Загрузка...

Aktrisa Şəhanə Yusifovanın BAKU.WS-ə müsahibəsini təqdim edirik:

– Sizi “Aramızda qalsın” serialından 5 il sonra “Ata ocağı” serialında yenidən gördük. Geridə qoyduğunuz bu 5 ildə nələr baş verdi?

– Karyerama 20 yaşımda, İncəsənət Universitetində oxuyarkən başlamışam. İlk dəfə Xəzər TV-də “Aramızda qalsın” serialına çəkildim, daha sonralar digər filmlərdə, seriallarda da rol aldım. Dövlət tədbirlərində aparıcılıq edirdim. Aparıcılıq etməyimə baxmayaraq, əsas sənətim aktrisalıqdır. 5 ildən sonra yenidən Xəzər TV-də “Ata ocağı”nda göründüm. Deyirlər ki, uğurlu alınır.

– “Ata ocağı” serialında yaratdığınız obraz haqqında nə deyə bilərsiniz?

– Bu artıq ikinci mənfi obrazımdır. Təbii ki, insan həyatda öz istəyi uğrunda mübarizə aparır. Canlandırdığım Nuray obrazı bir oğlanı sevir. O, oğlan gəlir onun işlədiyi teatra və onların arasında münasibət yaranır. Serialda Nurayın sevgisinə mane olan tərəf də var. Tamaşaçıları irəlidə çox maraqlı serialar gözləyir. Mən hər zaman həlledici obrazları bəyənmişəm. Obraz məqsədi uğrunda mübarizə apara bilməlidir, aciz olmamalıdır.

– “Aramızda qalsın” serialında yaratdığınız Ceyla obrazı daim tum çırtlamağı və söhbət etməyi sevirdi. Bəs həyatda nələri sevirsiniz?

– Həyatda çox sakit insanam. Mənim üçün hər şeydən önəmli ailəmdir: bacımın ailəsi, qardaşım, anam. Onlarla xoş vaxt keçirirəm, tez-tez bizi şəhərdə bərabər görürlər. Kitab oxuyuram, filmlərə baxıram, araşdırıram. Mənim düşüncəmə görə bir aktrisa istedadlı doğula bilər, amma daim axtarışda olmalıdır, sənəti ilə bağlı nələri isə araşdırmalıdır. Rejissor aktrisaya bir çox obrazlar təklif edə bilər. Sən həkim də ola bilərsən, müəllim də. Hər bir sahədən məlumatlı olmalısan.

“Ondan övladım olsa, xəyanətini bağışlayaram” - aktrisa Şəhanə Yusifova

– Ümumiyyətlə, aktrisa olmaq həvəsi sizdə hardan yarandı?

– 2009-cu ildə məktəbi bitirdim və İncəsənət Universitetinə qəbul oldum. Məni ali məktəbə hazırlaşdıran və bu sənətə həvəs yaradan “Bəxt üzüyü” filmindən Sara obrazı ilə tanınan əməkdar artist Gülşad Baxşıyeva oldu. Əslində mən neftçi ailəsində dünyaya gəlmişəm. Valideynlərim istəyirdilər ki, onların yolunu davam etdirim, amma mənim həvəsim səhnəyə idi. Yaxşı ki, bu sahədəyəm. İnsan özünü hansı yöndə, tərəfdə görürsə gərək orada olsun. Əgər sən sevmədiyin bir işlə məşğul olsan xoşbəxt ola bilmərsən.

– Özünüzü şanslı aktrisa hesab edirsiniz?

– Hə. Mənim üçün gündə efirlərdə və yaxud saytların gündəmində olmaq önəmli deyil. Mən işimlə gündəmə gəlməyi sevirəm.

– Fikrinizcə, aktrisada ən vacib olan keyfiyyət nədir?

– İlk növbədə faktura önəmlidir, amma aktrisa üçün hər bir şey istedaddan başlayır. İstedadlı olsan belə daim öz üzərində işləməlisən, bu sənətin sirlərini öyrənməlisən, məşq etməlisən.

“Ondan övladım olsa, xəyanətini bağışlayaram” - aktrisa Şəhanə Yusifova

– Bu sualı cavablandırmaqda bir çox aktrisalar çətinlik çəkir. Azərbaycanda 18+ filminə çəkilərdiniz?

– Hal-hazırda bu Azərbaycan üçün uyğun deyil. Yalan deməyim, çəkilmərəm. Hər gün mən evdən çıxanda anam deyir ki, başımı uca elə. Düşünürəm ki, açıq-saçıq səhnəyə çəkilsəm mənim valideynim üzülər. Mənim üçün özümdən də önəmli anamdır.

