Rusiyanın dəstəyi nəticəsində Nikol Paşinyanın həbsxanasından qurtulan və Moskvaya qayıdan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə münsibət bildirib.
Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Y.Xaçaturov son vaxtlar Ermənistan-Azərbaycan sərhədindəki atışmalardan ciddi narahatlıq keçirdiyini bildirib. Bunun ardınca o, açıq şəkildə Azərbaycanı ittiham, işğalçı Ermənistanı müdafiə mövqeyindən çıxış edib. Ermənistanın sərhədyanı yaşayış məntəqələrinin, vətəndaşların obyektlərinin atəşə məruz qalması nəticəsində insan tələfatının qeydə alındığını iddia edən Xaçaturov Nikol Paşinyanın hədələrinin və Ermənistan ordusunun təxribatlarının üstündən sükutla keçib. Y.Xaçaturov atışmanı dayandırmaqla bağlı çağırış edib və aşkar şəkildə işğalçı ölkənin müdafiəsində dayanıb.
Qeyd edək ki, Y.Xaçaturovla bağlı 1 mart 2008-ci il cinayətlərinə görə qaldırılan cinayət işinə xitam verilməyib. Çox güman ki, bu cür mövqeyi ilə o, Paşinyanın gözünə girmək və özünü sığortalamaq istəyir. Bundan bir gün əvvəl KTMT-nin baş qərargah rəisi A.Sidorov hadisələrə münasibət bildirərkən sadəcə sülhə çağırış etmişdi.