“Qan idi içdiyimiz. Sənin axıtdığın Qıpqırmızı qan idi, İlahi”.

(Paul Selan)

****

Qarabağ uğrunda, Azərbaycanın ərazi bütövlüyünü qorumaq uğrunda ölən insanlara ödənməli sığorta pulu (“qanpulu”) problemi vardır, diqqətli zəhmətkeşlərimiz bilirlər. Son illər ölənlərin ailələri pis-yaxşı nəsə alır, ancaq 2006-cı ildən qabaq ölənlərə 1000 manata qədər pul verib başlarından ediblər. Bu məsələ Konstitusiya Məhkəməsinə qədər gedib çıxıb, ortada qərar var ki, torpaq uğrunda ölən hər kəsin ailəsi minimum 11 min manata haqq edir. Ancaq hökumət bu pulu verməyi saqqız kimi uzadır. Bu payız dövlət büdcəsi deputatxanada müzakirə olunanda sönük ümid yaranmışdı ki, bəlkə indi verdilər, çünki az qala Oqtay Əsədov da problemdən danışmışdı. Xeyli deputat hökumətə müraciət eləmişdi, mediada müzakirə açılmışdı. Lakin budur, 2018-ci ilin təsdiqlənmiş büdcəsi ortadadır, orada şəhid ailələrinə üç barmağın konfiqurasiyasından başqa bir şey görünmür. Hər kəsə, hətta mollalara da cibxərcliyi nəzərdə tutulub, bircə bu qanpulu yoxdur.

Deməli 90-cı illərdə vətən təhlükə qarşısında qalanda döyüşmək yox, mollalıq oxumaq lazım imiş. Torpaq uğrunda dua edən varsa vətənmiş. Dua oxumaqla donuz darıdan çıxacaqmış. Sözgəlişi, Qarabağ ermənilərinin dini lideri 1992-1994-cü illərdə silah götürüb bizə qarşı döyüşüb, təəssüf ki, münaqişə tarixində biz, necə deyərlər, təsbehi silaha çevirən bir mollaya da rast gəlmirik. (Hansısa kənddə, obada bir-iki təsadüfün olmasını inkar etmirəm, söhbət respublika səviyyəsində, ən azı region timsalında tanınan din xadimlərindən gedir).

Ümumiyyətlə, bu patriotizm məsələsi tarixən ən yaxşı alver temalarından biri olmuşdur. Rus ədəbiyyatının görkəmli klassiki Saltıkov-Şedrinin dahiyanə aforizmində deyilən kimi: “Əgər Rusiyada kimsə vətənpərvərlikdən danışmağa başladısa, anlamalıyıq ki, hardasa nəyisə oğurlayıblar”. Əsgərlikdə bir “dezertir”lə yaxından tanış olmuşdum, qardaşımız az qala bütün hərbi xidmətini hospitalda keçirmişdi. Bir neçə il keçdi, bir də gördüm dostumuz… ordu temasında qeyri-hökumət təşkilatı qayırmışdır. Bacarıqlı adamdır. Bu saat da haçan televizoru, soyuducunu, ütünü toka taxsan görərsən orda bu qardaş vətənpərvərlik, ordunu sevməyin vacibliyi temasında millətə dərs keçir. Halbuki, ən yaxşı halda “Hospital Zabitləri Birliyi” qayırmalı idi. Hələ bu babatdır, yenə özünə cavabdehdir, hərbi xidməti dönəmində əsgərlərini milçək kimi qırdıran bir general tipi var, indi patriotizm temasının ağsaqqallarından birinə dönmüşdür. Nə deyə bilərsən ki. Heç zad. Üstəlik, türmələr də dolub-daşır.

Bunu təzəlikcə öyrəndik. Dövlət idarələrinin birində (yenə ad yazmıram, çünki hamısı bir bezin qırağıdır – biz də qorxaqlığımıza bu cür haqq qazandıraq) saxlanılan dustağın məhkəməsi zamanı vəkillər qəribə vəsatət qaldırıblar, hətta hakim də məhkəmə tariximizdə görünməmiş hərəkət edərək vəkil vəsatətini təmin edibdir: dustağı başqa türməyə keçiriblər. Səbəb isə belə göstərilib ki, öncəki türmədə artıq yer qalmayıbdır, dopdoludur.

Əcəb işdir. Cinayətkarlıqla mübarizə böyük səmərə verir, sabitlik dünyada olmayan dərəcədə artıb, hamı dövlətçiliyi dəstəkləyir, parklarda da müasir oturacaqlar qoyulubdur. Bəs bu türmələrə doldurulanlar kimlərdir? Niyə oralarda hər qəfəsə iyirmi bülbül düşür? Lap hesab edək bunun yarısı Banqladeşdən, İrandan, Nigeriyadan-filandan narkotik gətirənlərdir. Bəs qalanına nə sözünüz? Zəhmətkeşlərimizi danışdırsan deyərlər Niderlandda kişi yoxdur, ancaq orada türmələr dustaq qıtlığı üzündən bağlanır. Hətta bəzi türmələri başqa dövlətlərə kirayəyə veriblər. Bizdə isə türmələr aşıb-daşır.

Qayıdaq qanpulu temasına. Əlbəttə, büdcədə bu vəsaitin nəzərdə tutulmaması şəhid ailələrinə, müharibə əlillərinə (onlara da sığorta pulu verməyiblər) siyasi baxımdan təsir eləməyəcəkdir. Onların nümayəndələri yenə hakimiyyətin namizədini dəstəkləyən bəyanatlar verəcəklər. Bu paradoksun cavabı da qədim dövrlərdən məlumdur: “Biz siyasətə qarışmırıq”.