Загрузка...

Ağsaqqal deputata lakonik və mərifətli cavab variantları

Məsələ budur: söyüş-təhqir terror növüdür. Bu fikirlə razılaşmayanlar ola bilər, amma gerçəkdən də belədir.  Bu və ya digər partiyanın, qrupun, təriqətin üzvləri tərəfindən kütləvi şəkildə söyüləcəyindən qorxaraq ürəyindən keçən haqq sözü deməyən, doğrunu müdafiə etməyən, dünən dediyi düz sözü bu gün danan və ya düzəliş verməyə çalışan adamların ölkəsində yaşayırıq.

Terror nədir? Terror insanları qorxutmaq, gözüqıpıq etmək vasitəsidir. Əgər insanlar təhqir olunmaqdan, söyülməkdən qorxurlarsa, demək, artıq terrora məruz qalıblar. Bunu bir az yumşaldıb “psixoloji terror” da deyə bilərik. Zatən, bütün qanlı-qansız terror aktları insanları qorxutmağa, bir iradəyə tabe etdirməyə yönəlik olur.

Məsələnin elmi-psixoloji-fəlsəfi-sosioloji, eləcə də frazeoloji tərəfini büküb-qatlayıb qoyaq bir kənara, keçək mətləbə.

Son günlər yenə də sosial mediada yeni bir söyüş tufanı qopub. Tufan da deyil, əsl sunamidir, sellənib gedir. Əslində bu şəbəkədə daimi bir söyüş-təhqir təlatümü var, amma bir də görürsən ki, lap qasırğaya çevrilir. Elə də olur ki, istifadçilər 2-3 gün söyməyə kimisə tapmır, darıxır, bir-birini söyürlər. Amma çox çəkmir ki, Allah qismətlərini yetirir.

Xüsusilə Feysbukda xroniki söyülən personalar var. Onlar istifadəçilərin qara dəftərinə çoxdan düşüblər, yaxşı söz deyəndə də söyülürlər.

Elələri də var ki, heç vaxt yaxşı söz demirlər və təbii ki, payları verilir. Belə adamlara mazoxistlər qrupu da demək olar. Artıq söyüşcül istifadəçilər də quşqulanırlar ki, deyəsən, o tip adamlar söyülməkdən ləzzət alırlar,  “incit məni, çevir məni, söy məni” modundadırlar.

Prinsipcə, bu halda söyüşcüllər onlara bu zövqü yaşatmamalıdırlar, amma elə olmur, onlar da söyməsələr ləzzət almırlar. Ona görə də proses, türkün sözü, öz rutin halıyla davam edir.

O gün sosial şəbəkə istifadəçilərin çoxdankı və daimi “sevimli respondenti”, aösaqqal deputat Hadı Rəcəbli yenidən bir söz deyib və fəalların qəzəb şimşəklərini yenidən öz üstünə çəkib.

Sosial şəbəkədə iddia olunur ki, Hadı müəllim belə bir söz deyib: “143 manata bir ay normal yaşamaq olar”.

Feysbuk iştirakçıları müəllimin özünün ayda minimum 2-3 min manat qazandığını əsas götürərək bu fikirlə, yumşaq desək, razılaşmırlar. Ona görə də bir çoxları öz leksikonlarındakı yazılası mümkün olmayan sözləri inci, mirvari kimi ipə-sapa düzə-düzə gedirlər.

Bir neçə ərkim ötən adama daxili poçtla, bəzilərinə açıq şəkildə yazıram ki, söymək olmaz, bu, heç nəyi həll etmir. Cavab verirlər ki, bəs nə edək, oxumursanmı, müəllim nə deyir.

Dönüb bir də oxuyursan, görürsən ki, müəllim əslində belə deyib: “Ehtiyac meyarı 143 manat təşkil edəcək. Hesab edirəm ki, 143 manat normal rəqəmdir”. Düzdür, bu da mübahisəli fikirdir, amma buna aşağıdakı variantlarda rəy bildirmək olar:

1.Bu yanlışdır, 143 manat normal rəqəm deyil, bu pulla 1 ay dolanmaq olmaz;

2.Bu doğru deyil, heç kəs 143 manatla bir ay normal dolana bilməz;

Bu absurddur, 143 manatla yalnız bir həftə dolanmaq olar;

Deputat səhv deyir, bir ay normal dolanmaq üçün adama ən azı 341 (rəqəmlərin tərs düzülüşü) manat lazımdır;

Hadı müəllim özü 143 manatla 1 ay dolana bilərsə, bunu geniş, əyani şəkildə izah etsin;

Cənab Rəcəblinin bu fikri də bundan əvvəlkilər kimi doğru deyil və zərərlidir;

Qoy cənab deputatın özü heç vaxt bu məbləğlə bir ay yaşamaq imtahanı qarşısında qalmasın.

Bax, bu sayaq ifadələri bir az da artırmaq və söyüş söyməmək, təhqir etməmək mümkündür.

Yəqin ki, uzun illər partiya xadimi, parlament üzvü olmuş ağsaqqal adam sinninin bu vədəsində bu cür mübahisəli, qıcıq doğuran fikirlər səsləndirirsə, onu buna vadar edən səbəblər var. Anlayışlı olmaq, haldan anlamaq gərəkdir.

Yoxsa sosial şəbəkə üzvü olmadığından o, onsuz da barəsində deyilən yaxşı-yaman sözlərin heç birini görmür, oxumur. Bəlkə də o, Feysbukda bu cür total şəkildə tənqid (təhqir) olunduğundan da xəbərsizdir.

Ona görə də hər ansı bir adama qarşı tənqidi fikirləri sosial şəbəkədənsə, peşəkar mediada səsləndirmək yaxşıdır. Elə olanda reaksiya da olur.

P.S. Belə durumlarda söyüşlə yanaşı, qarğışlar da səslənir, amma o, bir az başqa söhbətdir.