açıqlığa və demokratiyaya hazırdır. Azərbaycana həmin istiqamətdə irəliləməsinə kömək edirik.
musavat.com