Bəri başdan deyim ki, yaşamaq üçün başqa ölkələrə gedənləri qətiyyən qınamıram.
Mühacirət etmək eşqi insan oğlunun fitrətində var. Dünya binnət olunandan insanlar kütləvi şəkildə qitə-qitə, materik-materik gəzir, köç edirlər, durmaq söhbəti yoxdur.
Şair Nəsimi də “dünya duracaq yer deyil, ey can, səfər eylə” deyəndə təxminən belə şeyləri nəzərdə tuturdu.
Nədənsə həmişə adamlara elə gəlir ki, başqa ölkələr daha yaxşıdır və oralarda yelin əsməsi, qozun tökülməsi daha yayğındır.
Bu saat dünyanın ən firavan, ən rahat ölkələrindən biri Norveçdir, onun sakinləri də kütləvi şəkildə olmasa da, başqa ölkələrdə mühacirət edirlər. Məsələn, son vaxtlar vikinqlər daraşıblar Taylanda. Hər nə niyyətlə gəlirlərsə, qırışmallar ilin yarısını Banqkok tərəflərdə yaşayırlar.
Amerika yaponlarla, çinlilərlə, meksikalılarla, kolumbiyalılarla, ümumiyyətlə, dünyanın 200 dövlətindən gələn mühacirlərlə dolub-daşır. “Qrin-kart” udanın hamısı qaçır ABŞ-a. Hər il bizdə də N qədər adam bu karta ümid edir, axırda umsuq olur, ertəsi il şansını, türkün sözü, yenidən dənəyir.
İntəhası, bir iş var. Keçmişdə deyərdilər: “Eşşəyə minmək bir ayıb, düşmək iki ayıb”. Yəni diyircəkli çamadanını qablaşdırdınsa, qohum-əqrəbaya “bundan sonra başqa ölkədə yaşayacağam” deyib aeroporta, ordan da “yaşamalı ölkə”yə yola düşdünsə, gərək orda qalıcı olasan, yurd salasan. Bu, ayıb deyil. Amma qayıdıb gəldinsə, yaxud da təyyarəyə qoyulub deportasiya edildinsə, bu ayıbdır.
Adamın adı dilə düşə bilər, qohum-qonşu arasında xəcil-rüsvay, lağlağı predmeti olar.
Budur, xəbər var ki, Almaniyada 2018-ci ilin yanvarın 1-dən oktyabrın 31-dək 1449 nəfər azərbaycanlı ölkədən deportasiya olunub.
Heç demə, bu müddət ərzində dünyanın müxtəlif yerindən 1997 azərbaycanlı Almaniyada yaşamaq icazəsi üçün müraciət edibmiş. “Müraciət edənlərdən 1526 nəfər ilk dəfə, qalanları isə təkrar müraciət edənlərdir. Müraciət edənlərdən yalnız 179 azərbaycanlıya müvəqqəti yaşamaq üçün icazə verilib”, – xəbərdə deyilir.
Deməli, 2 min azərbaycanlı avropalı, konkret olaraq Almaniya vətəndaşı olmaq arzusundaymış. Amma onların 1449-nun bəxti gətirməyib.
Əlbəttə, əslində bu, bəxt məsələsi deyil. Bəxti olan Düsseldorfda doğulardı, daha Qaraməryəmdə, Şorsuluda, Sulutəpədə yox.
Prinsipcə, bizimkilər Almaniyaya yox, bizim kimi düşünən, işləyən ölkələrə getməlidirlər. Əgər sən şəhərin o başında səni gözləyən adama telefonda “qaqa, sən öl, beş dəqiqəyə çatıram” deyib, görüş yerinə 55 dəqiqədən sonra çatırsansa, sənin Frankfurt-Maynda nə işin var, eloğlu?
Səninki elə buralardır, Masazırdır, Dərnəgüldür, Qaraçuxurdur… Burda səni söz verdiyin vaxtdan 2 saat sonra gəlməyə görə qınamayacaqlar, gördüyün işin alayarımçıq olması üzündən işdən qovmayacaqlar. Gedib dəqiq, dürüst, vicdanlı, təmkinli almanlarla qaynayıb-qarışa, onlardan biri ola bilməyəcəksənsə, otur öz qara çuxurunda.
Amma kimə deyirsən, heç demə, 471 şəxs əməlli-başlı qafaya qoyub ki, mütləq Almaniyada yaşamalıdır və təkrar müraciət ediblər. Bax, bu artıq əqidə məsələsidir. İsrarçı olmaq yaxşı şeydir. Atalar da deyib ki, niyyətin hara, mənzilin ora.
Fəqət, göründüyü kimi, alman məmurlar hər adama ölkədə yaşamaq imkanı vermirlər. Düzdür, onlar macarlar, serblər, finlər kimi adamı təyyarədən düşən kimi başqa təyyarəyə oturdub yola salmırlar, bir müddət ölkədə yaşamağa qoyur, araşdırma aparırlar, amma axırda söhbət yenə gəlib təyyarənin trapının dibində bitir.
Bu hadisənin bir xeyri var ki, adamın Almaniya həsrəti bir az sönükür, acı gerçəkliklər adamı özünə qaytarır, eyni zamanda pis tərəfi də odur ki, öz ölkəsinə qaytarılandan sonra uğursuz mühacir dərin depressiyaya düşür, özünü cənnətdən qovulmuş Adəm hesab edir.
Bəs bu qədər (1449 nəfər) deportasiya olunan adamlar kimlərdir? Əgər onlar siyasi motivlərlə mühacirət edənlərdirsə, mediada bunun səsi-küyü çıxmalıydı. Belə çıxır ki, onlar elə-belə, sadəcə “cənnət görmək istəyən”lər olub, layihə alınmayıb deyə qayıdıb fas-farağat oturublar yerlərində.
Təcrübə göstərir ki, bir adam öz ölkəsindən sidqi sıyrılırsa, onu tutmağın mənası yoxdur, o, mütləq harasa gedəcək – intəhası, Almaniyaya gedə bilmirsənsə, acığa düşüb Albaniyaya getmək də bir şey deyil. Albanların özü də diyircəkli çamadan dartmağa meylli camaatdır.