– Şou-biznesdə müğənnilər arasında bir-birinə “quyu qazanlar”, “ayağını çəkənlər”, arxasınca danışanlar var…

– Demək olar ki, bütün aktrisalarla münasibətim yaxşıdır. Heç bir aktrisa ilə problemim yoxdur. Digər aktrisaların bir-birinə qarşı olan haqsızlıqarı anlamıram.

– Tez-tez sosial şəbəkədə paylaşdığınız şəkillərlə və yeni fotosessiyalarınızla gündəmə gəlirsiniz. Model kimi də çalışmaq istərdiniz?

– Həddindən artıq çox təkliflər almışam, amma özümü heç vaxt model kimi sınamaq istəməmişəm. Hətta model agentlikləri təklif edirlər, amma bu haqda heç düşünmürəm. Bir aktrisa kimi isə fotosessiyalar etməyi çox sevirəm, tezliklə daha biri işıq üzü görəcək.

“Ondan övladım olsa, xəyanətini bağışlayaram” - aktrisa Şəhanə Yusifova

– Sizi nə ilə təəccübləndirmək olar?

– Maraqlı fotosessiya ilə. Mən sosial şəbəkələrdə xarici səhifələrdə modellərin, aktrisaların canlandırdığı obrazlara baxıram. Maraqlı bir fotoçəkilişlə diqqətimi cəlb etmək olar. Türkiyədə keçirilən müxtəlif istedad yarışmaları var. Fərqli bir bacarıqla da məni təəccübləndirmək olar.

– Həyatınızın ən unudulmaz günü hansı olub? Bunu oxucularla bölüşə bilərsinizmi?

– Həyatda hər zaman şükür etmişəm. Həyatımın ən unudulmaz, şok keçirdiyim günü isə 2012-ci ildə olub. Həmin il atamı itirmişəm.

– 2012-ci ildə açıqlamalarınızın birində demişdiniz ki, 4-5 ildən sonra ailə qurmaq haqqında fikirləşəcəksiniz. Həmin açıqlamanızdan 5 il keçdi. İndi nə düşünürsünüz?

– Bu gün mənim 26 yaşım var. Ürəyimə yatan, sənətimi qəbul edən, ailəmə hörmət edən biri qarşıma çıxsa niyə də ailə qurmayım.

– Ürəyinizdə biri var?

– Ürəyimdə biri yoxdur, amma olacaqsa bunu şəxsən sizə açıqlayacağam.

“Ondan övladım olsa, xəyanətini bağışlayaram” - aktrisa Şəhanə Yusifova

– Müğənnilərimizdən biri müsahibəsində qeyd edib ki, 300-400 manat qazancı olan bir oğlanla ailə həyatı qurmaz. Bu fikrə münasibətiniz necədir?

– Kimdən danışdığınız başa düşdüm, həmin süjeti izləmişəm. Siz bilirsiniz ki, Azərbaycanda aktyorların qazancı o qədər də yüksək deyil. Bu xanım üçün keçərli ola bilər, amma bəy üçün o qədər də yox. İncəsənət sahəsində çalışan bütün aktyorlara böyük hörmətim var, amma gələcək həyat yoldaşımı digər sahədən olmasını istəyirəm.

– Münasibətlərdə nəyi daha üstün tutursunuz?

– Düzgünlüyü. Bu mənim üçün çox önəmlidir. Yaxınlarım bilir ki, dostluqda çox sadiqəm. Əgər bir insanı həyatıma dost olaraq, rəfiqə olaraq qəbul edirəmsə demək ki, mən ona dəyər verməliyəm. Dostluqda, münasibətdə düzgünlük və mərdlik çox önəmlidir.

“Ondan övladım olsa, xəyanətini bağışlayaram” - aktrisa Şəhanə Yusifova

– Xəyanəti bağışlayarsınız?

– Mənim üçün ailə çox önəmlidir və mən yalnız sevib ailə həyatı qura bilərəm. İnsanıq, həyatda səhv edə bilərik. Əgər ondan, yəni sevdiyim şəxsdən övladım olsa, xəyanətini bağışlayaram. Ailəm dağılmasın deyə övladlarımın atasını istəmədən etdiyi bir səhvinə görə bağışlaya bilərəm.

– Hələlik oxucularımıza deyəcəkləriniz…

– Çox maraqlı saytınız var, oxunur. İrəlidə maraqlı fotosessiyalar, film çəkilişləri gözlənilir. İnşallah yeni xəbərlərlə, açıqlamarla yenidən sizin qonağınız olaram.