Загрузка...

…Məktəblərdə rüşvət hallarına hələ də rast gəlinirmi? Bəli!..

Buna görə işdən qovulanların üsyanı necə, varmı? Var!..

Müəllimlərin standarta uyğun olmaması hallarına, saxta diplomlu kadrların necəsə illərdir sistemə oturmasına şahidikmi? Bəli!..

Direktorlar arasında ümumiyyətlə sistemdən silinməli admalar varmı? Bu da istisna deyil.

Hətta ən yüksək səviyyədə belə çıxarmağa güc yetməyən, sözün bütün mənalarında yararsız kadrlar mövcuddurmu? Mövcuddur!..
Arxası əmiyə, dayıya və sairlərə bağlı olanlar necə varmı? Var, bütün sistemdə olduğu kimi təhsildə də bunu inkar eləmək olmaz.
Dərsliklərlə bağlı min bir fırıldaqlar necə, aşkara çıxarıldımı? Çıxarıldı!
Hələ də bu dərslik problemi mövcuddurmu? Bəli, mövcuddur!

Bizi isə ancaq İNTİM maraqlandırır…

…Gündəlik xəbər lentlərində ən azı iki-üç ailədaxili münaqişə zəminində baş verən kriminal və əxlaq standartına uymayan yazı, başlıqlar görürük, yəni intim. Bizi bu məsələnin mənəvi tərəfləri maraqlandırırmı? Maraqlandırmır! Nə öldürülən qadın, nə xəyanətə uğrayan kişi, nə onların adı açıqlandığı halda yaşanacaq utanc kimsənin vecinə deyil. O da kiminsə vecinə deyil ki, həmin ailələrdə azı iki və artıq psixoloji travmalı uşaq böyüyəcək. Onların böyüyüb kim olacağı da maraqlı gəlmir bizə?

Bizi ancaq İNTİM maraqlandırır…

…Bir kişi oğlu və yaxın əqrabası ilə başqa bir kişini tövlədə zorlayıb. Xəbər yükü var, razıyam. Amma seçim qarşısında qalsaq verməmək də mümkün idi. Çünki iyrəncdir. Kökündə hansı problem durur-dursun, murdar mənzərədir. Biz bunu ictimailəşdiririk. Amma cəmiyyətə həm də bir ata-oğul münasibəti təqdim etdiyimizin fərqinə varmırıq.

Bizi ancaq İNTİM maraqlandırır…

… İndi deyirik ki, insanlar cahildir, zövqsüzdür, savadsızdır. Getdikcə kütləyə cevrilir və heç bir məsələ haqda kökündən, ciddi düşünmür. Eləcə hər şeyə görə söyür, oturur aşağı. Ancaq bir qarın yemək, əyləncə və şou axtarır. Bu auditoriyanı biz formalaşdırdıq. Düşünmədik ki, insanları bu qədər aşındırırlarsa, ortada həm də bir milli təhlikəsizlik, xalqı kütlə eləmək ehtimalı da var.

Bizi ancaq İNTİM maraqlandırdı…

Məktəblilər arasında psixotrop maddələrin yayılmasına dair məlumatlara rast gəlirik. Deyrik ki, məktəblərdə nəzarətsizlikdir. İttihamda həqiqət yox deyil. Amma bu da həqiqətdir ki, belə halları törətmək istəyən nəyin bahasına olur-olsun, edir. Bizsə müəllimi söyüb və qara biznes maraqları olan dairələri unuduruq. Səmimi olsaq, o tərəflərə baxmağa belə ürək eləmirik. Çünki bu məsələ bizi də, məktəbin üst qurumu olan nazirliyi də, mətkəb direktorları və müəllimləri, hətta o uşaqların böyüdüyü ailələri də aşar. Və bütün bunlar həm də siqnaldır.

Ciddi nəzarət mexanizminə ehtiyac olması barədə siqnal. Bacarsaq nə gözəl, bacarmasaq yazıqlar olsun gələcəyimizə. Hələ ki, bacara bilməmişik.

