Bir dövlətin gücü ən əvvəl onun valyutasının gücü ilə ölçülür, nəinki ordusu, əsgərlərinin sayı ilə. Çin dünyada ən böyük sayda orduya sahibdir, amma Çinin yox, ABŞ-ın ordusu dünya birincisidir. Tək səbəb dollardır. Amerikanı dünya hökmranı edən də məhz onun ən möhkəm, ən güclü pula sahib olmasıdır. Bunu ABŞ-ın dostları da, rəqibləri də etiraf efir. Hamı etiraf edir – kimi açıq, kimi ürəyində…
İqtisadçılara görə, milli valyutanı sabit, güclü edən onun arxasında dayanan keyfiyyətli milli məhsul, əmtəədir. Bunu da ABŞ hələ ki hamıdan yaxşı bacarır. Onun istehsal elədiyi bütün məhsullar keyfiyyətlidir. Silahları da öz yerində. Səbəbini iqtisadçı alimlərin, sosioloqların, geosiyasətçilərin, hətta cəmiyyət mühəndislərinin araşdıracağı bir mövzudur.
Ancaq amerikanların belə bir deyimi var: “Ölümdən, bir də vergidən qaçmaq mümkün deyil”. Yəni ABŞ-da vergi sistemi, cəmiyyət və dövlət həyatını tənzimləyən, azad bazar iqtisadiyyatını tənzimləyən digər qanunlar sistemi, hüquqi mexanizmlər o qədər dəqiq, işlək qurulub ki, prezidentdən tutmuş, siravı işçiyə kimi heç kəs onlardan yayınmağı ağlının ucundan belə keçirmir. ABŞ-da kağız üstündə qalan qanun yoxdur, əməl olunmayan Konstitusiya da mövcud deyil. Məsələ bu qədər bəsit.
Yekunu ortada: güclü, öncül ABŞ dolları. Şəksiz ki, ABŞ-ın dünyadakı hökmranlığı məhz dolların hökmranlığıdır. Dollar 1 nömrəli valyuta olmaqdan çıxarsa, Amerika da o saat zirvədən düşər. Ancaq hələlik bu, üfüqdə görünmür. ABŞ iqtisadiyyatı dünyada qabaqcıl yerini, qlobal ÜDM-də ən böyük payını saxlamaqdadır. Bir politoloqun dediyi kimi, hazırda ölkələrin hamısı bu və ya başqa şəkildə ABŞ-a xərac ödəyir – ya maddi, ya da mənəvi şəkildə.
Amerika da dolların yaratdığı müstəsna üstünlükdən, unikal fürsətdən bacardıqca istifadə edir. Kefi istədiyi kimi “qara” və “ağ siyahılar” tərtib edir. Əfsus ki, bu bənzərsiz üstünlüyündən o, heç də həmişə bəşəri dəyərlər naminə, dünyada haqq-ədaləti bərpa eləmək üçün istifadə eləmir. Yaxın Şərqdə PKK-çılara verdiyi dəstək, Qaşıqçı olayında tutduğu mövqe, Azərbaycana qarşı hələ də ləğv edilməyən bədnam 907-ci düzəliş və Qarabağ məsələsinə “balanslı” yanaşma bunun bəzi dəlillərindəndir.
İki gün qabaq ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci, daha sərt dalğasının işə salınması da əslinə qalsa, təkcə İrana öz yerini göstərmək üçün deyil, həm də başqalarına, hətta Amerikanın dost-müttəfiqlərinə görk üçündür…
Bu gün Ağ Evin “qara siyahısı”nda əsas üç ölkədir – İran, Rusiya, Şimali Koreya. Rusiya siyahıya postsovet məkanında öz qonşularına qarşı işğalçılıq, konfliktlər və qarışıqlıq yaratmaq siyasətinə, regional və qlobal təhlükəsizliyə təhdidlər yaratmağa görə salınıb. İran məsələsi də bəlli.
Əlbəttə, könül istərdi ki, Rusiya ilə birgə Azərbaycana qarşı eyni siyasəti yürüdən işğalçı Ermənistan da Ağ Evin “qara siyahısı”na düşəydi. Bunu hər şeydən öncə ABŞ-ın 1 nömrəli təhlükə elan elədiyi Rusiya ilə Ermənistanın müttəfiq olması, sonuncunun bölgədə Kremlin yeganə forpostu missiyası daşıması zəruri edir.
Təəssüf ki, bunu görmürük. Əksinə, Ermənistan yox, ərazisinin 20%-i işğala məruz qalan Azərbaycan ABŞ-ın dövlət yardımlarını qadağan edən bədnam “907-ci düzəliş”ə məruz qalıb. Azərbaycan əvəzinə sanki Ermənistan Ağ Evin “dostluğu”nda yer alıb. Bu da Azərbaycanı özünə tərəfdaş sayan ABŞ-ın bizi daim üzən ikili siyasəti. Doğrudan da güclü həmişə haqlı deyilmiş…
Könül həm də istərdi ki, Azərbaycan Amerikanın “ağ siyahısı”nda yer alsın. Düzdü, İrana qarşı sanksiyalarla bağlı Ağ Ev qardaş Türkiyəyə, Azərbaycana, bir sıra digər ölkələrə güzəştlər edib. Əsas odur ABŞ-ın “qara siyahısı”nda olmayasan. Çünki Amerika bir ölkə ilə düşünüşdüsə, əl çəkmir. İran, Şimali Koreya, SSRİ (Rusiya), Kuba nümunələri var…
Odur ki, Ermənistanı ABŞ-ın qəzəbınə gətirməmiz lazım. Heç olmasa, işğalçı ölkənin Amerikaya bizdən daha yaxın düşməsinə imkan verməməliyik. Xüsusən də Qarabağa görə…