“Eşşək nə bilir zəfəran nədir”
(ata sözü)
Həmişəki kimi müsbət təşəbbüsü beşikdə boğdular. Bir daha məlum oldu ki, bizim ölkədə nəinki ala qarğanın bala çıxartması, heç eşşəyin süd verməsi də mümkün deyildir. Dünən Qida Təhlükəsizliyi Agentliyi (bunlar özlərini elə aparırlar sanarsan Dövlət Təhlükəsizlik Komitəsidir) eşşək fermasını qanunsuz elan etdi. Deyir oradakı heyvanlar ekspertizadan keçməyibdir, eşşək südünün xeyri haqda məlumatlar yoxlanılmayıbdır, ümumiyyətlə, eşşək gərək anqırıb tayını tapsın, ona bizim saf süfrəmizdə yer yoxdur!
Ay hay… Belə edirsiniz ki, yeniliklər ölkəmizə ayaq açmır. Bu minvalla qorxuram Salyandakı qurbağa fermasını, Şamaxıdakı ilbiz şirkətini də bağlasınlar. Bir gün isə neftin-qazın cana ziyan olması elan edilsin. Əlim də gəlmir başqalarını yazım. Oxuyub duyuq düşəcəklər deyə.
Əslində bizim Bakı ətrafında yaradılan bu eşşək fermasının dumanlı perspektivləri öncədən məlum idi. Nə sirdirsə, bizim millət eşşəyə çox mənfi münasibət bəsləyir. Başqa heyvanlara nisbətdə eşşəyin adı pis çıxıbdır. Halbuki eşşək yeganə üsyankar heyvandır ki, canavarı görəndə qorxub qaçmır, uzaqdan anqıra-anqıra ona hücum çəkir. Doğrudur, bu hücumun hər hansı effekti tarixən olmamışdır, həmişə yerdə iki uzunqulaq qalır, ancaq əsas odur cəhd edir! Miloş Formanın Ken Kizinin eyni adlı romanı əsasında çəkdiyi “Qu quşu yuvası üzərindən uçarkən” filmində Cek Nikolsonun yaratdığı Makmerfi obrazından sitat gətirsək: “Mən heç olmazsa cəhd etdim”. Bəlkə də bizim kinematoqraf lazimi dərəcədə inkişaf eləsəydi, indi bizdə “Eşşəyin belində uçarkən” filmi çəkilməliydi. Nəsə, temadan uzaqlaşmayaq.
O cümlədən eşşək yeganə canlıdır ki, balası, yəni qoduq harasa gedəndə həmişə öndə gedir. Alimlər bunun sirrini hələ aça bilməmişdir.
Fermanın sorağı ilk dəfə gələndə jurnalistlər bir idiot eksperti danışdırmışdılar, guya bu kişinin oğlu istehlakçıların hüquqlarını qoruyur. Demişdi ki, bizim İslam dininə görə eşşək südü içməyimiz haramdır. Belə ekspert olar? Sən bəyəm şeyxin idarəsində işləyirsən? Əslində onu çox qınamıram, keçən günlərdə bir təcili yardım stansiyasında baş həkim işləyən tipin maşınla adam vurub öldürdüyü haqda xəbər yayılmışdı, həkim jurnalisti tapıb belə demişdi: “Alkaşın biri idi, özü yıxılıb maşına dəymişdi. Qohumları dedilər ki, öləsi adam idi, heç olmazsa sən vurub öldürəndən sonra aparıb basdırdın”. Təsəvvür elə. Bu adam həkim işləməkdədir. Zəng vurursan, çağırışa gəlir. Adam təəccüb qalır ki, bu şərtlər altında biz hələ nə üçün qırılıb qurtarmamışıq, müqavimət göstərməkdəyik.
Elə QTA idarəsinin (yeri gəlmişkən, bu adla bir kompüter oyunu var, müxtəlif şəhərlərdə maşın sürür, tüfənglə camaatı qırırsan – bəlkə də bizim agentliyin adından götürüblər) açıqlamasında da təbiblərimizə, səhiyyə orqanlarına istinad vardı, deyirdilər ki, gərək həkimlər eşşək südünün hansısa xəstəliyə dərman olması haqda açıqlama versin, elmi rəy yazsın, əks halda, bunun min bir dərdə dərman adıyla satılması qanunsuzdur. Pah. Hansı həkimlər? Qulağı ağrıyanın gözünü çıxardanlar, saçı tökülənin ayağını kəsənlər? Guya “inək südü” adıyla satılan əhəng qatışıqlarına güclü nəzarət edirmişlər, qalıbmış eşşək südü. Neft qatışıqlarını “kərə yağı ətirli” möcüzəvi yağlar adıyla millətə sırıyırlar, mənşəyi məlum olmayan ərzaq məhsulları dükanlarımızda zibil kimidir, lakin məlum monopolistlərin qorxusundan buna kimsə etiraz edə bilmir. Gücümüz eşşəyə və palana çatırmış.
3-4 gün qabaq bu eşşək ferması söhbəti ilə eyni gündə hansısa rayonumuzda bərəkət tanrıçasının heykəlciyinin tapıldığı xəbəri gəlmişdi. Bəlkə də bərəkət elə eşşəyin südü ilə ölkəmizə daxil olacaqdı, qoymadılar. O tanrıça bizə qənim olacaqdır.