Загрузка...

“Səadət qibləsi Savalan dağı,

Şərəfdə Kəbətək qazanıb şöhrət.

Kəbə yaşıl geyər, ağ bürünər o,

Çünki ehram tutan geyər ağ xələt”.

(Xaqani Şirvani)

Xaricdən keflənən qara qüvvələrin sayəsində xarici siyasətimizin uğurları üzərinə xal düşməkdədir. Mənə elə gəlir Abel müəllimin əhvalatı Elmar Məmmədyarova qarşı təxribatlar həlqəsində növbəti zəncir idi. Ya da zəncirdə həlqə idi – açığı, adam Elmar müəllim haqda danışanda istər-istəməz dili dolaşır, ana dilini unudur. Nə isə, özünüz baxın: gah XİN-dən diplomatlar xaricə qaçıb (“diplomat xaricə qaçıb” – bu gülünc ifadəni də bayaqkı dil problemimin üstünə yazın) orda yutub kanalı açır, ölkəmizi biabır edirlər. Hətta bir cavan oğlan yalan olmasın, üsyan bayrağı qaldırmışdı, lakin daxildəki müxalifətin çoxillik canavarları onu dərhal parçalayıb sümüklərini gəmirdilər. Ancaq hər halda proses maraqlı idi, o bir abırsız lətifədə deyilən kimi.

Sonra Ukrayna səfirliyimizdə yeyinti, Kiyev prokurorluğuna müraciət qalmaqalı çıxdı. Köhnə səfir remont pulunu yeyibmiş, təzə səfir xoxol qızlarla gəzirmiş və sairə. Bunun tozanağı yatmamış bəzi deputatlar Elmar müəllimin ana dilimizdə danışmaqda çətinlik çəkdiyini gündəmə gətirdilər. Təsəvvür edin. Deputatlar. Naziri tənqid edirdilər. Azərbaycanda belə şeylər üçün mütləq əlaqədar orqanlardan lisenziya almaq lazımdır, əks halda adamın başına torba keçirdib türməyə salarlar. Elmar müəllimin dilini dilim-dilim edən deputatlara isə güldən ağır söz deyən olmadı, hazırda asudə dolaşırlar, yenə vaxtlı-vaxtında gedib düymələri ilə oynayırlar. Deməli, burda nəsə vardı.

Bəs biz xarici işlər nazirimizi bu qovğalı, fırtınalı xarici siyasət dənizinin ortasında qəfil itirə bilərikmi? Əlbəttə. Heç kim bundan sığortalanmayıbdır, o cümlədən sığorta idarəsinin müdiri Mamed müəllim. Sadəcə, ötən yazılarımızda qeyd etdiyimiz kimi, bir nazirin çıxarılması ilə iş bitmir, bu zaman kompleks tədbirlərə ehtiyac duyulur. Misal üçün, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil müəllim bugünlərdə nazir müavini İlqar müəllimi Hökumət evinin qabağındakı sahilə atdı ki, nəhayət, orda cücü-mücülərə yem olsun, çünki 25 ildir nazirliyi basıb yeyərək akulaya dönübmüş. Halbuki, biz elə bilirdik nazirlik, nəhayət, köhnə nazirin adamlarından təmizlənib qurtarıbdır. Qurtarmayıbmış. Bəzi köhnə kadrlar ucsuz-bucaqsız dəhlizlərdə, künc-bucaqlarda, pərdənin dalında, sanuzeldə çanağın altında, katibənin qəbul otağında əkdiyi aşdım-daşdım gülünün içində və sairə mümkün və namumkün yerlərdə gizlənərək təmizləmə prosesindən yayınmaq fikrindədirlər. Ancaq təzə nazirlərin gözündən yayınmaq çətindir. Bu işdə mətbuatın da rolu böyükdür. Gərək biz belə əski kadrları aşkar edib adbaad yazaq, onları silib-süpürsünlər.

Elə nazir var ki, özünə 25 dənə müşavir təyin edibmiş. İndi təzə nazir yazıq bunları qısa müddətə necə təmizləsin? Vallah, çətin işdir. Hələ bəzi müşavirlərin özlərinə müşavir təyin eləməyini də nəzərə alsaq iş qarışır, Anadolu türkləri demişkən, ərəb saçına dönür (turizm sektoruna dəstək verirəm; burda gizli reklam var). Hətta bir nazir özündən qabaqkı nazirdən qabaqkı nazirin vaxtından yaddan çıxıb ştatda qalmış bir şöbə müdirini işdən qovmağa müvəffəq olmuşdur, bu isə idarəçilik təcrübəmizdə unikal rekordlardan biri sayılmağa layiqdir. Ona görə ayıq-sayıq olmalıyıq. Erməni təxribatları, uydurma soyqırım iddialarına vaxtında cavab verməliyik. Vətən dardadır.

Bir də bu işdə tələsmək olmaz. Atalar demişkən, bağban tələsər, rektor vaxtında yetişər. İndi bəziləri Abel müəllimin kreslosu hələ soyumamış onun yerinə əvəz axtarırlar. Dünən saytlarda Abel müəllimin yerinə azı 3 nəfəri “qoymuşduq”. Halbuki, BDU lazım gəlsə 5-10 ay, lap 5-10 il də rektorsuz işləyər, gül kimi də dərs keçilər. Onsuz respublikanı əslində kimin idarə elədiyini hamımız yaxşı bilirik. Bir nəfər işləyir, hamı müftəxor kimi yeyib-yatmaqdadır. O qədər harınlamışıq, hətta ispan şərabı içirik. Burnumuzdan gəlməlidir.

Hələ sən canın, bunun şəraba qoyduğu ada bax: “Savalan”. Elə bil BAB-ın sədridir, Elçibəy-Rəsulzadə yolunun davamçısıdır. Güney Azərbaycan problemini İspaniyada qoyurmuş. Bunun vurulmağında İranın əli olmasın? Deyir şeyx də ordaymış. Nəsə, işlər çox qarışmadan yazını bitirək.