Qulu Məhərrəmli: “O miqyasda bir kanal üçün peşəkarlıq, sərbəstlik və azadlıq olmalıdır”
Noyabr ayının 15-də Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. İclasda xəbər televiziya kanalının yaradılması barədə müzakirələr aparılıb və ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı və Abşeron ərazisində 31-ci tezlik resursuna 16 noyabr 2017-ci il tarixdən, 16 dekabr 2017-ci il tarixədək müsabiqə elan edilib.
İclasda həmçinin Dalğa TV-nin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb və ona peyk yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilib.
“Qafqazinfo” isə Azərbaycan teleməkanında yenilik hesab olunacaq bu hadisə ilə bağlı kiçik bir araşdırma aparıb. Saytın əldə etdiyi məlumata görə, söhbət dünyada artıq çoxdan mövcud olan, özünü doğrultmuş bir layihənin ölkədə tətbiqindən gedir. Belə ki, dünyada fəaliyyət göstərən “Euronews”, CNN, BBC, NTV, “Rossiya24″, ”Əl Cəzirə” kimi sırf xəbər kanallarının milli versiyasının yaradılması nəzərdə tutulub.
Bununla da, həmin xəbər TV-si vasitəsilə Azərbaycan dünya informasiya mübarizəsinə qoşulmuş olacaq.
Məlumatlara görə , yeni TV qeyd etdiyimiz kimi sırf xəbər üzərində köklənmiş, beynəlxalq əhəmiyyətə malik məlumatları bir neçə dildə, əsasən də ingilis və rus dillərində yaymaqla məşğul olacaq. TV -nin gələn il yayıma buraxılacağı, ən son texniki avadanlıqlarla təmin olunacağı, peşəkar kadrların xidmətindən istifadə olunacağı gözlənilir.
Bu, Azərbaycan jurnalistlərinin və tamaşaçılarının öyrəşdiyi TV kanalı formatında deyil, beynəlxalq standartlarla işləyəcək ki, burada da xarici mütəxəssislərin xidmətindən istifadə qaçılmazdır. Məhz belə halda sözügedən TV-nin dünya arenasına çıxışı təmin oluna bilər. Maraq üçün bildirək ki, müsəlman ölkələrində mətbuat kütləvi şəkildə inkişaf etməsə də, “Əl Cəzirə” kimi nümunələr yaradılıb və dünyanın istinad mənbəsinə çevrilə bilib. Yəni demokratiya və texnikanın inkişaf səviyyəsindən asılı olmayaraq, bu konsepsiya reallaşdırıldığı məkanda özünü doğruldub.
Bu xəbər Azərbaycan tamaşaçısı üçün müsbət kateqoriyaya daxildir. Alternativin olması, xüsusən də onun yeni, dünya standartlarına uyğun xəbər kanalı kimi fəaliyyət göstərəcəyi sevindirici haldır. Ölkəmizdə doğru və obyektiv xəbərə ehtiyac hər zamankından daha artıqdır. Amma bununla belə, ölkədə bunun üçün münbit şərait olmadığı səslənən fikirlər sırasındadır. Bundan başqa, TV sahəsində çalışacaq kadrların azlığı da yeni bir telekanalın açılması, oradakı işçi potensialını təmin etmə baxımından problem kimi görünür.
Media eksperti Qulu Məhərrəmli dedi ki, Azərbaycanda gerçəkdən də yeni xəbər kanalının açılmasına ehtiyac var. Onun sözlərinə görə, hazırda xəbər proqramları ilə bağlı ortada ciddi boşluqlar var: “Adi bir misal: Bakı-Tbilisi-Qars layihəsinin işıqlandırılması Türkiyə kanalları necə xəbərçilik nümunəsi göstərdi, bizimkilər necə? Bizimkilər bəsit bir nümunə ortaya qoydular. Təbii ki, kadr potensialı məsələsi də var. İndi ən yaxşı TV hesab olunan kanalların yarım saatlıq xəbərlər verilişində nələr gedir? Hansı hadisələr izlənilir, hansı təbliğat məqsədilə düşünülüb? Xəbər kanalı o deməkdir ki, hər saatbaşı xəbər verilişi verilsin. CNN, ”Əl Cəzirə”, BBC bu qəbildəndir. Amma o miqyasda bir kanal üçün peşəkarlıq, sərbəstlik və azadlıq olmalıdır. Bunlar olmasa da kanal açıla bilər, doğrudur. Amma Azərbaycan tamaşaçısı yenə xəbərləri Türkiyə, Rusiya, BCC-dən alacaqsa, bu, qəbulolunmazdır. Dediyim şərtlər olmadığı təqdirdə böyük perspektiv görmürəm”.
Q.Məhərrəmli hesab edir ki, Azərbaycanda yeni telekanal üçün kadr potensialı var. Onun sözlərinə görə, yaxşı telejurnalistlər, redaktor və montajçılar yetişib və püxtələşiblər. Müsahibimizin fikrincə, onların bilik və bacarığı yetərlidir: “Amma televiziya menecmenti günün səviyyəsində deyil. Necə ki, komanda rəhbərləri yaxşı futbolçuları qoruyurlar, telekanallar da yaxşı kadrları qorumalıdılar. Amma televiziyada yaxşı kadrlar lazım olan qayğını görmürlər. Kiminsə kimdənsə xoşu gəlmirsə, qovulur. Amma ölkə teleməkanında xəbər sahəsinin yaxşılaşdırılmasına ehtiyac var. Nisbətən ATV-ni istisna etmək olar. Çünki onlarda nisbətən diqqəti cəlb edən məqamlar var”.
Media eksperti onu da vurğuladı ki, açılacaq kanalı yüksək səviyyəyə qaldırmaq üçün peşəkar xəbər adamları lazımdır. Müsahibimizin fikrincə, ilk bir-iki ay yaxşı işləmək kifayət deyil: “Bu, sistemli bir xətt olmalıdır. Xəbər kanalı yaratmaq böyük potensial, maliyyə və yaradıcılıq tələb edir. Bunun məsuliyyətini dərk edib işə başlamaq və onu davam etdirmək lazımdır”.