29 may İstanbulun fəth günüdür.

1453-cü ilin 29 may tarixində Osmanlı sultanı Fateh Sultan Mehmet uzun sürən mühasirədən sonra nəhayət ki, Konstantinopolu fəth edərək Şərqi Bizans imperiyasının varlığına son qoydu. Fateh quru vasitəsilə gəmiləri dənizə endirərək, müharibənin taleyini həll edir.

“Ölkə.Az” xəbər verir ki, bir çox mənbələrdə gəmiləri qurudan dənizə endirən ilk hökmdar Fateh Sultan Mehmet sayılsa da, əslində bu işi ilk dəfə Avar Xanı Bayan Xaqan həyata keçirib. Bu barədə məlumatı redaksiyamıza tarixçi alim Əkbər Nəcəf verib.

Məlumatı oxucularla ilə bölüşürük.

Avar xaqanı Bayan xaqan Bizans paytaxtını ələ keçirmək üçün müxtəlif hücum üsulları hazırlamışdı. Divarları aşmaq mümkün olmayınca, bu dəfə Bayan xaqan düzəltdirdiyi və Boğazda hazır gözlətdiyi yüzlərlə gəmini daha sonra Fateh Sultan Mehmetin təkrar etdiyi kimi Beşiktaşdan topraq üzərindən təkərlərlə keçirib Qızıl buynuz (türklər Haliç deyir) körfəzinə endirdi. Məqsədi şəhərə körfəzdən girmək idi.

Lakin avar gəmiləri Xaliçdəki böyük Bizans gəmilərinin müdafiə xəttini yara bilmədilər. Üstəlik bizanslılar avar gəmilərinin çoxunu yandırdılar. Məğlubiyyətin səbəbini Bizans müəllifləri bu vaxt dənizdə meydana gələn fırtınaya bağlayırlar. Pisidiyalı George, Teodore və Oratio Historica müəllifinə görə Avar gəmiləri hücuma keçdiyi vaxt “İsanın anası müqəddəs Meri (Məryəm – Ə.N.) dənizdə fırtına çıxarmış və fırtına avar gəmilərinə doğru istiqamət götürmüşdü”.

Amma Rahib Nikoforun yazdıqları həqiqətə daha uyğundur. Onun qeydlərinə görə Bayan xaqanın uğursuzluğuna səbəb bizanslıların avarların planından xəbər tutması olmuşdu. Bayan xaqanın planına görə Xaliçdəki gəmilərdə gözləyən slavyanlar avarların Konstantinopol bürcünü ələ keçirdikləri barədə işarət gəldikdən sonra iki tərəfdən hücum edəcəkdilər. Bizanslılar öz gəmilərini əlverişli şəraitə gətirib, slavyanları aldatmış və işarə vermişdilər. Həmin işarənin Avar xaqanından gəldiyini zənn edən slavyanlar bizanslıların tələsinə düşmüşdülər. Eyni müəllif Avar gəmilərində öldürülən slavyanlar arasında çox sayda “qadın döyüşçü” (amazon) olduğunu da qeyd edir. Böyük ehtimalla Bayan xaqanın planını avar ordusundaki slavyan casusları xəbər vermişdi. Bundan sonra Bayan xaqan mühasirənin əhəmiyyətsiz olduğunu anlayıb 7 avqust 626-cı ildə ordusunu şəhər qapılarından çəkərək ölkəsinə qayıtdı…

Загрузка...