Son iki ildə dünya arenasında baş verən əsas hadisələr filosof Semyuel Hantinqtonun “Sivilizasiyaların toqquşması” nəzəriyyəsinə güclü zərbə vurub.
Həmin nəzəriyyədə SSRİ-nin dağılmasından sonra dünyada gedən qlobal konfrontasiyanın əsasən xristian və müsəlman dünyası arasında gedəcəyi proqnozlaşdırılırdısa və dünənə qədər bunun bariz əlamətləri vardısa, bu gün artıq çox şey dəyişib.
İndi nə xristian ölkələri vahid cəbhədə birləşərək, müsəlman dünyasına qarşı yeni səlib yürüşünə çıxıblar, nə də müsəlman ölkələri din bayrağı altına yığışaraq cihada qalxıblar.
Əksinə, bir çox xristian ölkələri bir-biri ilə müharibə vəziyyətində, ən azı gizli düşmənçilik və açıq rəqabət münasibətindədirlər, müsəlman ölkələri də bir-biri ilə açıq müharibə aparırlar.
Məsələn, ABŞ və Rusiya soyuq müharibə dövründəki “düşmənçilik büsatı”nı eynilə bərpa ediblər, artıq sürətlə silahlanma kampaniyasının yenidən başlanması ehtimalı var.
Estoniya, Latviya kimi xristian ölkələrinin əsas qorxusu xristian ölkəsi olan Rusiyadandır.
Bu ölkə (Rusiya) din, təriqət, etnik qrup qardaşı olan Ukrayna dövlətinə qarşı illərdir ki, sözün birbaşa mənasında müharibə aparır.
Müsəlman ölkələri də bir-biri ilə qovğa-mərəkə içindədir. Səudiyyə Ərəbistanı Yəməndə İranla vuruşur. Eyni durum Suriyada, İraqda da müşahidə olunur.
Səudiyyə Ərəbistanının vətəndaşı olan və ABŞ-ın nüfuzlu qəzetində çalışan jurnalist Camal Qaşıqçının İstanbuldakı SƏ konsulluğunda öldürülməsi ilə başlayan böyük qalmaqal da çəkişən qlobal güclərin qarşıdurmasını dövlət maraqları müstəvisinə çıxardı.
Əgər burada din faktoru hər hansı bir rol oynasaydı, o zaman din-məzhəb etibarilə (müsəlman-sünni) Səudiyyə Ərəbistanı ilə eyni arada olan Türkiyə onun yanında olmalı, onu müdafiə etməliydi, özünü dünyada demokratiya və insan haqlarının baş pasibanı rolunda göstərən ABŞ isə Səudiyyəyə qarşı çıxmalıydı.
Ancaq tərsinə oldu, ABŞ tənqidi donquldanmalara yer versə də, əsasən Ər-Riyadın tərəfindədir və onunla bağladığı milyardlıq sazişlərdən vaz keçmək, Səudiyyəyə sanksiyalar tətbiq etmək fikrində deyil. Türkiyə dövləti isə Ər-Riyada qarşı olduqca sərt mövqedədir, ona qarşı tənqidi çıxışlarını ard-arda səsləndirir.
Bu xüsusda başqa bir məsələ də var: beynəlxalq xəbər agentlikləri yazıb ki, 15 ildən sonra ABŞ-ın Çinlə müharibə vəziyyətində olacağı ehtimalı çox böyükdür.
Bu fikri ABŞ-ın Avropadakı quru qoşunlarının sabiq komandanı (2014-2017) general-leytenant Ben Hoces Varşava şəhərində keçirilən təhlükəsizlik üzrə forumda səsləndirib.
General deyib ki, Çindən gələn təhlükənin qarşısını almaq üçün Birləşmiş Ştatların Avropada və Sakit okeanda lazımi tədbirlər görmək imkanları yoxdur.
Zatən, bu yeni fikir deyil. ABŞ prezidenti Donald Tramp dəfələrlə rəhbərlik etdiyi dövlətin hədəf taxtasına məhz Çini çıxarıb, onunla çəkişmənin gələcəkdə daha da sərtləşəcəyini anons edib. O, Rusiya ilə əzəli rəqabəti yumşaltmaq istəsə də, ABŞ-ın dərin dövləti, Konqres, Senat, MKİ ona bu imkanı vermir.
Bu, o deməkdir ki, artıq dünyada din müxtəlifliyinə dayanan münaqişələr arxa plana keçməkdədir.
Dövlət maraqları hər şeyi üstələyir. Əhalisi günbəgün artan, yararlı torpağı, enerji resursları, azuqə ehtiyatları hər gün azalan dünyada böyük dövlətlərin dərdi heç də Allaha ibadətin hansı formada məqbul sayıla biləcəyi deyil, öz vətəndaşlarını dolandırmaq, yedirib-içirmək məsələsidir.
ABŞ, eləcə də digər güclü dövlətlər onların ümdə mənafelərinə nəyin, hansı qüvvələrin və hansı ideologiyaların təhlükə törətdiyini görürlərsə, dərhal oraya fokuslanır, ona qarşı blok qoyurlar.
Bu gün xristian dünyasını (eləcə də müsəlman aləminin özünü) təhdid edən dini ekstremistlərin (“əl-Qaidə”, İŞİD, “Hizbullah” və s.) gücü əvvəlki səviyyədə deyil. ABŞ və Avropa o müharibəni əsasən udub və elə bir müstəviyə keçirib ki, indi zəifləmiş qüvvələr nəinki bir-birilə müttəfiq olacaqlar, əksinə, bir-birini sona qədər qıracaqlar.
İndi Qərbi narahat edən başqa təhdid obyektləri var: yenidən güclənmiş Rusiya və heç vaxt olmadığı qədər böyümüş Çin… Qlobal cəbhə xətti onların arasından keçir.