Əsədin SEPAH döyüşçüləri tərəfindən gizli qaçırıldığı bildirilir
Suriya prezidenti Bəşər Əsəd Qərb ölkələrinin hazırladıqları kütləvi raket zərbələri barədə verilən xəbərlərdən sonra ailəsi ilə Tehrana qaçıb.
Real TV “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu məlumatı ilk olaraq BƏƏ-nin “Erem News” agentliyi yayıb.
Mənbəyə görə, SEPAH döyüşçüləri gizli olaraq Bəşər Əsədin, ailəsinin və yaxın ətrafının Dəməşqdən Tehrana köçürülməsinə kömək ediblər.
Rusiya hökuməti isə məlumatı təkzib edib. Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Aleksey Çepa bildirib ki, verilən informasiyalar həqiqətə uyğun deyil.
“İndiki vəziyyətdə müəyyən qüvvələr yalan xəbərlər yaya bilər. Gəlin, onlara inanmayaq. Suriyada vəziyyət bundan qat-qat ağır olan zaman – ölkənin əksər ərazisi və hətta Dəməşqin bir hissəsi hökumət qüvvələri tərəfindən nəzarətdə olmadığı bir dövrdə belə Bəşər Əsəd heç yerə getməmişdi”, – rusiyalı siyasətçi qeyd edib.
Suriya hökumətindəki mənbələrdən də bildiriblər ki, B.Əsədin İrana qaçması ilə bağlı yayılan xəbərlər yalandır. Verilən məlumatlara görə, B.Əsəd və onun ailəsi Suriyadadır.
“B.Əsədin İrana qaçması ilə bağlı verilən məlumatlar həqiqətə uyğun deyil. Bəşər Əsəd və ailə üzvləri heç yerə qaçmayıblar. Onlar Suriyadadırlar”, – deyə məlumatda bildirilib.
Qeyd edək ki, aprelin 8-də Suriyanın Şərqi Quta bölgəsindəki Duma şəhərində kimyəvi silah tətbiq edilib. Nəticədə yüzlərlə insan həlak olub. ABŞ hökuməti baş verənlərlə bağlı B.Əsəd rejimini günahlandırıb. Amerika hərbi texnikalarını Suriyaya yönəldib.