Bu mövzuda çox yazılıb və belə görünür ki, hələ çox yazılacaq. Əslində çox yazılmalıdır, deyilməlidir, ta o vaxtacan ki, bu məsələ birdəfəlik həll olsun.
İlk baxışdan pintilik, natəmizlik, olduğun hər yeri zibilləmək o qədər də qlobal problem deyil. Çox danışanda bir az ironik şəkildə deyirlər, bundan ötrü maaş alanlar, süpürgəçilər, xadimələr var, hamı təmizkar olsa, onlar işsiz qalar.
Ancaq elə deyil. Dünyanın ən təmiz şəhərlərində belə kifayət qədər təmizlik işçiləri var və onlar heç də işsiz qalmırlar, əksinə, texnika ilə işləyirlər, sadəcə, zəhmətləri bizdəkindən qat-qat yüngüldür.
Budur, sosial şəbəkə fəalları Tofiq Bəhramov adına stadiondan bir şəkil paylaşıblar: tum qabıqları, onun paketləri, sellofon torbalar, siqaret kötükləri, sair zir-zibil qalaqlanıb qalıb. Bunu “Qarabağ”-“Şerif” oyununa baxmağa gələn, qələbədən ləzzət alan, üç dəfə “Qooool!” deyə bağıran adamlar qoyub gedib.
Düzdür, bəziləri bu zibili jurnalistlərin qoyub getdiyini iddia edirlər, amma elə deyil. Hərçənd heç fərqi yoxdur, “zibilli qonaq sektoru”nda oturanlar da həmin jurnalistlərin qohumu-qardaşı, qonşusudur. Belə zibillərə hətta VİP sektorlarda da rast gəlmək mümkündür.
Kimsə deməsin ki, 20 min adamın toplaşdığı stadiondur, başqa cür mümkün deyil. Elə şey yoxdur. Hər kəs tökdüyünü yığışdırsa, hətta lap əvvəldən əlinə gələni yerə tökməsə, belə olmaz.
İyun ayında Moskvada keçirilən futbol mundialında yaponlar (istər futbolçular, istərsə də azarkeşlər) necə edirdilər? Əllərindən yerə düşən çöpü də yığışdırır, paketləyir, hər yeri silib-süpürüb səliqəyə salır gedirdilər.
Onlar bu hərəkətləri ilə dünyaya dərs verdilər və bütün dünya mediası yaponların bu hərəkətini lazımınca işıqlandırdı. Hamı da alqışladı. Çox güman ki, onlardan ibrət dərsi götürənlər çox oldu və gələcəkdə keçirilən irimiqyaslı yarışlarda bunun əks-sədasını görəcəyik.
1986-cı il mundialından “Meksika dalğası”nı, 2016-ci ildə keçirilən Avropa çempionatından (futbol üzrə) islandların “balina çağırmaq” ayinini birəbir götürüb stadionlarımızda tətbiq edən azarkeşlərimiz “yaponların öz zibilini yığışdırmaq” nümunəsini yaxın qoymurlar.
Bir stadionlarda deyil, camaat öz məhəlləsinin, küçəsinin təmizlinin qayğısına qalmır. Çox adam yalnız öz həyətini, evinin içini təmiz saxlayır, qapısının kandarında zibil boğaza çıxsa da, əlini ağdan-qaraya vurmaz, yalnız şikayət edər.
8 il öncə ABŞ-ın Cənubi Karolina ştatının paytaxtı Kolombia şəhərinin kənarındakı yaşayış massivində rast olduğum bir epizodu xatırlayıram. Amerikalı professorla ətrafı gəzirdik. Hər yan ya asfalt, ya da çəmənlik, ağaclıq idi. Ən ümdəsi, hər tərəf səliqəli və tərtəmizdi. Yol yeridiyimiz yerdə birdən professor əyilib yerdən bir əzilmiş flomaster götürdü, əlində saxladı. Təxminən 400-500 metr yol getdik. Professor əlindəki zibili ilk gördüyümüz zibil qabına atdı.
Bu, o demək idi ki, bu şəhərdə hələm-hələm küçəyə, səkiyə heç nə atılmır, təsadüfən nəsə düşəndə də bir şüurlu vətəndaş həmin şeyin bələdiyyədən maaş alan təmizlikçi tərəfindən yığışdırılacağını gözləmir, özü götürüb zibil qabına atır ki, şəhəri, küçəsi təmiz olsun.
Bəs bizdə necədir? Elə bir gün olmaz ki, maşınla bir kilometr yol gedək və pəncərədən küçəyə, yolun ortasına atılan siqaret kötüklərini, sellofon torbaları, plastik və dəmir su qablarını görməyək. Elə bir küçə olmaz ki, orada yolda dığırlanan enerji içkilərinin qabları maşın təkərinin altında qalıb partlayışa bənzər səs çıxarmasın. Küləkli günlərdə havada uçuşan sellofon torbalar isə başqa aləmdir.
Bəzən futbol matçlarında canlı yayım edən telekanallar vasitəsilə bütün Avropa əhlu meydançamızın ortasında topla yanaşı, başqa yumru şeylərini olduğunu görür – bu, həmin torbalardır.
Ancaq bir neçə ildir ki, turist kimi ölkəmizə daraşmış ərəblərin pintiliyindən dastanlar bağlayırıq. Hər kəsin onların natəmizliyi, kobudluğu, pintiliyi, vəhşiliyi barədə bir hekayəsi var.
İndi bir çoxları haqlı olaraq sual edir: olduğunuz hər yeri zibilləyir və eləcə də qoyub aradan çıxırıqsa, ərəblərdən nə fərqimiz var?
Bu, haqlı sualdır. Düzdür, bizim ərəblərdən çox fərqimiz var, amma zibilləmə işinə münasibətdə artıq bu fərq aradan qalxmaqdadır.
Elə utanc gətirən də budur. Azərbaycan turizm ölkəsi olaraq dünyaya açılmaq istəyirsə, adamlar təkcə evini, obyektini yox, küçəsini, qəsəbəsini, şəhərini də təmiz saxlamalıdır.
Bu, çətin deyil, yaponlar eyni zamanda həm vətənpərvər, həm də mədəni və təmizkar ola bilirlər.