Space TV-də yayımlanan “El bizim, sirr bizim” verilişində qonaqlarda birinin mövqeyi narazılığa səbəb olub.
Minval.info xəbər verir ki, proqramda cəmiyyətdə boşanmış qadına göstərilən münasibət barədə müzakirələr aparılıb.
Söz alan yazıçı Balayar Sadiq belə xanımlara əvvəlcə Şərqdə müsbət baxılmadığını söyləyib. Daha sonra özü də boşanan qadına pis münasibət bəslədiyini, hətta “yaxşı at qamçı vurdurmaz” misalını dilə gətirib. Bu zaman verilişin digər qonaqları yazıçının fikirlərinə sərt reaksiya verib.
Öncə yoldaşından rəsmi qaydada ayrılan jurnalist İradə Cəlil buna etirazını bildirib. Ardınca ailəli olduğunu qeyd edən şairə Nəzmiyyə Hicran əsəblərini cilovlaya bilməyib:
“Səbrim çatmadı, Balayar müəllimin sözləri məni əsəbləşdirdi. Boşanmış qadınlara pis baxmaq olmaz. Sabah sənin də, mənim də övladımın başına gələ bilər. İntiharlar niyə baş verir? Ərə gedərkən sənin kimi ata qızı evlənərkən ona “oraya getmisən, meyitin çıxsın” söyləyir. Niyə mənim balamın meyiti çıxmalıdır? Pisdirsə boşanmalıdır. Sizinlə qətiyyən razı deyiləm, sinirlərimə toxundunuz”.