Загрузка...

ABŞ prezidenti Donald Tramp “Fox News”a verdiyi müsahibədə NATO-nun “Kollektiv müdafiə” qərarını yenidən tənqid edib.

“Qafqazinfo” “Habeertürk”ə istinadən xəbər verir ki, Tramp bunun əleyhinə olduğunu ifadə etmək üçün Monteneqrodan qəribə misal çəkib:

“NATO-ya üzv olan Monteneqro xalqı cəsur xalqdır. Çox döyüşkəndirlər. Hər an 3-cü dünya müharibəsini çıxara bilərlər. ABŞ vətəndaşlarının digər NATO üzvləri üçün savaşıb ölmələrini istəmirəm”.

Trampın bu açıqlamasına Monteneqro hökumətindən cavab geciməyib:

“Monteneqro Əfqanıstanda ABŞ əsgərlərinin yanında olduğu kimi, dünya miqyasında sülh və sabitliyə fayda verir. Tariximiz, ənənəmiz və sülhməramlı siyasətimizlə qürur duyuruq. Bizim ölkəmiz keçmiş Yuqoslaviyanın dağılma zamanı müharibənin olmadığı yeganə dövlətdir”.

Qeyd edək ki, 620 min əhalisi olan Monteneqronun 2 min nəfərlik ordusu var. Ötən il NATO-ya 29-cu üzv olaraq qəbul edilib.