Hərdən yeri gələndə dostlardan, həmkarlardan biri ölkədəki xoşagəlməz hadisə və proseslərə işarəylə deyir: “Bəxtimiz gətirsəydi, Fransada doğulsaydıq…”.
Bəzən bu cümlənin əlverişli coğrafi məkanı ifadə edən xüsusi isimi olaraq Norveçin, İngiltərənin, Hollandiyanın, İsveçin, Almaniyanın, Kanadanın adını çəkənlər də olur. Ancaq mən bir dəfə məhz Fransada doğulmağı bəxt işi hesab edən həmkarıma belə demişəm: “Qardaş, vallah, bu bəxt ki, bizdədir, Fransada doğulsaydıq da, Napoleonun vaxtında doğulacaqdıq, o da 1812-də bizi gətirib Borodinoda qırdırıb gedəcəkdi”.
Yəni, hansısa firavan, yüksək rifahlı ölkədə doğulmaq hələ avtomatik olaraq xoşbəxt olmaq deyil.
7 il əvvəl norveçli xoşbəxt uşaqlar, yeniyetmələr Oslo yaxınlığındakı Utoya adasında dincəlməyə, kamp qurub əylənməyə getmişdilər. Kənardan baxan deyərdi, oh, may qad, nə xoşbəxt uşaqlardır, sağlam, qayğısız, firavan. Amma nə oldu? Breyvik soyadlı bir psixopat qatil ortaya çıxdı, o xoşbəxt insanların 77-sini bədbəxt elədi.
Bədbəxtlik gələndə baxmır ki, bura İsveçdir, Hollandiyadır, Kanadadır. Adlarını çəkdiyim ölkələrdə də qəzalar, fəlakətlər, terror aktları, cürbəcür bədbəxt hadisələr baş verir və dünənə qədər xoşbəxt yaşayan insanların ömrü yarıda kəsilir, ya şikəst olurlar.
Deyə bilərlər ki, belə hadisələr nadir hallarda baş verir və bu cür olayların ölkənin digər xoşbəxtlərinə dəxli yoxdur. Elədir.
Bir də var ellikcə bədbəxt ölkələr. Belə ölkələrdə bədbəxtlərin xüsusi çəkisi çox ağırdır. Xoşbəxtlər isə azlıqdadır. Onları qısaca “xoşbəxt azlıq” da adlandırmaq olar – “milli azlıq”, “cinsi azlıq” yoxdurmu, bax, eləcə.
Bu xüsusda da ad çəkmək lazımdırsa, çəkək. Banqladeş, Nepal, Sudan (hər ikisi), Şimali Koreya, Somali, Ruanda, Zimbabve və başqaları (“və başqaları” qrafasına 100-ə yaxın ölkə daxildir) bu qəbildəndir, əhalisinin tam əksəriyyəti bədbəxtdir, aclıq, səfalət içində çabalayırlar.
Bu kimi məsələləri araşdıran beynəlxalq mütəxəssislərin yaydığı statistik göstəricilərə görə, biz nə “xoşbəxtlər” qrafasındayıq, nə də “bədbəxtlər”. Biz orta yerlərdəyik. “Bədbəxlər”ə baxıb acıyır və günümüzə şükür edirik, “xoşbəxtlər”ə baxıb öz günümüzə acıyır, onlara həsəd aparırıq.
Bəzən isə günümüzə şükür etmək yaddan çıxır, özümüzü Norveçlə, İsveçrəylə, Kanadayla müqayisə edirik və aradakı fərqi görərək qəzəbnak oluruq.
Əslində, bu yaxşı şeydir. Hamı adam balası kimi rahat, sıxıntılarsız yaşamaq istəyir. Pis şey istəmirlər ki? Allaha şükür, ölkənin yerinin altı da qızıldır, üstü də. Bu sənin “ağ qızıl”ın, o “qara qızıl”ın. Heç sarı qızıla süllab satan yoxdur.
Bax, budur, gediş haqqı tarifləri 50 faiz artırılıb və insanlar narazı qalıb. Hər şey bir tərəfə, xaricdə yaşayan məzhəkəçi həmvətənlərimizin satirik damarları yoğunlayıb, götürüb yazırlar ki, bizdə gedişhaqqı, məsələn, sizin pulla 80 qəpikdir (1 manatdır, 60 qəpikdir və s.). Yəni halınıza şükür edin.
Əslində onlar bunu məzəyə yazırlar. Tərs kimi, qiymət artımını əsaslandıran, buna haqq qazandıran təbliğatçılar da bəzən eyni sözü təkrarlayırlar: “Filan ölkədə gediş haqqı filan qədərdir”.
Bax, burada qəribi gülmək tutur. Qürbətdəki həmvətənlərimiz dübarə götürüb yazırlar ki, amma bizdə təqaüdçü, tutaq ki, ayda 3 min avro təqaüd alır, işləyənlərin maaşı ən azı 4-5 min avrodur.
Zeynəb xanımın məşhur mahnısında deyildiyi kimi, burda sözüm qurtarır, burda nitqim kəsilir, insaf da yaxşı şeydir…
Təbii ki, qiymət artımından rəncidə olmuş, o biri xidmət və ticarət əmtəələrinin qiymətlərinin qəfildən sıçrayacağından əndişələnən insanlar səmimi qəlbdən arzu edirlər ki, keşkə Yaponiyada doğulaydılar, sabit ölkədə yüksək maaşla, dəyişməyən qiymətlər şəraitində yaşayaydılar.
Hə, yaxşı olardı. Yaponiya da pis deyil. Amma Yaponiya xalqı indiki səviyyəsinə çatmaq üçün 50 il mübarizə aparıb, 40 baş nazir dəyişib, başına 2 atom bombası düşüb, uzun illər aclıqla mübarizə aparıb, axırda anlayıblar ki, elə yox, belə işləyəndə hamıya yaxşı olur.
Əslində bizim də bəxtimiz gətirib ki, 1945-də Naqasakidə, Xirosimada, 2013-də Fukisimada yaşayan yapon olmamışıq.
Dediyim odur ki, həsəd aparılan ölkələrdən olmaq istəyiriksə, həsəd apardığımız ölkələrdəki kimi işləməliyik, onlar kimi ağıllı, dürüst, mübariz, savadlı, şüurlu vətəndaş olmalıyıq. Onlar o cənnətləri bir gündə, cizgi filmi sürətilə yaratmayıblar…