“Vikiliks” rəhbəri barədə son durum hansı ölkənin siyasətini çalxalayacaq?
Respublikaçılar Partiyasından (ABŞ) olan keçmiş konqresmen Dana Rohrabaşer 2017-ci ilin avqust ayında Ekvadorun Londondakı səfirliyində “Vikiliks” rəhbəri Culian Assancla görüşərək ona Donald Trampın əfv şərtlərini çatdırıb. Bunu Assancın vəkili Edvard Fitzcerald məhkəmədə çıxışı zamanı deyib.
Vəkilin sözlərinə görə, Tramp əfv şərti olaraq Assancın Demokratlar Partiyasına aid e-maillərin sızdırılmasında Rusiyanın rolunu rədd etməsini istəyib. Hakim Vanessa Baraytzer Assancın vəkilinin səsləndirdiyi iddianı dəlil kimi qəbul edib. Ağ Evin mətbuat katibi Stefani Qrişem məsələ ilə bağlı açıqlama verib. Qrişem bildirib ki, Trampla Rohrabaşer arasında nəinki bu barədə, ümumiyyətlə, heç bir söhbət olmayıb: “Bu xəbər tamamilə uydurma və yalandır. Bu, bəlkə də Demokratlar Partiyasının başqa bir tələsidir”.
“Amerikanın səsi” isə xəbər verir ki, Culian Assancın vəkili hakimə onun 11 dəfə əllərinin qandallandığı, 2 dəfə çılpaq soyundurulduğu və ekstradisiyası ilə bağlı məhkəmə dinləmələrinin ilk günü bütün sənədlərin qarşısından götürüldüyü barədə şikayət edib.
Vəkil Edvard Fitzcerald hakimə bildirib ki, Assanca həbsxanada göstərilən münasibət məhkəmə prosesinə hörmətsizlikdir. Fevralın 24-də ABŞ-ın tələbi ilə ekstradisiya dinləmələrinə start verilib.
Məhkəmə prosesində hakim Amerikanı təmsil edən vəkillərin iddialarını dinləyir. Casusluq və hakerlikdə ittiham edilən Assanc Dövlət Departamenti və Pentaqonun ABŞ-ın İraq və Əfqanıstandakı hərbi əməliyyatları barədə məxfi məlumatlarını açıqlamaqda günahlandırılır. Hakim Venessa Bareytser Assanc bir neçə ay davam edəcəyi gözlənilən məhkəmə prosesində iştirak etməyincə hərəkət etmək gücünə sahib olmadığını söyləyib.
ABŞ prokurorları WikiLeaks-in redaktə olunmamış sənədlərini dərc etməsi ilə adları hallanan ABŞ kəşfiyyat mənbələrini ölüm riski altına aldığını bildirib. Assanc 1-ci düzəlişin müdafiəsi altında jurnalist kimi fəaliyyət göstərdiyini deyib.
Onun vəkilləri iddia edir ki, 175 il həbsi nəzərdə tutan ABŞ-ın ittihamları vəzifədən siyasi motivli sui-istifadədır.
Vəkillər bundan əlavə Assancın insan həyatlarını riskə atmasını da rədd edib.
Vəkil Mark Sammers deyib ki, WikiLeaks 2010-cu ildə də media şirkətləri ilə çalışıb və redaktə edilmiş sənədlərin məcmuəsini dərc edib.
Assanc ilk dəfə 2010-cu ildə Londonda İsveçin tələbi ilə həbs edilmişdi. O zaman o, iki qadının zorlanması və seksual təcavüzdə ittiham edilmişdi.
2012-ci ildə Ekvadorun Londondakı səfirliyinə sığınan Assanj o ölkədən siyasi sığınacaq ala bilməmiş və Britaniyaya təhvil verilmişdi.
O vaxtdan bəri Assanc xüsusi rejimli həbsxanada saxlanılır.
Qeyd edək ki, Assanc 2019-cu ildə Ekvador tərəfindən Britaniyaya təhvil verilib. Britaniya isə onu ABŞ-ın tələbi əsasında həbs edib. Vaşinqton Assancı casusluqda və məxfi informasiyanı yaymaqda ittiham edir.
Bəs kimdir dünyanı lərzəyə gətirən, onu barmağında oynatmaq istəyən bu adam?
“Yeni Müsavat” Assancın bir-birindən ilginc detallarla zəngin dosyesini təqdim edir. Assanc 1971-ci ildə Avstraliyada anadan olub. Uşaqlıqda riyazi istedadı ilə seçilirdi. Ancaq bu ona həm də çətinliklər yaradıb. 24 yaşında kompüter quldurluğuna görə məhkəməyə çıxarılıb, bir neçə min dollar cərimə ilə həbsxanadan qurtula bilib.
Sonra 3 il Akademiyaların üzvü olan Suelette Dreyfusla internet araşdırmaları aparıb, onların bestsellerə çevrilən birgə kitabı da çıxıb. Dreyfus deyir ki, Assancı həmişə mənəviyyat, ədalət və hökumət nə edə bilər, nə edə bilməz sualları maraqlandırırdı. Assanc daha sonra Melburn Universitetində riyaziyyatdan və fizikadan kurslar aparıb. Yerli riyazi cəmiyyətin sevimlisi olub.
Assanc Wikileaksdə çalışmağa 2006-cı ildə başlayıb. O, müxtəlif ölkələrin məxfi hökumət sənədlərini çap edirdi. Həmtəsisçi Daniel Şmidt deyir: «Assanc dünyada həqiqi islahat etmək istəyən çox az adamdan biridir».
New Yorker jurnalının reportyoru Raffi Xatçaduryan bir neçə həftə Assancı müşayiət edib. O deyir ki, Assanc yemədən, çox az yatmaqla uzun müddət işləyə bilir. Assancın öz ətrafında yaratdığı bu işgüzar atmosfer hamını ona kömək etməyə sövq edir.
Reportyorun fikrincə, Assancın iki üstünlüyü var- xarizma və ətrafında yaratdığı bu mühit.
Assanc 2011-ci ildə 240 min funt sterlinq zəmanət qarşılığında Londonda ev dustağı həyatı yaşayıb. Onun pasportu əlindən alınıb, yaşadığı evdən belə çıxmasına qadağa qoyulub. O hər gün London polisinə hesabat verməli və elektron qolbaq taxmalıdır.
“Wikileaks” saytında yüz minlərlə qalmaqallı sənəd dərc edildikdən sonra məşhurlaşan Culian Assanc 2007-ci il dekabrın 7-də Londonda İsveç tərəfindən verilmiş order əsasında həbs edilib. Dekabrın 16-da London məhkəməsi onu girov müqabilində azadlığa buraxıb. O vaxtdan qalmaqallı saytın yaradıcısı Londonun şərqində biznesmen dostu Von Smitin evində faktiki ev dustaqlığında yaşayıb. Stokholm prokurorluğu onun İsveçdə seksual xarakterli cinayətlərlə bağlı dindirilməsi üçün bu ölkəyə verilməsini tələb edir. Culian Assanc isə 2012-ci ildə Ekvadorun Londondakı səfirliyinə gedərək, Latın Amerikası ölkəsindən siyasi sığınacaq istəyib.