“Bu kişi məndən bir manat aldı, ancaq çığırtması dəyərdi iki manata. Sonra eşitdim ki, Qarabağda bir cür quş var, adına sağsağan deyirlər. Bu çığırtma onun ətindəndir. İnşallah, cəhənnəmdən qayıdan baş yenə Bərdə bazarından ötüb, bir neçə dənə sağsağan alıb Tiflis rəfiqlərimə peşkəş aparacağam”
(Ə.Haqverdiyev, “Xortdanın cəhənnəm məktubları”)
Məktəbin qarovulçusu işləyir. Ayda 15 gün. Bunun əvəzində nə qədər maaş aldığını soruşuram. “167 manat” – deyir. Dünən hansısa qərara görə maaşı artıbmış. 3 manat 50 qəpik. İndi artıq 170 manat 50 qəpik alacaqdır. Fantastik maaş və böyük artımdır. Bunu toplasa 500 ilə “Gəlindabavagen” maşını da ala bilər – oliqarxlarımız sürəndən. Ancaq naşükürlük edir, uğurlarımızı görmək istəmir. Deyir bu maaşla necə ailə saxlamaq olar? Keçən ilin dekabrına qədər ünvanlı sosial yardım alırmış, onu da kəsiblər: “İdarə dedi sən maaş alırsan, ona görə yardım düşmür. Fonda şikayət yazmışam”. Doğrusu, ünvanlı yardımın miqdarı nə qədər imiş, soruşmağa vaxtım olmadı. Bəlkə işdən çıxıb yardım alsın? İşdən çıxa bilərmi? Bəlkə də yox.
Düşünürəm o qoyun-dana yardımı proqramını şəhərdə tətbiq eləmək yaxşı olardı. Niyə təkcə kəndlilərə belə iş imkanı yaradılır? Biz şəhər camaatı da tələb edirik, saxlamaq üçün o arıq qoyunlardan bizə verin. Parkda otararıq. Qoyun ildə iki dəfə doğar, hər qoyundan 1000 kilo yun qırxıb, hər 100 qoyundan 110 bala alaraq ili əmək zərbıçisi kimi başa vurarıq. Qəzetlər bizdən yazar. Hərçənd, qəzetçi olaraq öz əmək qəhrəmanlığım haqda özüm də yaza bilərəm: “Səhər günəşin şəfəqləri paytaxtın göydələnləri arasından süzülərkən çoban Zamin quzuları parkın çəmənliyinə çıxarır. Skameykada oturub tütəkdə Çoban Bayatı çalır. Quzular mələşir, çoban xəyala dalır. O, kosmosun ənglinliyində süzən üçüncü peykimiz, regionların inkişaf proqramı və xaricdən maliyyələşən mənfur qüvvələr haqda düşünür. Ümid edir ki, gələn Novruzda quzuları Cıdır düzündə otaracaq, bizsiz çiçək açmayan, 26 ildir torpağın altında kəşfiyyatçı kimi gizlənib bizi gözləyən xarı bülbülü görəcəkdir”. Necədir? Özüm uzatmıram, bu dəqiqə xalqlarımız arasında sülh danışıqları gedirmiş, ziyan olmasın. Yoxsa dastan yazardım.
Əslində süjetimiz o qədər uydurma deyil. Bakıda bir istirahət parkı tanıyıram, oranın zəhmətkeşləri parkın içində müəyyən hissəni tikanlı məftillərlə (cəbhə zonasıdır sanki – paytaxtımızda tikanlı məftillərlə əhatə olunan yerlər çoxdur və bunlar hərbi hissə, türmə deyil) əhatələyib badımcan, kartof, göyərti, bibər və başqa tərəvəzlər əkirlər. Yaşamaq lazımdır. Qoy millətdə ruh yaşasın! Şam əgər yanmırsa ünvanlı sosial yardım almalıdır.
Peşəkarlığımız dünya əmək bazarında da özünü göstərir. Misal üçün, görürsən bir azərbaycanlı xanım gedib Amerikada diş həkimi işləyir. Respublikamızın adını dünya meridianlarına yazır. Əgər Amerikada diş həkimi tapılsaydı, bizim kadrlara ehtiyac olardımı? Olmazdı. Yaxud, görürsən qardaşımız gedib Britaniyada yutuber işləyir. Hər gün səhər durub kameranı açır, canlı yayıma girib başlayır söyməyə. Günortaya qədər tək söyür. Nahara çıxanda efirə başqa mühacir qardaşımızı qoşur. Əlbəttə, özü də efiri tam tərk etmir, arada gəyirərək yayıma girir. O söyür, bu söyür. Sonra burdan onlara cavab olaraq söyürlər. Kim yaxşı söysə onun izləyicisi artır. Özü də bu söyüşənlər duet şəklini alıblar. Hərənin bir obyekti var. Çalışırlar bir-birlərinin dükan-bazarına girməsinlər. Axşama doğru studiyaya qoşulub söyənlər çoxalır, aparıcı məcbur olur ekranda balaca-balaca fortuşkalar açsın. Həmin yerlərə canlı yayıma qoşulan təzə dostlarımızın şəkilləri qoyulur. Sutka uzandıqca diskussiya uzanır, bəzən aparıcı ekranı bağlamır, elə orda yatır, görürsən xorultu səsi gəlir. Yuxusunda söyür!
Heç bilmirəm bu temaya hardan gəldik. Əmək bazarından danışırdıq səki. Səki demişkən, son vaxtlar paytaxtımızda səki quruculuğu işlərində bir dirçəliş vardır, kiminsə yadına düşüb ki, şəhər ancaq maşınlar üçün deyil, piyada adlanan məxluqlar da vardır. Buna görə minnətdarıq, müvəqqəti çətinliyə görə üzr istəyirik, Allah Qorbaçovun evini yıxsın!