Загрузка...

ATV verilişində yayımlanan “Bizimləsən” verilişinin tanınmış psixoloq qonağı barədə qalmaqallı ittiham irəli sürülüb.

Bu barədə minval.info-ya Bakı sakini Natiq Quliyev məlumat verib. Baş mühasib vəzifəsində çalışan Natiq bəy psixoloq Rafiq Allahverdiyevin ona olan borcunu qaytarmadığını söyləyir:

“3 ildir mənə 1560AZN pul borcludur və bu müddət ərzində hər gün, hər həftə, hər ay yalandan söz verir və borcunu ödəmir. Güclə borcun bir hissəni ala bilmişəm. Amma hələ də pulun yarısını verməyib. Bir il süründürməçiliklə xırda-xırda min manatın qaytarıb”.

Natiq Quliyevin sözlərinə görə, hazırda qalan borcu ondan tələb etsə də, psixoloq bəhanələr gətirir və telefon zənglərinə cavab vermir: ““LOQOS” adlı nitq inkişafı mərkəzində insanlara psixoloji məsləhətlər verən Rafiq Allahverdiyev mənim psixologiyamı korlayıb. Dəfələrlə söz verməyinə baxmayaraq borcunu vermir. Bəlkə məsələ ictimailəşəndən sonra pulu ödəyər”.

Bununla əlaqədar Minval.info psixoloq Rafiq Allahverdiyevlə əlaqə saxlayıb.

Mütəxəssis deyilənləri gülüşlə qarşılayıb və həmin insanı tanıyıb-tanımadığımızı soruşub: “Siz onu ətraflı tanıyın, görün kimdir, nəçidir və dedikləri həqiqətə uyğundurmu…? İstənilən bir şeyi demək olar, düzdürmü? Əslində, o yaxşı adamdır, dindardır, mədəni bir insandır. Amma burada söhbət borcdan getmir, tamam fərqli bir şeydir. Bəlkə heç qaytarılacaq pul deyil? Təbii ki, insan aldığı borcu qaytarmalıdır. Bu mövzu mübahisəlidir. Sadəcə, aramızda müəyyən işgüzar məsələlər olub. Ona borc bildiyim qədərini qaytarmışam”.

Rafiq Allahverdiyev qeyd edib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Psixoloq xəbərin işgüzar nüfuzuna xələl gəldiyini düşündüyü üçün belə fikirləşir: “Siz ictimai saytsınız və yüzlərlə insan oxuyur. Mənim hüquqlarım var. Onu və sizi yanlış informasiyaya görə, hüquq-mühafizə orqanlarına verə bilərəm”.