Загрузка...

ABŞ və Avstraliyada keçirilmiş tədqiqatlara əsasən, yaşlı insanlar sağlamdırlarsa, onların gündə aspirin qəbul etmələrinə ehtiyac yoxdur.

İnfarkt və ya insultdan sonra bu dərmanın qəbul edilməsinin faydası sübut olunub.

Lakin yaşı 70-dən yuxarı olanlar üçün aspirin həbinin qəbulunun heç bir xeyri yoxdur və bu, keçirilən müayinələrə görə, hətta ölümlə nəticələnə bilən daxili qanaxma kimi fəsadlar da yarada bilər.

Ekspertlər əldə edilmiş nəticələri mühüm sayır və aspirinlə ozünümüalicənin təhlükəli ola bildiyi barədə xəbərdarlıq edirlər.

Aspirinin qəbulu infarkt və insult keçirmiş xəstələrə qanı durultduğuna görə və nəticədə təkrar ürəktutma və qansızma hallarının qarşısını almaq üçün məsləhət görülür.

Bəzi tamamilə sağlam insanlar isə aspirini xərçəng riskini azaltmaq üçün qəbul edirlər, lakin bunun xərçəng riskinin azaldılmasına təsirinin öyrənilməsi davam etdirilir.

Aspirinin faydası ilə bağlı tədqiqatlar əsasən orta yaşlı insanlar üzərində keçirilir.

İnsan yaşa dolduqca isə aspirinin qəbulunun mənfi fəsadlar verməsi təhlükəsinin də artdığına dair sübutlar artmaqdadır.

“Faydasızdır”

Avstraliya və ABŞ-da keçirilmiş tədqiqatda yaşı 70-dən yuxarı olan, sağlam və ürək xəstəlikləri keçirməmiş 19 mindən çox insan iştirak edib.

Onların yarısına 5 il ərzində hər gün kiçik dozada aspirin verilib.

New England Journal of Medicine dərgisində dərc edilmiş tədqiqat nəticələrinə əsasən, aspirin həbləri ürək xəstəliyi riskini azaltmayıb, dərmanın başqa faydaları da olmayıb.

Amma bu həblər mədə qanaxması hallarını artırıb.

“Bu, o deməkdir ki, dünya boyu kiçik dozalı aspirin qəbul edən milyonlarla sağlam yaşlı insan, mümkündür ki, buna tibbi ehtiyac olmadan bu hərəkəti edir. Araşdırmalar göstərib ki, bunun faydası yoxdur, əvəzində isə daxili qanaxma riski artır”, – Monash Universitetindən professor John McNeil deyib.

O bildirib ki, tapıntılar sağlam pasiyentinə aspirin yazmaqda götür-qoy edən həkimlərin tərəddüdünə son qoyacaq.

Tədqiqatlar eləcə də xərçəngdən olüm hallarının artmasını göstərib, lakin tədqiqatçılar hesab edirlər ki, hələlik ziddiyyətli görünən bu nəticələr daha dərindən öyrənilməlidir.

Oxford Universitetindən professor Peter Rothwell qeyd edib ki, “yaşı 70-dən yuxarı olan sağlam insan üçün aspirinin qəbul edilməsinin faydası cüzidir”.

“Həkim məsləhəti olmadan özünümüalicə kimi aspirin qəbul etmək məsləhət deyil”, – o vurğulayıb.

Bu nəticələr infarkt və insult keçirmiş insanlara aid deyil – onlar həkim məsləhətinə əməl etməlidirlər.

Uzun müddət kiçik dozada aspirin qəbul edənlər isə bir gecəyə bunu kəsməməlidirlər, çünki bunun da fəsadları ola bilər.

Professor Rothwell həmin insanların həkimlərindən məsləhət almağı tövsiyyə edir.

Milli.Az