Futbolda belə bir deyim var: bir komanda rəqibinin ona verdiyi imkanlar daxilində yaxşı oynayır.
Yəni A. komandası zəif tərpənib B.-yə yaxşı oynamağa, qələbə qazanmağa imkan verməsə, B.-nin qələbə qazanmaq şansı heç bir halda 50 faizdən artıq ola bilməz.
Eyni düstur mübarizə aparılan bütün sahələrə, o cümlədən siyasətə, seçkiyə də aiddir.
Bu gün YAP ona görə bütün seçkilərdə qalib gəlir ki, onun qalib gəlməsinə mane olan, müqavimət göstərən yoxdur.
Nə qədər ki, ortada müqavimət təşkil edən, balans yaradan sanballı qüvvə yoxdur, bu ölkədə seçkilər 100 il bundan sonra da belə keçiriləcək və YAP-ın namizədi bütün seçkilərdə (prezident, parlament, bələdiyyə) qalib gələcək.
Hazırda dünyanın azad, demokratik, şəffaf, qanuni, ədalətli, obyektiv, dürüst (və sair) seçki keçirilən ölkələrinə baxaq. Onlar heç də ona görə bu cür seçki keçirmirlər ki, bunu prezident və ya hakim partiya istəyir.
O ölkələrdə hakimiyyətdə olanların başqa cür seçki keçirmək imkanları yoxdur, bu iş onların vicdanına buraxılmayıb. Onların hakimiyyəti necə olursa-olsun əldə saxlamaq ehtirasını tormozlayan mexanizmlər, institutlar var.
Əgər sabah despotizmə meyli açıq-aşkar olan Tramp seçki saxtakarlığından, administrativ resurslardan sui-istifadə yolu ilə hakimiyyət dövranını uzada bilmək imkanı qazansa, önündə müqavimət görməsə, əmin olun ki, o, məhz elə də edəcək.
Ötən il Fransada Emmanuel Makron seçilmək şansı 50 faizin altında ola-ola sonda seçki prosesinin qalibi oldu. Bu, təkcə onun nailiyyəti deyildi, Fransa demokratiyasının nailiyyəti idi.
Sadə bir ailədən çıxmış Makron bu gün ona görə Fransa prezidentidir ki, 1789-cu ildə fransalı inqilabçılar hücum edərək mütləqiyyəti devirmişdilər. Əlbəttə, bu iki hadisə arasında birbaşa əlaqə yoxdur. Amma dolayısı ilə var. Fransadakı mütləqiyyət devrilməsəydi, sonrakı hadisələr də baş verməzdi, məsələn, Napoleon Bonapart hakimiyyətə gəlib imperator ola, öz diktaturasını qura bilməzdi.
Ancaq Fransada mütləqiyyətin sal qayası bir kərə yerindən oynadı və proseslər gətirib ortaya bu günün Fransasını çıxardı.
O biri demokratik ölkələr də bir günün, bir ilin, hətta bir əsrin içində demokratik olmayıblar, azad seçki keçirməyiblər. Hamısında mütləq 100 illik xanədanlıqlar, 30-40 illik diktatura rejimləri hökm sürüb. Onlar demokratiyaya doğru uzun, sürəkli və tədrici inkişaf yolu keçib gəliblər.
Hikmət Hacızadənin sözü olmasın, demokratiya gerçəkdən də gediləsi uzun bir yoldur.
Təcrübə göstərir ki, demokratiyaya hazır olmayan ölkələrdə onu kənar müdaxilə ilə bərqərar etmək mümkün deyil. Bunun əyani sübutunu Yaxın Şərqdə gördük. Diktatorları devirən ölkələrdə vətəndaş müharibəsi, xaos başlandı, ölkələr dağıldı. Bu təlatümdən ən yaxşı çıxan Misir oldu, onda da diktator Mübarəkin yerinə diktator əl-Sisi gəldi və 90 faiz səslə prezident seçilərək “yeni Mübarək” olduğunu göstərdi.
Başqa sözlə, toplananların yeri dəyişdi, cəm dəyişmədi. Bir diktatoru digəri əvəz etdi və Qahirədəki Təhrir meydanında ölən minlərlə mülki insanın qanı yerdə qalmış oldu.
Hazırda dünyada qəribə bir “hakimiyyətdən əl çəkməmə” trendi müşahidə olunur və bu trend getdikcə şiddətlənir.
Bu baxımdan oturub bir hakim partiyanın ard-arda “qazandığı qələbələr”dən bir gün bezəcəyini, “artıq elə bir seçki keçirək ki, rəqibimiz qalib gəlsin” düşüncəsinə gələcəyini gözləmək absurddur. Belə şey olmayacaq.
Yaxud sabah yeni bir güclü qüvvə ortaya çıxsa, özünü hakimiyyətə gələcək, onu əlində saxlayacaq qədər güclü saysa, bunu edəcək və sonra o da heç kəsə güzəştə getməyəcək – ta güzəşt etməyə vadar edilənə qədər.
İnsan oğlunun xisləti budur. Onların yaratdığı qruplar, birliklər, təşkilatlar da bu cürdür. Heç də hamısından dürüstlük, obyektivlik, halallıq gözləyə bilməzsən. Gözlərsən, umsuq olarsan.
Bu üzdəndir ki, dünyanın ən böyük meqapolislərinin hava limanlarında belə insanların növbəyə durması və bir-birinin ardınca səliqəli şəkildə hərəkət etməsi işini onların vicdanına buraxmayıblar, məsələni dəmir məhəccərlərlə həll ediblər.
Dövlət idarəçiliyində, hakimiyyətin dinc şəkildə ötürülməsi məsələsində də hər kəsin sözsüz riayət edəcəyi, sui-istifadəyə, əyintiyə, pozuntuya yol verə bilməyəcəyi mexanizmlər, institutlar yaradılmalıdır.
Biz indilikdə həmin o gediləsi uzun yolun yolçularıyıq.