Sosial təhqiratlar

“Ay küçə,

Bu gecəBir qərib keçəcək səndən.

Diksinib eləmə –

ayaqları yalındı”.

(Rauf Qaraişıq)

Sosial Tədqiqatlar Mərkəzinin yaradılması, xüsusən də bunun 14 fevral ərəfəsində edilməsi və idarəyə Zahid Orucun müdir qoyulması bir daha sübut edir ki, iqtidar xalqı düşünür, xalqın problemlərini araşdırıb nəticələr çıxartmağa çalışır. AXC-Müsavat dövründə belə mərkəz yox idi, o üzdən yıxıldılar. Xalqın rəyini öyrənmək, camaatın nə fikirləşdiyini bilmək idarəçilikdə önəmlidir, çünki hələlik xalqsız dövlət qurmaq mümkün olmayıbdır. İnşallah… Xalqın səsi isə dövri-qədimdən siyasətçiləri düşündürübdür, misal üçün, Qədim Romada buna “vox populi” adı qoymuşdular. Sonralar belə latın ata sözü də yaranmışdır: “Vox populi vox Dei”. Tərcüməsi “Xalqın səsi, Tanrının səsidir” deməkdir.

Zahid müəllimin xalqa yaxınlığı isə dəfələrlə isbata yetmişdir. Həmişə o, parlamentdə xalqın səsini qaldırıbdır, buna görə təzyiqlərə məruz qalıbdır. Srağagün spiker Oqtay Əsədovun bu vəzifə münasibətilə Zahid müəllimi təbrik etməsinə, qutlamasına o qədər də səmimi hərəkət kimi yanaşmayın. Dəfələrlə biz şahid olmuşuq, Oqtay müəllim Zahid müəllimin sözünü kəsibdir. Hətta bir ara ona danışmaq qadağası qoymuşdu. İndi nə oldu, vəzifə alan kimi təbrik etdi? Əlbəttə, çəkinməyə haqqı var. Nəinki spikerin, elə hər bir vəzifəli şəxsin. Çünki indən belə Zahid müəllimin əlində təkcə xalqdan aldığı deputat mandatı yox, dövlət başçısından aldığı Sosial Tədqiqatlar Mərkəzi sədrinin mandatı da vardır. Özü də mən düşünürəm, ikincisi daha təhlükəli mandatdır. Misal üçün, Zahid müəllim sosial təhqiqatlar nəticəsində xalqın narazı qaldığı konkret şəxsləri aşkara çıxarıb rəhbərliyə təqdimat yazarmı? Yazar. Ona etimad və etibarı elə buna görə göstəriblər. Sözgəlişi, Zahid müəllim 20 ilə yaxındır deputatdır, lakin bir jurnalist çeçələ barmağını qatlayıb deyə bilməz ki, onun filan-filan yerlərdə dükanı-zadı vardır. O cümlədən, özü də daim tənqidlərə açıqdır, müzakirələrdən çəkinmir. Örnək üçün, haçan baxsan, istənilən platformada (buraya Amerikanın radioları da daxildir – halbuki, başqa iqtidar nümayəndələri o radioların efirindən qorxurlar) hakimiyyəti müdafiə etməyə çalışır. Onun bir dəfə parlament seçkilərindəki şüarı isə dillərdə dastan olmuşdu: “Ramazanda oruc, seçkidə Zahid Oruc!”. Partiya rəhbəri Fəzail müəllim bu şüardan təsirlənərək “Seçkidə Fəzail Ağamalı, Gününüz olsun ağlamalı!” şüarını irəli sürmüş, yaxşı səs toplamışdı. Hərçənd, mən düşünürəm ki, bu tip seçki şüarlarının içərisində ən maraqlısını vaxtilə cəbhəçilər fikirləşmişdi: “Ümid var Kələkiyə, Səs versək Elçibəyə!”.

Uzun sözün qısası, sosial təhqiqatların aparılması yaxşıdır, ancaq bizim bir həlli vacib problemimiz də vardır, bu isə sosial təhqiratlardır. Bildiyiniz kimi, hazırda camaat internetə, yutuba daraşıb bir-birini söyməyə girişibdir, xaricdən maliyyələşən bir qrup yaramaz isə iqtidar nümayəndələrini daha çox söyürlər. Deputatlardan Səyavuş müəllim təzəlikcə buna diqqət çəkdi, iqtidardan ev almış jurnalistləri o söyüş nöqtələrini susdurmağa səslədi. Məncə, haqlı tələb idi, dünyada müftə heç zad yoxdur. Müftə pendir siçan tələsində olur – bunu ingilislər deyiblər. Fikrimcə, həmin tiplərin söyüş pulemyotlarına sinə gərən Matrosov, Gəray Əsədov kimi oğullarımız az deyildir, ancaq bunların hansısa bir idarəsini yaratmaq, əks-mübarizəni mərkəzləşdirilmiş formada aparmaq yaxşı olardı. Sosial Təhqiratlar Mərkəzində, əgər etimad göstərilsə, çalışa bilərəm – yaxşı söyüşlər bilirəm. Lakin bunun əvəzində ev istəmirəm, hesab edirəm, mənə küçə verilməlidir. Yox, acgözlük etmirəm, etsəm mikrorayon istəyərdim. Sadəcə, mən bir-iki dəfə səbrimi basıb o tərbiyəsiz söyüşcülər dəstəsinə azca qulaq asmışam, hamısı küçə uşaqlarıdır. Küçə uşaqlarına cavab vermək üçün adamın gərək şəxsi küçəsi olsun.

İndi söz əlaqədar təşkilatlarındır.

Загрузка...