Dövlət başçısı İlham Əliyevin 30 noyabrda “Ağ Ev”də – Prezident Administrasiyasında (PA) etdiyi dəyişiklik gündəmin əsas mövzusuna çevrilib. İsti-isti olan təhlillərdə iki müxtəlif istiqamət var. Birinci istiqamət odur ki, prezident 2013 seçkilərinə hazırlığa başlayıb və seçkilərdə öz komandası kimi Naxçıvan klanına stavka edəcəyinin anonsunu verib. İkinci qrup təhlilçilər isə bunu PA rəhbərinə nəzarəti gücləndirilməsi, onun vəzifədən çıxarılması prosesinin son mərhələsi və Paşayevlərin qələbəsi kimi izah edir.
Birinci versiyanın ortaya çıxmasında yeganə səbəbi bir gündə təyinat alan şəxslərin (Zeynal Nağdəliyev, Əli Əsədov, Novruz Məmmədov, Vahid Əliyev və Məhərrəm Əliyev) regional mənsubiyyətidir.
İkinci versiyanı müdafiə edənlərin arqumenti də güclüdür: niyə müavin statusuna PA rəhbərinin ən yaxın kadrlarından biri olan Əli Həsənov yox, Ramiz Mehdiyevin postuna iddiasını gizlətməyən Zeynal Nagdəliyev təyinat alıb? İctimai-siyasi sektor PA-da ən nüfuzlu və aparıcı şöbələrdən biri hesab olunduğundan bu sual məntiqli görünür. PA-da aparıcı strukturlardan olan hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun bu təyinatlardan kənarda qalması da diqqət çəkir. Və daha bir versiya ortaya çıxır: “Belə bir təyinat Fuad Ələsgərovla bir komandada olan Kəmaləddin Heydərovu gücləndirərdi…”
Əgər bu təyinatları hakim komandada qohumluq və yaxınlıq prinsipləri ilə açmağa çalışsaq, ucsuz-bucaqsız bir labirintə düşmüş olaraq. Labirintlərdə azmamaq üçünsə yeganə yol kompasdan – hadisələrə bu təyinatları imzalayan prezidentin rakursundan baxmaq lazım gəlir. O zaman suallar da çoxalır: “Ağ Ev”dəki bu dəyişiklik nədən xəbər verir? İlham Əliyev prezident seçkilərində iştirak etməyə qərarmı verib, yoxsa bundan sonra atacağı geri addımlarda ciddi müqavimətlə üzləşməmək üçün, saraydaxili narazılığı yatırmaq məqsədilə fiqurların yerini dəyişib? Niyə bu dəyişiklik noyabrın 29-da gecə Rusiya prezidenti Vladimir Putinin təfərrüatı açıqlanmayan zəngindən bir neçə saat sonra, özü də məhz rəhbərliyinin Kremldə güclü dayaqları olan Prezident Administrasiyasında baş verib? Əvvəl üç müavin, günün sonunda daha bir yenə müavin təyinatı…
Məlumdur ki, Prezident Administrasiyası bu hakimiyyətin ürəyidir. Hakimiyyətin ideoloji təbliğatından tutmuş, hətta müxalifət fəalının həbsinə qədər bütün göstərişlər bu və ya digər dərəcədə PA-dan gəlir. Seçkilərdə də əsas yük bu qurumun üzərindədir. Ən müxtəlif qurumların rəy sorğularını təşkil etmək, təbliğat rolikləri, xarici əlaqələr, lobbiçilik, bir sözlə, seçki qutusundan başlamış hansı rayonda kimə daha çox səs yazılacağını MSK yox, məhz bu administrasiya həll edir və lazımı qərarlar verir.
