Təyyarə sərnişinlərinin ən zəhləsi gedən şeylərdən biri sensorlu arakəsmədən keçərkən şalvarlarının kəmərinin çıxarılmasıdırsa, biri də noutbukların çantadan götürülməsi və işə salınmasıdır.
Bunun dərdindən bir çox sərnişinlər az qala şalvarsız uçmaq istəyirlər. “Şalvarsız” deyəndə söhbət klassik şalvardan gedir, sərnişinlər onun əvəzinə beli rezinli idman şalvarı geyinirlər ki, kəmərçıxarma və kəmərtaxma proseduruna məruz qalmasınlar.
Bu, aeroportların vacibatlarındandır. Nə vaxtsa hansısa gicqulu kəmərin içində təyyarəyə bıçaq və ya ona bənzər kəsici-deşici alət (bəlkə də qızıl-zinət əşyası) keçirmək istəyib. Alınıb, alınmayıb, bəlli deyil. Ancaq ondan sonra kəmərlərin şalvarlardan çıxarılması mərhələsi başlayıb. İndi dünyanın hər tərəfində kəmərlər rentgendən ayrıca keçirilir, qayışın içində nə var, nə yox, görünür.
Görünür, noutbuklarla bağlı da hardasa bənzər hadisə olub. Hansısa ekstremist və ya tamahkar ünsür noutbukun enerji deposunda nəsə (ola bilər, partladıcı maddə, ola bilər – qızıl-brilyant) keçirməyə çalışıb. Ona görə də hazırda aeroportlarda noutbukların işə salınmasını tələb edirlər. Düyməni basırsan, cihaz işə düşürsə, demək, noutbukun içində bir şey yoxdur.
Zəhlətökən olsa da, sadə prosedurdur, ən çoxu 5 saniyə vaxt aparır. Ancaq istər gözləmə salonunda (yəni “qeyt”in qapısında), istərsə də təyyarənin göyərtəsində noutbuk vacib şeydir. Uçuş saatını gözlərkən internetə qoşulub yazı yaza, dostlarla yazışa bilərsən, uçuş zamanı isə elektron kitablar oxumaq olar.
Şəxsən özüm bir neçə dəfə uzaq mənzilə uçarkən kitab oxumuşam. Adamın ən azı iki saatı səmərəli keçir, 50-60 səhifə oxuyur.
Ancaq məlum olduğu kimi, ABŞ bu ilin martından müsəlman ölkələrindən gələn təyyarələrdə sərnişinlərin özləri ilə noutbuk daşımasına icazə vermir. Bunun bir səbəbi odur ki, başqa vaxt kitabdan, kompüterdən qaçaq olan bəzi müsəlman sərnişinlər noutbukla nəsə bir qələt qarışdırmağa cəhd ediblər.
Bir tərəfə baxanda bu qədər əl-ayağa düşməyə, ajiotaj yaratmağa ehtiyac yoxdur. Noutbuku açıb-yoxlayıb, rentgendən keçiriblərsə, məsələ tamamdır. Başqa nə ola bilər ki? Kimsə noutbukdan istifadə edərək təyyarənin idarəetməsini ələ keçirəsi deyil.
Sadəcə, ABŞ-ın xüsusi xidmət orqanları çox vaxt istənilən məsələyə həddən artıq həssaslıq və canfəşanlıqla yanaşırlar, bir şey olan kimi hövllənirlər. Elə olur ki, “sağa ver, saxla” əmri verilmiş sürücü maşından düşüb yol polisinin yanına getmək istəyəndə alnından güllələnir. Yaxud polisin saxlamaq istədiyi yeniyetmə bilmədən əlini cibinə aparsa, dərhal qanı asfaltda axır.
Son günlər isə ABŞ noutbuk qadağasında yenidən baxır, müsəlman ölkələrinin adını o siyahıdan bir-bir çıxarır. O cümlədən də, artıq Türkiyənin adı da bu qadağan listəsindən silinib. Axıra kim qala-qala.
Aeroportun sərhəd-gömrük məntəqəsindən nəsə keçirməyə gəlincə, bu xüsusda məşhur bir lətifə var. Belədir:
“SSRİ-də yaşayan yəhudi zərgər İsrailə köçmək izni alır. Ağsaqqal çamadanını qablayıb gəlir aeroporta. Rus sərhədçi baxır ki, qoca yəhudinin qoltuğunda bir büst var. Soruşur: ”Bu nədir?” Yəhudi cavab verir: “Sual düz olmadı, ”bu nədir” yox, “bu kimdir” olmalıydı. Bu, Lenindir. Proletariatın dahi rəhbəridir. Sovet xalqını ağ günə çıxaran şəxsiyyətdir. Onun büstünü özümlə aparıram ki, dahi rəhbərin xidmətlərini unutmayım”.
Kommunist sərhədçi təsirlənir, zərgərə “keç, apar, yaxşı yol” deyir.
Yəhudi uçur Təl-Əvivə, aeroportda yəhudi sərhədçi onun qoltuğundakı büstü görüb soruşur: “Bu nədir?” Yəhudi cavab verir: “”Sual düz olmadı, “bu nədir” yox, “bu kimdir” olmalıydı. Bu, Lenindir. Rusiyada xalqlar həbsxanası quran, insanları zəlil, millətləri əsir edən şəxsdir. Bunun büstünü özümlə gətirdim ki, hər gün onu görüm, lənət oxuyum”. Yəhudi sərhədçi təsirlənir, qoca zərgərə İsrail torpağına daxil olmağa icazə verir.
Ağsaqqal bacısının evinə gəlir, büstü qaldırıb servanta qoyur. Bacıoğlulardan biri büstü göstərib ondan soruşur: “Bu kimdir”.
Zərgər cavab verir: Sual “bu kimdir” yox, “bu nədir” olmalıydı. Bu, on kilo qızıldır. Üstəlik, iki gömrük məntəqəsində heç bir rüsum ödənilməmiş xalis qızıl”.
Bəli, vaxtilə belə olub, o qədər adam ölkədən-ölkəyə o qədər şey keçirib ki. Amma indi mümkün deyil. Adamın ayaqqabısının dabanını, noutbukunun sərt diskinin altını, düz bağırsağının içini də yoxlayırlar.