Əgər qaçqın və məcburi köçkünlərə yüksək səviyyədə dövlət qayğısı varsa, onları yeni evlərdə yerləşdirib mebellə, qazla, işıqla, meqabaytla, piksellə təmin eləmişiksə, rayonları da, inşallah, yavaş-yavaş geri qaytarırıqsa, Kəlbəcər icra hakiminin bahalı avtomobil almaq istəyi bu qədər mənasız söz-söhbətə səbəb olmamalıydı. Azərbaycan xalqını başa düşmək olmur.

Siz nə istəyirsiniz axı? Bir yandan hamısı kamera görəndə yaradılmış şəraitə görə dərin minnətdarlığını bildirir, başqa yandan internetə-zada girəndə filə dönürlər, başlayırlar icra hakiminin qarasınca danışmağa. Halbuki sizə o müsbət şəraiti elə o icra hakimləri yaradıblar. Bəy dediyin nədir, bəyənmədiyin nədir? İcra hakimi olduqca məsuliyyətli vəzifədir. İcra hakimi olmasa rayonda anarxiya baş qaldırar, quşlar oxumaz, çiçəklər açılmaz, buludlardan yağış damcılamaz, camışlar süd, qoyunlar yun, toyuqlar yumurta verməz. İcra hakimi nəinki məsuliyyətli, hətta deyərdim şərəfli və ağır peşədir. Gəlin onları sevək, qayğılarına qalaq. Dünyada icra hakimi olmayan dövlətlərin hamısı xaraba günündədir.

Bir icra başçımızı da bundan azca qabaq hoydu-hoyduya götürmüşdülər, nədir-nədir kişi dağətəyi çəmənlikdə hansısa tədbiri xalça üstündə keçiribdir. Hırla zırın fərqini bilməyən, iki eşşəyin arpasını bölməkdə çətinlik çəkən müxbir yazmışdı ki, çiçəkli bir çəmənliyə xalı sərmək qudurğanlıq əlamətidir. Burada haşiyə çıxaraq arpa məsələsində gözlənilən narahatlığı bölüşmək istəyirəm. Deyir, rayonlarda arpa yığımında azalma vardır, üstəlik, tədarük edilən arpanın çoxunu İran, İraq, Burundi və Madaqaskara ixrac edirik, nəticədə öz toyuqlarımızın yemi azalacaq, toyuq və yumurtanın qiyməti qalxacaqdır. Pis xəbərdir. Həm də arpa bahalaşanda iki eşşəyin arpasını bölmək xüsusilə çətin olacaqdır. Ümid edək, müxalifət bu temada hansısa dəyirmi masa, etiraz aksiyası keçirsin.

Salyanın bir icra başçısı var idi, xatırlayırsınızmı? Yazıq adama nəyin üstündə vedrə bağladılar? Salyanın 2500 illiyini qeyd edərkən əlində qızılgül tutmuş cavan oğlanları cərgə ilə düzmüşdü, özü də həmin güllərin altından keçmişdi. Sanardın Mark Antoni təzəcə Misirdən, Kleopatranın yanından qayıdıb Romaya varid olur. Maraqlı persona idi, şəhərdə gəmilərin yürüşünü, cürbəcür karnavallar düzəldərdi. Bəs indi bunlar varmı? Yoxdur. Heç Salyanın 2505 illiyi də kimsənin yadına düşmür. Biz belə icra başçılarının, o cümlədən başqa məmurların qədrini bilməliyik, pirə gedib nəzir verməliyik. Ermənistan boşalır, Suriya dağılır, Almaniya titrəyir, yenə bunlar yeyib doyublar, başqası gəlsə nə olacaq?

Əslində mən sizə sirr açım, burada paxıllıq da mühüm rol oynayır. Uca millətimizin hər bir övladı yaxşı bilir ki, o icra hakiminin yerində özü olsa 200 minlik yox, lap 2 milyonluq maşını qapazlayar, uf da deməz. Biz özümüzü olduqca yaxşı tanıyırıq. Gözütoxluq, nəfsimizə yiyə durmaq məsələsində söhbətlərimizin hamısı əfsanə, ucuz demaqogiyadır. Kökü çox dərində olan məsələdir. Nağıllarımızı yada salın. Keçəlin əlinə mütləq nəsə bir fırıldaq keçməli idi, o da bunun sayəsində bir daşı qızıldan, bir daşı gümüşdən, qırx otaqlı, başı buluda çatan saray tikməli idi. Minimum padşahın qızını basmarlamalı, qanadlı ata minməli, toyu yeddi gün yeddi gecə “Divxana” şadlıq sarayında çalınmalıydı. Ta bir az gözü tox, sadə yaşasın – mümkün deyildi. Artıq tamahın baş yardığını da bu millətdən yaxşı bilən yoxdur, ancaq nə sirdisə tamahına yiyə duran adamlar tariximiz boyunca həddən az olmuşdur. Məsələn, bu dəqiqə mənim yadıma cümhuriyyətin baş naziri Nəsib bəy Yusifbəylidən başqa kimsə düşmədi.

Birini də xatırladım. AXC-Müsavat cütlüyü dövründə Qazax rayonunun icra başçısı işləmiş Cavanşir Carçıyev. Adam icra başçısı işləyəndə xanımı həyətyanı sahəsində hinduşka saxlayıb bazarda satırmış. O dərəcədə tamahsız, gözütox adam olublar. Təsəvvür edə bilirsinizmi? Başa düşürəm, çətindir.

Загрузка...