PA-nı hakimiyyətin icraedici qollarından, məsələn, ölü qurum olan Nazirlər Kabinetindən fərqləndirən, maşın kimi işlək mexanizm edən əsas cəhəti ona rəhbərlik edən şəxsin – Ramiz Mehdiyevin personasıdır. Əgər diqqətlə baxsaq, prezident 30 noyabr təyinatlarınadək onlarla nazirliyə, komitəyə müavin təyin edib, yeni dövlət qurumları yaradıb, kimisə irəli, kimisə aşağı vəzifəyə göndərib. Bu daxili təyinatların, şöbə müdirlərinə və müşavirlərə müavin statusu verilməsinin də bu qədər diqqət çəkməsinə əsas səbəb R.Mehdiyevin adıdır. Bu diqqət həm də o deməkdir ki, Əliyev hakimiyyəti, ondan sonra hakimiyyət iddiası olan hər hansı regional qrup R.Mehdiyevin yanından ötüb prezident kürsüsündə rahat otura bilməz. Rahat oturmaq üçün cənab Mehdiyevin də, onun şimaldakı müttəfiqlərinin də maraqlarını da təkcə təmin yox, həm də müdafiə etmək lazımdır.
Bu təyinatların şimaldan gələn bir zəngdən sonra gerçəkləşməsi bu baxımdan ciddi maraq doğurur. Bəlkə də heç bir əlaqəsi yoxdur. Amma hakimiyyətin birinci şəxsinin bu təyinatların bu zəngə bağlanmayacağını hesablamadığı da demək ağlabatan deyil.
Eləcə də İlham Əliyevin seçkidə iştirak qərarı verməsi və bu səbəbdən də komandada hazırlıqlara başlamasını iddia etmək çox tezdir. Səbəbini dedik: bunu prezidentin üçüncü müddətə seçkidən iştirak qərarı ilə izah etmək istəyənlər bu əks-arqumentlərlə də razılaşmalıdır: “Bəlkə prezident seçkidə iştirak etməmək barədə qərar verdiyindən və bu qərara birinci müqavimət göstərəcək Naxçıvan klanına ”Ağ Ev”də kart-blanş verir”.
Axı neçə vaxtdır ki, işsiz qalan və hakimiyyətdən Əli İnsanovun həbsinə görə də narazı olan Məhərrəm Əliyevə (M.Əliyevlə sabiq nazir qudadır) PA-da onun ranqına uyğun olmayan ikinci dərəcəli şöbəyə təyinat verməyi nə dərəcədə komanda formalaşdırmaq kimi izah etmək olar? İkinci bir tərəfdən, bu adamların hamısı – Əli Əsədov mer, Vahid Əliyev müdafiə naziri, Novruz Məmmədov xarici işlər naziri, Zeynal Nağdəliyev PA rəhbəri olmaq üçün çalışırdılar. Onların bu təyinatı yuxarı, daha böyük posta irəli çəkilmək deyil, əksinə, Naxçıvan klanının mərkəzləşməsi, “X” variantında (prezidentin namizəd olmayacağı halda) bir nəfərin bayrağı altında birləşdirilməsi və nəzarətdə saxlanması prosesinə daha çox oxşayır.
Məlumata görə, yaxın vaxtlarda bu proses naxçıvanlıların çox olduğu digər icra strukturlarında da başlayacaq. Bundan sonra regional və klan qruplaşmaları bir mərkəzlərdə toplanacaq. Yeri gəlmişkən, Rusiyada prezident postu Medvedyevdən Putinə keçəndə də baş verən proses diqqətdən yayınmamalıdır. Putinin Kremlə qayıdacağı dəqiqləşəndən sonra RF Prezident Administrasiyasının rəhbəri Dövlət Dumasına, Leninqrad qubernatoru Yuxarı Palataya rəhbər gətirildi. Bir sıra nazirlər Putinə qədər dəyişdirildi, digərlərini, hətta ən yaxın adamlarını isə o özü dəyişdi.
Azərbaycan hakimiyyəti isə ciddi dəyişikliklərə hələ ki, qərarlı görünmür. Əgər gələn il İlham Əliyev 30 noyabrda müavin təyinatı verdiklərinə nazir, mer də postunu da versə, bəzi iri məmur-oliqarxları isə işdən çıxara, onda bu, yeni prosesin başlanması, hansısa qərarların qətiləşməsi demək olacaq.
Yekun olaraq 30 noyabr da hazırlıqdır. Amma nəyə hazırlıq?
musavat.com