Keçmiş baş nazirimiz Artur müəllim adından fərqli olaraq xalqın içindən çıxmışdı, ona görə camaatın dərd-sərini, yemək-içməyini, yatıb-durmağını yaxşı anlayırdı. Görürdün inflyasiya oldu, deyirdi qışda təzə xiyar yeyirsiniz, qiymətlər qalxır, zəhmət çəkin turşu xiyar yeyin.
Deyirdi mən özüm həmişə qışda turşu yeyirəm (bununla həm də bizə turşu yeməyin sağlamlığa ziyanı haqda çərənləyən bəzi başabəla alimlərin ağzından vururdu – ziyan idisə, ona niyə eləmirdi?) Ancaq təzə baş nazirimiz Novruz müəllim də adından fərqli olaraq xalqımıza yaxın sayılmaz. Fransız dili, beynəlxalq əlaqələr üzrə çalışıb. Hətta Vaqif Mustafayevin “Fransız” kinosunda Fransa səfiri rolunu oynayıb. Bir növ, “obrazovonski” tipdir. Firənglərdən bizə haçan xeyir gəlib? Odur, Fransa prezidenti Makrona ermənilər təzəlikcə düdük bağışladılar, indi bir müddət onu çalıb baş-beynimizi aparacaqdır.
Elə Novruz müəllimin idarəsinin – Nazirlər Kabinetinin son qərarlarından birinə məhz bu xalqa yabançılıq kontekstindən yanaşdıq. Qərar camaatın meşədən yabanı bitkiləri, cır meyvəni-zadı toplamasına aid verilmişdi. Deyir əgər sən meşədən bir armud qoparsan bunun hesabını ayıya… üzr istəyirəm, hökumətə verməlisən. Vergi, rüsum, nə bilim nə… Göbələk yığasan, şabalıd qırasan, əzgil toplayasan, bunlar heç olmazmış. Doğrusu, NK bu qərarı hansı ağılla vermişdi, meşələrə, heyvanların ovlanmasına nəzarət edə bilməyən idarənin torbasında itburnu aparan kəndlini tutub necə cərimə edəcəyi maraqlı idi. Ancaq rəhbərlik qərarı ləğv elədi, icra üsulundan xəbərsiz qaldıq. Bizdə belə administrativ əsrarlar çoxdur, misal üçün, konstitusiyada hakimiyyətin mənbəyinin xalq olması yazılıbdır, lakin xalq bunu necə eləməlidir, eləsə nə alınar – heç kim bilmir. Meşədən əzgil yığan adamın cərimələnməsi bələdiyyəyə özü seçilən adamın fəaliyyəti ilə təxminən eyni reaksiya doğurmalıdır. Bir az qəliz cümlə oldu, ancaq oxucularıma güvənirəm, onlar məni yaxşı anlayır.
Seçki demişkən, Mərkəzi Seçki Komissiyası seçici siyahılarını dəqiqləşdirdiyini açıqlayıbdır. İlin axırına qədər bələdiyyə seçkisi olmalıdır, deyəsən, ona görədir. Ya da qanuna görə hər ilin başında seçici siyahısı dəqiqləşməlidir – dəqiq bilmirəm hansı səbəbdən edirlər. Bütün hallarda Məzahir müəllimi qınayırıq. Nəyi dəqiqləşdirirsən? Buna ehtiyac yoxdur. Bizdə seçici siyahısı 26 ildir dəyişmir ki. Seçən kimdir, seçilən kimdir, hamı gözəl bilir. Əksinə, bu cür dəqiqləşmə olanda xaricdəki “Firidun haus” təşkilatı kimi xaricdən maliyyələşən qara qüvvələr fəallaşır, ölkəmizə mız qoyurlar. Deyirlər orada insan haqları pozulur, filankəsi siyahıya salmadılar, behmənkəsi tutdular, nə bilim sizin it bizim örkəni apardı… Bu baxımdan, yaxşı olardı rəhbərlik seçki-siyahı oyunlarını itburnu qanunu kimi ləğv edəydi. Vallah, səmimi sözümdür. Büdcəyə də artıq yük düşür. Onsuz biz bilirik Rusiyadan keçən il gələn 900 min turistin neçəsi azərbaycanlıdır. O cümlədən küçədə o qədər “Quççi” geyinib gəzən qaqaşlar var, bunları “Ledi Şarm”dan yox, “Cümhuriyyət” supermarketindən alsalar nə xeyrimiz olacaq? Əsas odur müstəqilliyimiz qorunsun. Adını nə qoyursan qoy.
Sözgəlişi, dünən xəbər başlığında KXDR-i çaşıb KXCP kimi oxumuşam. İstərdim hörmətli oxucularım bunu da bilsin – zəruri informasiyadır. Demək, xəbərdə Amerikanın müdiri Trampın Şimali Koreyanın kolxoz sədri Kim müəllimlə hansısa görüşlərindən bəhs olunurdu, başlıq isə belə idi: “ABŞ-KXDR arasında növbəti sammit filan vaxt olacaq”. İnandığınız haqqı, elə bildim bizim Klassik Xalq Cəbhəsi Partiyamızın sədri Mirmahmud ağa Trampla görüşəcək. Belə göz aldatmaları olur.
Mən aldandım, siz gözünüzdən muğayat olun. Meşəyə də çalışın getməyin – o qədər çaqqal var…