Belə hadisələr sənətkarlıq baxımından ucuz detektiv filmlərdə, seriallarda, çox vaxt isə kinokomediyalarda olur. Bir qanqster öz ölümünü düzüb-qoşur, yalançı dəfn-filan təşkil edir, gerçəkdə isə ölmüş olmur, hamıdan gizlənir, başqa ad altında yaşayır, heç kim onu axtarmır, amma o, axırda ortaya çıxaraq düşmənlərini şaşırdır, haqq-ədaləti bərpa edir.
Təbii ki, gerçək həyatda belə hadisələr olub, amma nadir hallarda olub, filmlərdəki intensivlikdə baş verməyib. Ona görə ki, yalançı ölüm-dəfn səhnəsini düzüb-qoşmaq çox çətindir.
Xalq şəkkakdır, dərhal quşqulanır ki, hələ bilmək olmaz intihar etdiyi deyilən, güllələnən adam doğrudan da ölüb, ya sağdır.
Dünənə qədər Hitlerin intihar etdiyinə, öldüyünə inanmayan, onun qaçaraq Argentinada yaşadığına əmin olan camaatıq. Hətta yazırdılar ki, Hitleri 102 yaşında Buenos-Ayresdə görüblər, küçəyə açılan darvazasının qabağındakı oturacaqda oturub gəlib-gedənə baxırmış.
Bin Ladeinin ölmədiyinə, ABŞ kəşfiyyatçıları tərəfindən sağ ələ keçirildiyinə, hazırda hansısa ştatda bunkerdə saxlanıldığına əmin olan milyonlarla adam var. Onlar ABŞ kəşfiyyatçılarının bin Ladeni nəyə görə bunkerdə saxladıqlarının səbəbini də bilirlər. Ondan qiymətli informasiya alırlarmş, ona görə öldürmürlər.
Xüləs, camaat onsuz da məşhur adamların öldüyünə inanmır. Amma açığı, mən də ukraynalı jurnalist Babçenkonun öldürüldüyünə inanmışdım. (Hamı inanmışdı, hətta Putin də). Necə inanmayasan, 3-4 ölkənin öndə gedən media qurumları xəbər yaymışdılar ki, adamı mənzilində vurublar.
Əslində, jurnalistin öldürülməsi son illərdə artıq sıradan bir şey olub, ona görə heç kəs şübhə eləmir. Müharibədə döyüşən hərbçilərdir, kriminal avtoritetlərdir, bir də fəal jurnalistlərdir, bunların başından qada-bəla əskik olmaz. Necə ki, futbolçular tez-tez oyun zamanı zədələnirlər, eləcə də jurnalistlər vaxtaşırı öldürülürlər. Yəni bu işin fitrətində var.
Ona görə də Babçenkonun xəbəri gələndə heç kəs şoka düşmədi, “xeyr, ola bilməz” demədi. Hətta hamı dərhal qətlin sifarişçisini də tapdı. Qətlin üstü, demək olar ki, isti izlərlə açılmışdı.
Əsl şok Babçenkonun ölmədiyi üzə çıxanda oldu. Xeyli adam pərtləşdi. Babçenkonun ölümü qalmaqallı qətl idisə, dirilməsi “ucuz dirilmə” oldu.
İndi çox adam bunu qeyri-ciddi hərəkət sayır. Gerçəkdən də, o boyda hüquq-mühafizə orqanlarına yaraşarmı ki, bir adamın, jurnalistin “öldürüldü” xəbərini yaysın, sonra da desin ki, bu, bir əməliyyat idi, əsl caniləri tutmaq üçün etmişik.
Heç bunun da mexanizmi açıqlanmır. Necə olub ki, potensial qatillər öldürmək istədikləri jurnalistin öldürülməsi xəbəri çıxanda özlərini ələ veriblər?
Əksinə, onlar sakitcə aradan çıxmalıydılar, fikirləşməliydilər ki, sifarişçidə əxlaqsızlığa bax, bir işi iki qrupa tapşırıb və o birilər qabağa düşüb. Kim bilir, bəlkə qatillər qeyzlənib sifarişçiyə zəng ediblər ki, bu nə işdir, neçə adamla işləyirsiniz. Hüquq-mühafizə orqanları da bu zəngləşmədən sonra onların izinə düşüb bəlkə?
Hər halda, ayıb işdir. Qəzet, sayt, agentlik adi media qurumudur, kiminsə “öldü” xəbərini yayanda, “hələ təsdiq olunmayan xəbərə görə” deyə özünü sığortalayanda belə aləm bir-birinə qarışır, xəbər təsdiqlənməyəndə, camaat redaksiyanı zəng atəşinə tutur, ölməyən “zərərçəkən” redaksiyaya zəng vurub söyüş söyür (ya da qarğış edir), redaktor yalan xəbər yazan müxbiri danlayır, məhkəmə hədələri-filan olur. Yəni bu işin altından asanlıqla çıxmaq olmur.
Ukraynda isə artıq heç nə olmamış kimi məsələnin altından çıxıblar. “İkinci Qonqadze” isə əlini-qolunu sallaya-sallaya gəzir.
İndi onun həyatına gerçəkdən də təhlükə var. Yaxşı olar ki, adam adını da, üzünü də dəyişdirsin, gedib Lvovda, Xarkovda yaşasın.
Bizdə olsa hamı ona xortdan deyərdi.