Загрузка...

Bir neçə gün öncə yerli mətbuatda estetik cərrah Siruz Qoçxaninin həmkarı Pərviz Əhmədov haqda polisə şikayət etdiyi barədə xəbərlər yayıldı.

Belə ki, buna səbəb kimi S.Qoşxaninin əməliyyatlarından əvvəl və sonra çəkilən ona məxsus peşə fəaliyyətində xüsusi önəm kəsb edən şəkilləri icazəsiz və qanunsuz olaraq P.Əhmədovun ələ keçirməsi göstərilir.

Minval.info məsələ ilə bağlı Siruz həkimlə əlaqə saxlamağa çalışıb. Telefona cavab verən doktor köməkçisi şikayətin yalnız şəkildən ibarət olmadığını söyləyib və bizi vəkilə yönləndirib. O həmçinin deyib ki, S.Qoşxani hazırda xarici ölkələrdən birində səfərdədir.

S.Qoşxaninin vəkili Rasim Əlizadə mövzu ilə bağlı saytımıza açıqlama verib: “Hazırda məhkəmə ilə əlaqədar müəyyən sənədlər toplanılıb. Siruz doktorun gəlməsini gözləyirik. Başqa sənədlər də hazırlanmalıdır. S.Qoşxani haqda verilən açıqlamalar, sosial şəbəkələrdə Pərviz Əhmədov tərəfindən təhqiredici ifadələr işlədərək onun şərəf və ləyaqətinin alçaldılmasına yönəldilmiş çıxışları barədə məhkəmə orqanlarına müraciətlər hazırlanıb və aiddiyyatı üzrə göndərilməsinə qərar verilib. Bakı şəhər üzrə iki məhkəmə orqanına ayrılıqda – biri mülki iddia, digəri isə xüsusi ittiham qaydasında təqdim olunacaq. Pərviz Əhmədovun qanunsuzluq hərəkətlərinə dair tərəfimizdən müvafiq dövlət orqanlarına müraciətlər ünvanlanıb və müvafiq qurumlar bunu nəzarətə götürərək araşdırmaya başlayıb”.

Vəkil qeyd edib ki, həmçinin model Leyla Orucovanın ölümü ilə bağlı Siruz Qoçxaninin barəsində irəli sürülən açıqlamalar da həkimin qəsdən əleyhinə yönəlib: “Mətbuatdakı məlumatların heç bir hüquqi əsası yoxdur. Ona görə ki, aidiyyatı üzrə prokurorluq orqanının bu barədə cinayət işinin başlanılmasının rədd edilməsi haqda qərarı var. Biz müvafiq qurumlara Leyla Orucovanın ölüm işinin yenilənməsi və meyitinin çıxarılıb bir daha baxılması ilə bağlı müraciət etmişik. Bizdə şübhəli məqamlardan biri odur ki, Pərviz Əhmədov həkimlər işdən çıxdıqdan sonra ölüm faktı gerçəkləşdiyi gün mərhumun bədəninə qan köçürüb və həmin qan nümunələrinin yoxlanılmayıb. Bunu P.Əhmədov törədibsə, hansı sifarişlə edib? Digər tərəfdən Leyla Orucovanın yaşam tərzinin ailəsinin qəbul etməməsi və bu hadisədən onların təəssüflənməməsi sonradan doktora qarşı kampaniyalar başlanması bizdə şübhələr yaratdı. Buna əsasən araşdırmanın aparılması ilə əlaqədar müraciət ünvanlanıb”.

Minval.info-nun həkim Pərviz Əhmədovla da əlaqə yaratmaq cəhdləri boşa çıxıb. Qeyd edək ki, onun fikirlərini dinləməyə və dərc etməyə hazırıq.