Əslində biz özümüz də irqçiyik. Düzdür, aramızda az-az prinsipial olaraq irqçilik, faşistlik etməyənlər də var, amma söhbət toplumdan gedirsə, iqrçinin yekəsiyik.
İrqçiliyə dəlalət edən ifadələrimizi, mülahizələrimizi sayım, oxuyun, yalandırsa, öz-özünüzə deyin, yalandır.
Hər gün kütbeyin adamlara ürcah olanda onlara “monqol” deyirikmi? Deyirik. Hətta uzaq bir ölkədə monqollarla qarşılaşanda diqqət kəsilirik və bir-birimizə işarə edirik ki, indi bu saat bir kütbeyinlik edəcəklər. Bu, irqçilikdir. Çünki monqolların heç də hamısı kütbeyin deyillər. Bu cür yanaşmanı biz ruslardan götürmüşük.
Yenə rusların felinə düşüb çukçalara dair aşağılayıcı lətifələr danışırıqmı? Danışırıq.
Rusların özünə yeri gələndə “sarıqulaq” və “alkaş”deyir, bununla onların bizə dediyi “alverçi” və “çernıyjop” ifadəsinin əvəzini çıxırıqmı? Çıxırıq.
Özbəklərə, qazaxlara, yaponlara ucdantutma “qıyıgöz” deyirikmi? Deyirik.
Çinliləri ucdantutma “kitayski adamlar”, koreyalıları və vyetnamlıları “ityeyən” adlandırırıqmı? Adlandırırıq.
Hələ sovet dövründən afrikalıların hamısına “qara gədələr” adı qoymuşuqmu? Qoymuşuq.
Fransızları “qurbağayeyən” və “petux”, hollandiyalıları isə “petux” və “nəşəxor” sayırıqmı? Sayırıq.
Hələ ərəblər. Artıq mediada, sosial şəbəkələrdə belə ərəbləri “vəhşi bədəvi” adlandırırlar. İndi bu yazını oxuyan yüzlərlə adam başını bulayıb deyəcək ki, a bəy, elədir dəə, düz deyirlər. Hər halda bu da irqçilikdir.
Yəhudilər elə, ingilislər belə, hindistanlılar elə-beləE. hansı irq və ya millət qıraqda qalır ki? Hamısına bir söz qoşuruq. Allahın almanlarına belə qəsdən “nemes” və “faşist” deyirik. Başımız çönəndə hətta tərifli vikinqləri də kütləvi şəkildə peysər çıxarırıq.
Bir biz deyilik. O biri millətlərin də hamısı belədir. Hər halda bütün avropalılar italyanların hamısına sevgidən “makaronnik” demirlər. Toplum olaraq hamı irqçiliyə meyllidir. Amma bu, məxməri irqçilikdir, bir elə də ziyanı yoxdur.
Əsas odur ki, irqçilik dövlət siyasətinə çevrilməsin, bir də cəmiyyətin elitar təbəqəsinə sirayət etməsin.
Almaniya toplumun aşağı təbəqələrində də irqçilik həmişə olub, var və görünür, gələcəkdə də olacaq.
İrqçiliyi körükləyən leqal və qeyri-leqal təşkilatlar da var. Onların türkləri və digər millətləri sevmədiyi çoxdan bəllidir.
İndi futbolçu Məsud Özilin üstünə tökülüşmələri də o üzdəndir. Nə qədər ki, Məsudun zəhməti ilə Almaniya çempion olurdu, alman faşistləri pablarda “Bavariya” pivəsindən içib şellənir, “alman maşınının möhkəmliyi”ndən danışırdılar. Amma bu dəfə alınmadı, Almaniya qrupda qaldı, hamını qırağa qoyub Məsuddan yapışıblar. “Alman maşını”nda türk detalı tapıblar.
Qürbətin üzü budur. Burada sonacan məsud olmaq olmur. 50 il can qoyarsan, ölkəyə medal, şöhrət, pul-para qazandırarsan, bir gün başları çönər, deyərlər, dünənki işinə görə sağ ol, amma sən gəlməsən, burnun da bizimki kimi deyil.
Oxumuş adamlar demişkən, bu tendensiya hələ 10-15 il əvvəldən başlanmışdı və getdikcə güclənirdi. Neçə dəfə futbolçular meydançaya “No rasizm” pankartı ilə çıxmışdılar. Çünki qızışqan azarkeşlər eyzən rəqib oyunçuların dərisinin rənginə sataşırdılar.
Hələ Məsudun başına gələnlər yaxşıdır. Bir ara qaradərili futbolçular künc zərbəsi vurmağa gedəndə tribunadan onlara banan atırdılar – yəni sən meymunsan, götür bananını ye. Onların da xətrinə dəyirdi. Yalnız bir dəfə hansısa futbolçu (adı yadımdan çıxıb) özünü o yerə qoymadı, ona atılan bananı soyub yedi.
Hazırda Fransa prezidenti Makron ölkəsini 10 gün öncə dünya çempionu etmiş qaradərili futbolçuları bağrına basır, amma uduzsaydılar, siz o futbolçuların gününü görərdiniz. Makron onlara bir söz deməyəcəkdi, sıravi azarkeşlər isə tribunadan onlara banan atacaqdılar, “gəlmə bicbala” qışqıracaqdılar. Gənc və təcrübəsiz Mbappe də paltardəyişmə otağında oturub ağlayacaqdı ki, axı niyə elə deyirlər, mən Fransada doğulmuşam, Fransa vətəndaşıyam.
Bu işlər belədir. Gərək dözümlü olasan. Almaniya bu il çempion olsa, Məsuda pis söz deyən olmayacaqdı, Merkel onu öpəcəkdi, “Bavariya”nın prezidenti də 100 milyonluq müqavilə təklif edəcəkdi…