Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bəyan edib ki, İrandan Azərbaycana gələn 4 nəfər Kliniki Tibbi Mərkəzin xüsusi ayırılmış tibb müəssisəsinə yerləşdirilib.
BAKU.WS xəbər verir ki, şəxslərin heç birində koronavirusa (Covid-19) yoluxma halı qeydə alınmayıb.
Səhiyyə Nazirliyi ölkə vətəndaşlarından məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədilə sosial şəbəkələr vasitəsilə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edib. Buna rəğmən bəzi şəxslər koronavirusla bağlı böyük həyəcan keçirir və virusa yoluxmaqdan narahat olurlar.
Mövcud vəziyyətdə həkim psixoterapevt, klinik psixoloq Əli Nağıyev sosial şəbəkə vasitəsilə koronavirusla bağlı müraciət ünvanlayıb. O, müraciəti zamanı əhalini təşvişə düşməməyə və koronavirusla bağlı ÜST-ün məlumatlarını oxumağa çağırıb.