Deyir istintaq orqanlarımız keçmiş vergilər nazirimiz Fazil Məmmədovumuzun – hamısı bizimkidir, millidir, mizdir, muzdur – ölkədən çıxardığı milyardlarla dolların izinə düşüblər, az gediblər, üz gediblər, dərə-təpə düz gediblər, qabaqlarına bir qələçə çıxıbdır. Qələçənin bir kərpici qızıldan, bir kərpici gümüşdən qayırılıbmış. Nağıl dili yüyrək olar, bınlar girib qələçəyə, görüblər burda yeddi dənə qəşəng qızı saçından asıblar, yeddi icra hakimi… tfu, div uzanıb ortalığa, yeddi bacı da bu divlərin milçəyini qoruyur…
Əlbəttə, zarafat edirəm, həyatımız nə qədər nağılvari, arzular qanadında, gözəlliklər arasında, regionların inkişaf proqramı və müasir işıq dirəklərinə, “Ağ şəhər” projesinə uyğun ötsə də qəzetdə sizə nağıl danışmaq fikrim yoxdur. Biz ciddi adamlarıq. Dünən də ermənilərin pilotsuz uçan aparatını – dron qurğusunu vurub cəbhə xəttində yerə salmışıq. Sizcə, onlar niyə pilotsuz uçan aparat göndərirlər? Çünki adamları yoxdur! Ermənistan boşalır. O üzdən bizə tərəf ancaq pilotsuz qurğu göndərməyə imkanları çatır.
Qayıdaq Fazil müəllim temasına, orada yaxşı pul var, özümüzü yaxşı aparsaq bəlkə yağmalama prosesində bizə də bir şey düşdü.
Bəli, istintaq orqanları keçmiş vergilər nazirinin ölkədən çırpışdırdığı milyardların dalıyca gedib görüblər ki, pah, sən demə, Fazil müəllim bu pulların hamısını respublikamızın haqq işinə, Azərbaycan həqiqətlərinin dünyada tanıdılmasına və Qarabağ probleminin sülh yoluyla, elənçik alınmasa hərb yoluyla, belənçik də alınmasa zərb yoluyla həllinə sərf edibdir (Qərb yoluyla həll də var idi, oxuculara yazığım gəldi, onu yazmadım, ancaq qafiyə qəşəng tuturdu). Şair demişkən, Azərbaycan qayaların içində çiçək, Azərbaycan çiçəklərin içində qaya! Mənim könlüm bu dünyanı vəsf eləyərək, Azərbaycan dünyasından baxır dünyaya!
Vətənpərvər olmalıyıq. Hər kəs vətənini vergilər naziri kimi sevsəydi, ona nəsə versəydi, indi bütün dünya bizə verirdi. Vergi. Fazil müəllimin məşhur şeiri – bütün Aran yollarında dibinə camış bağlanan məşhur plakat da bu poetik düşüncənin təzahür formalarından biri idi: “Dövlətə vergi, Vətənə sevgi!” Bah-bah. Ah-of. Can-can. Oy-uy. Qoy yarım gəlsin, ay nənə.
Deməli, vergi müfəttişləri sizin, bizim, onun, sənin, mənim obyektimizi soyanda, belimizə minlərlə manat rüşvət, “şapka” yapışdıranda bunu Azərbaycan üçün edirmiş. Fazil müəllim bu pulları cəmləyib xaricdə bank hesabları, ofşor şirkətlər qayırırmış. Dolayısı ilə, bu saat hər birimiz deyə bilərik ki, xaricdə hesablarımız, ofşor şirkətimiz vardır. Düzdür, başqasının adınadır, doğrudur, bizə bundan qara qəpik qədər xeyir yoxdur, ancaq qəm eləmək olmaz. Əsas odur ölkəmizin adı xaricə çıxsın. Yeməkdən ümid yaxşıdır. At ölüb itlərin bayramıdır. Eşşəyin başını yusan yağış yağar. Və sairə və ilaxır. Qabaqdan gələn, böyürdən çıxan, arxadan yetişən, göydən düşən, yerdən çıxan bütün bayramlarınız da mübarək olsun. İntuisiyam deyir ki, ən çox bayram havası bu dəqiqə Fazil müəllimin evində-eşiyindədir. Axı o, milyard dolları xaricə aparmışdır, istintaq orqanlarımız da bunun dalıyca xaricə gedib xeyli əylənmişdir. Ümumiyyətlə, çalışmaq lazımdır hər bir azərbaycanlı vaxtaşırı xaricə getsin, Nyu Yorkda, Harlemdə yaşayan zəncilərin ağır həyatını öz gözüylə görsün.
Fazil müəllimin ailə şirkətinin adı da bizim milli həmrəyliyə gözəl örnəkdir: “Synergi Group” ASC. Axı sinergi – qədim dildə “birgə işləmək”, “əməkdaşlıq eləmək” mənasındadır. Vergi müfəttişləri uca millətimizi soyub pulları Fazil müəllimin xaricdəki şirkətlərinə daşıyarkən hamımız bu işdə əlbir olurduq. Burda dükanda həmin on minləri saxlasan uzağı “Bakuş” ala bilərdin. Fazil müəllim isə pullarımızı toplayıb xaricdə şirkətlər qururdu.
Bəs görəsən, belə sinerjili kadrı niyə işdən qovdular? Məncə, ermənilərin dünən uçub gələn pilotsuz qurğusu nəsə bununla bağlı idi.