“Bizləri çaşdırdı cavanlıq, İndi hər ikimiz çəkirik ah, ah, ah”
(xalq artisti Namiq müəllimin repertuarından)
Sosial müdafiə naziri yaşlı insanlarımızı sevindirən açıqlama vermişdir, deyir yanvardan pensiyalar qalxacaqdır. Nə qədər qalxacaqdır, onu deməyibdir, çünki məbləği eşitsələr ürəyi xəstə insanlar sevincdən ölə bilərlər. Axı bizdə pensiyalar adətən 75 qəpik, 1 manat 30 qəpik, canım sənə desin, 2 manat (!!! – bu lap fantastik artım növüdür, Ermənistanda heç vaxt rast gəlinməyibdir, o üzdən İrəvanda xalq qalmadı, hamısı Kaliforniyaya qaçdı getdi) artır. Qiymətlər artanda isə 5 dəfə, 10 dəfə. Özü də bu qiymət artımı nədənsə xaricdəki böhranlarla əlaqədar olur. Pensiyanı artırıb xaricdəki kimi eləmək isə lazım gəlmir, çünki bizim öz milli mentalitetimiz, suverenliyimiz, dəyərlərimiz, əxlaqımız vardır!
Nazir jurnalistlər əlinə keçmişkən ürəyini boşaldıbdır, ya da parlamentdə danışmaq xoşuna gəlibdir, çünki orda səs exo verir – hər halda, hörmətli Səlim müəllim daha bir informasiyanı manıslar demişkən, “efirlərə” yaymışdır. Deyir biz azərbaycanlılar olduqca sağlam millətik. Bunu da belə əsaslandırıb ki, bizdə fiziki məhdudiyyətli insanlar ümumi əhalinin 6 faizindən çox deyildir. Bir də biz cavan millət imişik.
Bu cavanlıq məsələsi əslində bütün şərq-müsəlman aləmində böyük demaqoqiya mənbələrindən biridir. Görürsən hansısa savadsız, qara kurtkalı qaqaş avtobusda-zadda qızıl xırdalayıb Avropanın qocaldığını, nəsillərinin tükəndiyini, müsəlmanların isə çoxaldığını, cavan olmasını qürurla, forsla deyir. Guya buna görə biz müsəlmanları Qərbdə sevmirlər. Müsəlman Kosovonu cəllad serblərdən kim qurtardı, milyonlarla müsəlman isə öz padşah sülalələrinin zülmündən qaçıb hansı dənizi üzüb, hansı cəhənnəmə can atırlar – bunları yada salmaq fikrində deyiləm. Hərçənd, Qərbdə qocaların çoxalması doğru faktdır. Ancaq bu, səhiyyənin, yaşayış şəraitinin, o cümlədən insan haqlarının yüksək səviyyədə olduğu Qərbdə təbii haldır axı! Bizim kimi ölkələrdə isə insanlar qocalmağa imkan tapmayıb cavan yaşlarda ölürlərsə, ümumi əhali nisbətində cavanların sayı çox olacaqdır. Misal üçün, Afrika bu baxımdan ən cavan əraizidir, adamlar 40 yaşdan sonraya keçmir. Sözümün canı odur ki, hansısa qaqaş səviyyəsində arqument irəli sürmək dövlət xadiminə yaraşan hal deyildir. Özü də deputatxana kürsüsü kimi müqəddəs yerdən! (Son vaxtlar cəmiyyətdə “filan şey müqəddəsdir, filan şey isə süpürgədir” tipində ciddi diskussiyalar açılmışdır, istədim buna töhfə verim. Bekarçılıqdırsa, biz niyə eləməyək?).
Fiziki məhdudiyyətli adamların sayının azlığına gələndə, burada da iqtisadi durum, dövlət siyasəti, həmçinin, ənənəvi sosial davranışlar böyük rol oynayır. O xəstəliklər ki, Qərbdə, sivil dünyada insana əlillik dərəcəsi verməyə yetərlidir, bizdə dövlət onların çoxunu heç tibbi ədəbiyyata salmır. Əsas da pul xərcləməsinlər deyə. Büdcədə qıtlıqdır. Bir az da adamlar əlil adından utanırlar. Çünki ölkədə tarixən əlilə pis baxılıb, müxtəlif axmaq adlar yapışdırılıb. Fiziki məhdudiyyətli adamlar küçəyə çıxmaq istəməyiblər bu üzdən. İndi də çıxmağa texniki vasitə, pul, şərait olmur. Belə olan halda “Bizdə fiziki məhdud adamlar cəmi 6 faizdir” demək çox asandır.
Ümumiyyətlə, hər kvadrat metrə yalan olmasın, 4 aptek düşən bir ölkədə əhalinin hansı sağlamlığından danışmaq olar? Camaat bütün günü orda-burda zarımaqla, dərdlərindən şikayətlənməklə məşğuldur. Düzdür, bunu o kinoda “Qribki, bu da mənim qrıjam” deyən personaj kimi eləyənlər də çoxdur, ancaq ümumilikdə bizi sağlam xalq saymaq çətindir. Yemək-içməyimiz, milli mətbəximiz, indiki iqtisadi durumumuz sağlam həyatdan çox uzaqdır.
Əslində dünyada “ən sağlam millətlər” indeksi deyə bir sosioloji anlayış vardır, “Blumberq” agentliyi hesablayır. 2017-ci ildə bu reytinqdə ilk beşlik belə olmuşdur: İtaliya, İslandiya, İsveçrə, Sinqapur, Avstraliya. İlk 50-liyə keçmiş SSRİ-dən yalnız Estoniya düşübdür: 38-ci yer. Azərbaycan isə heç ilk yüzlükdə yoxdur. O qədər axırlardadır ki, Blumberq heç bunu yazmağa ehtiyac duymayıbdır (araşdırma 163 ölkə arasında aparılıb).
Yəqin deyiblər gedin cavanlığınızı eləyin, indeks-zad nəyinizə lazımdır…