ABŞ-ın nüvə arsenalının müasirləşdirilməsi Vaşinqton üçün aktual problemdir, amma onun reallaşdırılması sabitləşmiş güc balansını silkələyə bilər.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Beynəlxalq Təhlükəsizlik Problemləri İnstitutunun əməkdaşı Aleksey Fenenko bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dünən Konqresi ölkənin hərbi büdcəsinin ixtisarına son qoymağa çağırıb, həmçinin Amerikanın nüvə arsenalının müasirləşdirilməsi ehtiyacı haqqında danışıb. Onun sözlərinə görə, Çin və Rusiya ABŞ-ın maraqlarına, iqtisadiyyatına və dəyərlərinə zidd addımlar atır.
“Amerikalılar hələ ki Ronald Reyqan dövründə (1981-1989) olan nüvə potensialına söykənirlər. Reyqan dövründən bu yana genişmiqyaslı müasirləşməni hələlik görməmişik. Nüvə silahının yararlılıq müddəti var. Düşünürəm ki, amerikalılar nüvə arsenalını yeniləməyə hazırlaşırlar”, – Fenenko bildirib.
Onun sözlərinə görə, Rusiya üçün belə vəziyyətdə istənilən sonrakı silahsızlaşmadan imtina optimal strategiyadır.
“İstənilən sonrakı silahsızlaşma bizim milli təhlükəsizliyimiz üçün kritik olacaq”, – Fenenko əlavə edib.
Ekspertin qiymətləndirməsinə görə, proqramın icrası Trampın administrasiyasının dövründə başlanarsa, onun reallaşdırılması 2025-2027-ci illərə qədər davam edə bilər.