Mərkəzi Bnakın şənbə gününü banklar üçün iş günü elan etməsi ölkədə müəyyən qədər təşvişə səbəb olub.
BAKU.WS-in məlumatına görə, KİV-də üçüncü devalvasiyanın olacağı barədə xəbərlər sürətlə yayılıb.
Ölkədə ikinci devalvasiya baş verməzdən əvvəl də eyni tendensiya yaşanmışdı. Bu səbəbdən Mərkəzi Bankın bugünkü açıqlaması da insanlar arasında ajiotaja səbəb olub,
İqtisadçı-ekspert Samir Əliyev isə BAKU.WS-ə bildirdi ki, hazırda üçüncü devalvasiyadan söhbət gedə bilməz.
“Mən bildiyimə görə, bankların şənbə günü işləməsi ilə bağlı qərarın verilməsi vergi yığımı ilə bağlıdır. Ayın axırı olduğu üçün vergi yığımında ləngimələr var. Üçüncü rürbün vergisini ödəməyənlər bu ayın axırına qədər ödəməlidirlər. Hesab edirəm ki, bu devalvasiya əlaməti deyil. Bu gün belə narahatçılıq görünmür. Tədiyyə balansı 2015 və 2016-cı illə müqayisədə nisbətən yaxşıdır, müsbət saldo yaranıb”, – deyə Samir Əliyev qeyd etdi.
Yaranmış vəziyyətlə bağlı Mərkəzi Bank ikinci dəfə açıqlama verib. MB bu xəbərlərin heç biri əsasının olmadığını bəyan edib.
“III rübün başa çatması ilə əlaqədar olaraq dövlət büdcəsinə daxilolmaların kütləviliyini, xərclərin aparılmasının rəvanlığını və hesablaşmaların başa çatdırılmasının təmin edilməsi zəruriliyini nəzərə alaraq, ölkədaxili hesablaşma-kassa əməliyyatlarının aparılması məqsədilə 30.09.2017-ci il tarixi bank sistemi üçün rəsmi iş günü elan olunub.
Bununla bağlı kommersiya banklarına rəsmi bildiriş göndərilib”.