Moskvadakı iki nəfərin ölümü ilə nəticələnmiş atışma barədə yeni məlumatlar əldə edilib.
“Komsomolskaya pravda”nın yazdığına görə, aprelin 25-də Moskvada metronun “Novıye Çeremuşki” stansiyası yaxınlığında atışma olması barədə polisə məlumat daxil olub.
Hadisə yerində odlu silahdan açılmış atəş nəticəsində ölmüş iki kişi meyiti aşkarlanıb. Məlumata görə, insident yeraltı keçidin yaxınlığındakı bağda olub. Hadisə şahidlərinin dediyinə görə, iki nəfər yüksək səslə mübahisə edib, sonra onlardan biri “Naqan” markalı tapançadan atəş açaraq öncə qarşısındakını, daha sonra özünü öldürüb.
Ölənlərin şəxsiyyəti artıq müəyyənləşdirilib. Onların hər ikisi azərbaycanlıdır. Atəş açan Rəsul Abdullayev, öldürülən şəxs isə Vaqif Hümbətovdur.
Öldürülən şəxsin cibindən Moscow Times nəşrinin əməkdaşı olduğunu bildirən saxta jurnalist vəsiqəsi tapılıb.
TASS məlumat verir ki, Moscow Times-ın əməkdaşı Daniel Kozin Vaqif Hümbətovun onların əməkdaşı olmadığını qeyd edib. Jurnalist vəsiqəsinin isə saxta olduğunu söyləyib.
Rusiyanın Moskva üzrə İstintaq İdarəsindən bildirilib ki, faktla bağlı “Qətl” və “Qanunsuz silah daşıma” maddələri ilə cinayət işi açılıb.
Hadisəyə qan davasının səbəb olduğu ehtimal edilir.
Xatırladaq ki, daha öncə Teleqram kanal -112 ölənlərin Ermənistan vətəndaşları olduğunu bildirmişdi.