Ötən günlərdə Almaniyanın Frankfurt şəhərində qeyri-adi hadisə yaşanıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, terminalda yoxlanış zamanı sərnişinlərdən birinin yükündə aşkar edilən 100 ml. dezodorantı təhlkəsizlik əməkdaşları almaq istəyib. Bu səbəbdən sərnişinlə aeroport əməkdaşları arasında mübahisə düşüb. Professor olan sərnişin təhlükəsizlik əməkdaşını “alman nazisi” adlandırdığı üçün həbs edilib.
Almaniyada birini “faşist”, “nasist” olmaqla ittiham etmək böyük cinayət hesab edilir.
Bəs təyyarədə hansı sözlərdən istifadə etmək olmaz?
Son illərdə terror hadisələrinin artması səbəbindən bəzi sözlərin terminallarda istifadə edilməsi qadağan edilib. Belə ki, xarici ölkələrin hava limanlarında işçilər sərnişinlərə nəzarət etməklə yanaşı, həmçinin onların nə danışdıqlarına da diqqət edirlər. Bəzən sizinlə yanaşı oturan biri hansısa kəlmənizdən şübhələnib, sizi şikayət edə bilər.
ABŞ Hava Yollarının hava limanlarında və təyyarədə istifadə edilməyəcək sözlərin siyahısını hazırlayıb. Həmin siyahıda terrorçu(terrorist), bomba (bomb), raket(missile), silah (gun), 9/11 (11 sentyabr hadisəsini xatırlatdığı üçün) partlamaq (explode), partlayış (explosion), cinayət (killing), intihar (suicide), kimyəvi (chemicals) sözləri yer alıb.
Əgər əşyalarınız yoxlanılarkən aeroport əməkdaşının “baqajınızda nə var?” sualına, gülümsəyərək “bomba” cavabını versəniz, başınız ağrıya bilər. “Zarafat etmişdim” desəniz belə bu, sizi xilas etməz. Çünki aeroport əməkdaşları belə zarafatlara heç vaxt gülməzlər.
Oxşar hadisə Türkiyədə baş verib. Belə ki, sərnişinlərdən biri təsadüfən işlətdiyi “istidən partlayırıq” ifadəsinə görə təyyarədən endirilib.
Düzdür, əgər hər hansısa bir şübhəli vəziyyət aşkar edilməyibsə, siz sərbəst buraxılacaqsınız, lakin reysinizi qaçırmayacağınıza dair heç kim sizə zəmanət verməyəcək.