Nemət Pənahlının dejavusu

“Bulanarıq, durularıq,

Sökülərik, qurularıq.

Vuran vurar, vurularıq

Özümüzə bir də, bir də”

(Mətləb Nağı)

Tarixin təkrar olunması, xüsusən bir millət ondan dərs almırsa, ikinci dəfə komik, üçüncü dəfə faciə (dramaturji yerlər tərsinə də ola bilər – dəqiq yadımda qalmayıb) şəklində təkrarlanması haqda müdrik fikir var. Bizdə də bir çox hadisələr təkrarlanır. Misal üçün, təzəlikcə Azərbaycan Xalq Hərəkatı adlı qurumun İdarə Heyəti üzvlüyündən Nemət Pənahlının çıxarıldığını oxuyanda sanki bunu haçansa gördüyümü düşündüm. Haçan? Xeyli düşündüm və yadıma saldım. 1990-cı ilin əvvəlində yeni yaradılmış Azərbaycan Xalq Cəbhəsinin idarə heyəti üzvləri seçilmişdi, lakin Nemət müəllim ora düşə bilməmişdi – AXC-dəki canavarlar onu yeyib üstündən su içmişdilər. Nemət müəllim də bundan narazı qalıb, Bakıda müxtəlif qızışdırıcı hərəkətlər edənlərin önünə çıxmışdı, sonradan o hərəkətlər də qatil Qorbaçova Azərbaycanda silahlı ordu tətbiqinə bəhanə vermişdi. Əlbəttə, indiki şərtlər başqadır, Nemət müəllimin AXCP sədri Əli müəllimlə yaxınlaşması da Putinin Bakıya ordu yeritməyinə səbəb olmaz, lakin adam sanki 30 illik dejavyu yaşayır. Necə olur ki, Nemət müəllim o vaxt AXC idarə heyətinə düşməmiş, indi də AXH idarə heyətinə girə bilməmişdir? Əcəb işdir. Axı məntiqlə Nemət müəllim ən azı o zamanlar AXC idarə heyətinə düşməyi haqq edirdi, çünki Meydan hərəkatının tozanağı hələ yatmamışdı, o karikatur xalq hərəkatının liderlərindən biri, hətta uzun müddət əsas lideri isə elə Nemət müəllim olmuşdu. Sanki əziyyət çəkib ticarət mərkəzi qurursan, başqası gəlib orda dükan açır, sən də qıraqdan yana-yana baxırsan (aktual temadır, uzun müddət işimizi ancaq ticarət mərkəzləri üzərindən quracağıq).

Ancaq, əlbəttə, ötən yazılarımda qeyd elədiyim kimi – mən də təkrar yazıram, nə edə bilərik – bizdə tarixin, zamanın, məkanın yiyəsi dövlətdir. O cümlədən, adamların. Dövlət istəyər, sən müxalifət olarsan, dövlət istəməz – heç zad olarsan. Odur, neçə gün yanan ticarət mərkəzinin yiyəsini axtardıq, tapa bildikmi? Yox. Çünki düzgün yerdə axtarmırdıq! Axtarmaq hələ işin yarısıdır, düz yerdə axtarmasan ola bilər bütün ömrünü boşuna, yelə verəsən gedə. Bu haqda Molla Nəsrəddin babamızın yaxşı lətifəsi var, deyir, bir gün Molla qiymətli üzüyünü itirir, başlayır gəzməyə. Gəzir-gəzir, tapmır, köməyə gələn camaatdan biri soruşur ki, bəlkə xatırlayasan, hara qoymuşdun, nəsə nişanə var idimi. Molla deyir: “Əlbəttə, var idi, üzüyü qoyduğum yerə buludun kölgəsi düşmüşdü”. Məncə biz də 30 il qabaq Qarabağı eləcə bulud kölgəsi ilə işarələdiyimiz bir yerə qoyub getmişik. Qanınızı qaraltmaq istəmirəm, halbuki, bu dəqiqə sevinmək üçün əsaslarımız var: ticarət mərkəzinin yiyəsini tapmışıq! Dövlətimiz imiş!

Elə bu dövlətin yiyə durmaq məsələsi də bizi uzaqlara aparır. SSRİ vaxtında necə idi? Hər şey dövlətə məxsus, ümummilli əmlak idi. Ancaq bizim başımızı pozdular, guya müstəqil, özəl təsərrüfat qurmağı, azadlıq kimi axmaq keyfiyyətləri təbliğ-təşviq etdilər. Nəticədə kolxozu dağıtdıq, hərəyə bir-iki sot torpaq, bir-iki qotur dana, qırıq kotan-zad kimi şeylər düşdü. Bundan heç zad hasil edə bilmədik, axırda yenə dövlət baba gəldi, camaatı birləşdirib yeni adla aqrofirmaları, mahiyyətcə kolxozları qurmağa başladı. Sənaye məhəllələri, orda-burda dövlət xətti ilə açılan zavodcuqlar da əslində köhnə sosialist əmlakının, proletar sinfinin bərpasıdır. Planlı iqtisadiyyat da var: üçillik-beşillik planlar vaxtaşırı elan edilir.

Bunun axırı isə yenə müstəqilliyə gedir, biləsiniz. Çünki bu camaat tənbəldir, işləmək istəmir. Deyir elə ver yeyim, ört yatım, gözlə canım çıxmasın. Azadlığın məsuliyyətini daşımaq istəmirlər. Aktyorlar var, müftə təqaüd yeməkdən qarnı səhnəyə sığışmır. Jurnalistlər yazı yazmaq əvəzinə, növbəti binanın tikintisini gözləyirlər. Şairlər qafiyə tutmur, milçək tuturlar. İndi dükançılar da belə. Daha mal gətirib, əziyyət çəkmək nəyə lazım? Gördün alver getmir, dükanı yandır, “tazə gülüstan tələb eylə” – bu ili adına keçirmiş rəhmətlik şair demişkən. Nəticədə SSRİ-nin axırlarındakı kimi tənbəl millət, dağılmış iqtisadiyyat, nəhəng bürokratik partnomenklatura aparatı yaranacaqdır.

Məncə, Nemət müəllim hövsələ eləsə, təzədən camaata şpaqat açdıra biləcəkdir. Hələ bir az tezdir. Yenidənqurmaya təzə start vermişik.

Загрузка...