Bizi ancaq İNTİM maraqlandırır…

…Onda bir az da elə intimdən deyim. Daha doğrusu, məktəblilərin məhşur intim olayından. Qızın da, oğlanın da adları məlum oldu. Üstəlik, oğlanın ehtimal edilən keçmiş məmur babasını da tapdılar. Hələ instaqram səhifəsində qızın qolunu necə lezvalaması epizodunu da yaydılar. Oğlan tutuldu, qız biabırçılıq yaşadı təkrar. Üstəlik, ailələri biabır oldu. Bir də bəlli oldu ki, dəfələrlə qolunu kəsən qız həm də qismən psixoloji problemli imiş. Normal adam özünü niyə tez-tez lezvalasın ki?!.. Üstəlik, o da aydın oldu ki, ortada heç bir zorakılıq faktı yoxdur. Bu iki yeniyetmənin şüurlu şəkildə qərar verib icra elədiyi aktdır. Biz bu hadisədə mənəvi olaraq itirdiklərimizin fərqində olmadıq. Əslində zorakılığa məruz qalan mənəviyyatımızdır. İndi məsələ hüquqi müstəviyə keçəndən sonra dövlət qurumları ayılıb. Deyirlər ki, bəs uşaqların adını açıqlayan media qrumları cəzalandırılacaq. Qardaşlar, nə faydası var?! Biz beləyik, hər şeyi ya beşikdə boğarıq, ya da gecikib biabır olandan sonra gizlətməyə çalışarıq. Amma yenə də “nə faydası var?” sualı aktuallığını itirməz…

Bəlkə də insanların seksual və intim münasibətləri haqda arqument toplamağa sərf olunan zaman və pul başqa şeyə yönəlsəydi, indi xeyli işlər görülmüşdü. Bütün sahələrdə geriləməyimizin bir səbəbi də budur, adamlarımız kompromat yığır, bir-birini “vurmaq” üçün.

İntimdən başımız açılsa, bu məqamlara da diqqət etməyin yeri var. Fikir vermisinizsə, son illər belə bir tendensiya müşahidə olunur. Adama elə gəlir ki, təhsil sistemində müəllimli-şagirdli bir xeyli seksual manyak cəmlənib. Müəllim-şagird, şagird-direktor, müəllim-direktor intim münasibətləri bitib-tükənmək bilmir. Hadisələrin bir çoxunun tarixinə diqqət edəndə bəlli olur ki, bir neçə ay öncə baş vermiş məsələlərdir. Tədbir görülməsin, haqqında danışılmasın demirəm. Sadəcə, maraqlıdır niyə iki, üç ay gizlədiləndən sona biabırçı şəkildə ortaya çıxarılır. Həm də quru material olaraq. Heç bir tərəfi araşdırılmadan.

Bəli, şagirdlər arasında məlum xoşagəlməyən hadisə yaşanıb, danılmır. Bu əxlaqsızlıqdır, mənəviyyatsızlıq və tərbiyəsizlikdir, müəllim diqqətsizliyi, valideyin nəzarətsizliyidir. İki gənc insanın mənəvi durumunun hansı həddə olduğunun göstəricisidir. Bu bir də bizim cəmiyyət olaraq hara getdiyimizi göstərir. Bu əslində SOS siqinalıdır.

Bu hadisələr ölkədə müəllimlərin diaqnostik qiymətləndirməsi zamanı kütləvi idi. Onda hələlik məsələ müəllimlər səviyyəsində idi. Yəni adam döyən, rüşvətxor, bacarıqsız müəllimlər idi gündəmdə. Sonra direktorların seçimi mərhələsində bəlli oldu ki, direktorların bir hissəsi seksual manyak imiş. İndi bu mərhələ də səngiyib, çünki o proses artıq rəsmi olaraq yekunlaşıb. Başlayıb o mərhələ ki, məktəblər əxlaqsızlıq yuvasına çevrilməkdədir. Əvvəla, bir fakta əsaslanıb bütün sistem haqda fikir formalaşdırmaq olmaz. Hücumlar fərdlərə qarşı olanda heç olmasa məsələni ümumilikdən çıxarmaq lazımdır. Çıxarılmırsa, mütləq alt səbəbləri var. Bu dəfə yəqin ki, boş qalan kürsülər üstündədir “dava”. Hər halda bu fikir ehtimal olsa da mövcuddur. Bütün bu ehtimalları və mövcud problemləri araşdırmaq imkanlarımız da, bacarığımız da var, amma bizi intim daha maraqlandırmasa…