“Axşam-sabah, çeşmə, sənin başına
Bilirsənmi, necə canlar dolanır!?
Büllur buxaq, lalə yanaq, ay qabaq,
Şahmar zülflü pərişanlar dolanır”.
(Aşıq Ələsgər burada tarixin spiralvari inkişafını təsvir etmişdir)
Yəqin ki, seçkiyə ən çox sevinənlər məktəbli uşaqlar olacaqdır. Ara yerdə bir günlük tətil qazanmaq azdırmı? Hələ üstünə gəl, qısa iş günü adıyla 10 apreldə də dərsdən yarımçıq buraxılmağı… Əladır. Kaş, həmişə seçki olsun, Qoy həmişə Günəş olsun, Qoy həmişə direktor bizi yolsun… İlahi, amin. Uzaqdan gələn müşahidəçilərin ruhlarına bir salavat zikr edək.
Onları da dünən məktəbin ərazisində gördüm. Uzaqdan gələn müşahidəçiləri nəzərdə tuturam. 3-4 ingilis və ya firəng (bizdə xarici deyərkən bunlar düşünülür, başqası nəyimizə lazımdır) məktəbin direktorunu yanlarına salıb ərazidə axtarış aparırdılar. Sən demə, bunlar qanunsuz seçki təbliğatı plakatları axtarırlar. Guya məktəb ərazisində namizədlərdən hansınınsa, xüsusən indiki prezidentin portreti asılı olsa bu, qanun pozuntusudur. Təbii ki, onlar heç bir qanunsuzluq aşkar etmədən, eşşək boyda avtomobillərinə oturub şad-xürrəm çıxıb getdilər.
Sözgəlişi, mən diqqət eləmişəm, xarici müşahidəçilər uzun illərdir bizim ərazilərdə “Toyota” furqonlarında dolaşırlar. Sanki indicə minalanmış sahədən keçəcəklər. Yalan olmasın, maşının üstünə bir-iki pulemyot da qoysan hazır İŞİD döyüş maşınlarıdır. Nə olub, nə baş verib? Düzəlib hər yaraq, qalıb saqqal üçün daraq? Həmin xarici dövlətlərin rəhbərləri bizim rəhbərlərlə çoxdan danışıb razılaşıblar, qoyunu qoyun ayağından, keçini keçi ayağından asıblar. Bu oyunbazlıqlar da mənasızdır, tamaşa kimi də gülməli deyildir. Guya əsas məsələ ərazidə kiminsə şəklinin divarda qalması imiş.
Bəs əsas məsələ nədir? Oxucular soruşurlar. Yoxsa mənim nəyimə lazımdır əsas məsələ? Əsas məsələ, Vəzirov demişkən, kənddə hamam məsələsidir. Seçkidən bir gün qabaqkı bu günün adını kim fikirləşibsə yaman tapıbdır. Sükut günü. Necə əla səslənir. Ancaq bizdə sükut günü təkcə seçkidən bir gün qabaq olurmu? Yox. Bu, 5 il çəkirdi. İndi deyəsən 7 il olacaqdır. Doğrusu heç yadımda qalmayıbdır. Bəlkə də 6 ildir. Bəlkə də ömürlük. Siz çalışın yeni dövrə uyğunlaşın. Misal üçün, mən ərəb dilini öyrənmək fikrindəyəm. Xarici qonaqlarımız üçün köşə yazacağam. Həmin köşə yazılarında hansı rayonda ucuz basdırma verilir, yüngül qızlar hansı bulağın başına yığışır, Dəymədağıldı rayonu, Üstüaçıq kəndində srağagün bənna Mamedin şəxsən tikdiyi 9-cu əsrə aid qalaya necə getmək olar – bunların yollarını göstərəcəyəm. Adım da ərəb adıdır, mənası isə torpaq. Daha ərəbə bu torpaqlarda yol-yolağanı mən göstərməyib, kim göstərəcək? Ərəb sərkərdəsi, Azərbaycanı işğal edib nimçədə xəlifəyə vermiş Afşin Heydər ibn Kavus da milliyyətcə türk, indi işlənən mənasız terminlə desək, azərbaycanlı millətindən olmuşdur. Ah-vah. Necə deyərlər, sapı özümüzdən olmasa, balta bizi kəsməzdi.
Alçaq adamlar turistlərə mane olmasalar, bu projemiz uğurla davam edəcəkdir. Gorbagor Lenin bunu tarixin spiralvari inkişafı adlandırırdı, deyirdi, tarix düzxətli olmur. (Bunu da Hegeldən çırpışdırmışdı yanılmıramsa). İndi bizdə ərəb işğalı dövrü geri qayıtmışdır. Sonra ruslar bir daha gələcəkdir. Arada monqol-tatar işğalları, gürcü knyazlarının yürüşləri də olacaqdır. Nizami İsgəndərin guya Bərdəyə yürüş elədiyini yazmışdı, ancaq bu, yalan idi. Bərdədən Zahid Orucun deputat olması isə tarixi faktdır. Xəzərlərin Dağıstan tərəfdən girib İraqa yürüş eləməsi, Ağqoyunlu, Qaraqoyunlu dövlətlərinin yenidən yaranması, Əbülfəz bəyin təzədən Kələkiyə getməsi, Fərəc Quliyevin türməyə düşməsi – bunların hamısını da öncədən görürəm.
Bəs siz necə, turizm sektorunda öz yerinizi görürsünüzmü?