Загрузка...

Cıdır düzündə qələbə paradı

İşğalçı Ermənistan Şuşanın işğalının 25 illiyini bayram etməyə hazırlaşır. Ancaq onu da yaxşı anlayır ki, Azərbaycan üçün Şuşa çox həssas ünvandır, onun bayramını hər saniyə qara gətirə bilər. Ona görə də öncədən müdafiə həlqəsi yaratmaq istəyir özü üçün.

Bu günlərdə düşmən bəyan etmişdi ki, aprel döyüşlərindən sonra inşa olunan üçqat istehkam səngərlərini yekunlaşdırmaq üzrədir. Düşmən Azərbaycan ordusunun gücünü anladığı üçün üçqat istehkam qurur, qorxduğunu ara-sıra dərk edir, onu da yaxşı bilir ki, baş qatmağa yönəlik danışıqların sonadək davamına Bakı heç vaxt razı olmayacaq.

Bu mənada təhlükədən sığortalanmağın yolunu Rusiyanın ağuşunda qalmaqda görür. Hətta ayrı-ayrı erməni analitiklər, ziyalılar da əhalisi ilbəil azalan, əsgər tapa bilmədiyi üçün artıq 3 illik xidmətin müqabilində 10 min dollar mükafat vəd edən Ermənistanın sabahının qaranlıq olduğunu bəyan edirlər.

Ancaq hakimiyyət hərisliyi ölkəsini bataqlığın dibinə yuvarlatmaq bahasına olsa belə, Qarabağ ermənisi Serj Sərkisyandan əl çəkmir. Budur, Ermənistan üçün həyəcan təbili çalan Levon Ter-Petrosyanı parlament qapısının arxasında saxlayan Sərkisyanın hakim partiyası “Böyük Ermənistan” azarına tutulmuş terrorçu təşkilatla – “Daşnaksütyun”la koalisiyaya gedir, müttəfiqlik sazişi imzalayır. Sərksiyan gələn il prezidentlikdən getsə belə, hakimiyyətdə qalmaq üçün sonuncu erməninin qanından belə keçməyə hazırdır.

Azərbaycan 30 ildən sonra Bakıya gəlib burada göz yaşı tökən erməninin dediklərinə də aldanmamalıdır. Olsa-olsa bu kimi gəlişlər, ibarəli fikirlər ümumi işimizə yardım edə, haqlı olduğumuzu sübut etməkdə bizə dəstək verə bilər. Lakin hazırkı durumda Azərbaycan diplomatiyası və Azərbaycan ordusu öz sözünü deməlidir. Əsgərimizi yüz yaşasın, işğal zonasında düşməni bir-bir aradan götürür. Diplomatiyamızın isə daha da çevik olmasına ehtiyac var.

Aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Kəlbəcərlə bağlı qəbul etdiyi qətnamənin ildönümü idi. Əslində Bakı bu qətnamə də daxil, BMT-nin 4 qətnaməsini xatırlatmalı, əsrin dörddə birində kağız üzərində qalmış tələblərin icrasını tələb etməliydi.
Azərbaycanın hüquq-mühafizə orqanları xəyanətkar şəbəkənin üstünü açıblar. Yəqin ki, millətə və dövlətə xəyanət edənlər şəhid qanı ilə suvarılmış torpaqlarımız üzərində düşmənlə bazarlığa gedənlər layiq olduqları cəzanı alacaqlar. Diqqətçəkən odur ki, eyni vaxtda Müdafiə Nazirliyi düşmənin Tərtər istiqamətindəki bölmələrimizə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsini planlaşdırdıqları barədə məlumat yayıb. Demək, rəsmi qurumlarımız düşmənin dəhşətli planının üstünü açıb. Bəlkə də erməni ordusu Şuşanın işğal günü üçün yeni sürpriz hazırlayırmış. Aprel döyüşlərindən sonra düşmən daim verdiyi itkilərin əvəzini çıxmaq istəmirdimi?

Ermənistan mayın 9-da Xankəndi şəhərində “qələbə paradı” keçirməyə hazırlaşır. Separatçı qurumun “müdafiə naziri”, aprel döyüşlərində qaçıb siçan deşiyinə girmiş Levon Mnatsakanyan belə deyib. Bütün qurumlar hərkətə keçməli, beynəlxalq aləmə xitab olunmalı, “Ermənistanı durdurun” çağırışı edilməli. Əks təqdirdə…

Yadınızdadırmı aprel döyüşlərindən sonra Xankəndidəki ermənilər zirzəmilər doluşmuşdu? Ən azı həmin günləri xatırladaq hərbi parad keçirmək istəyənlərə. Sankt-Peterburq və ya Vyana görüşü ilə bağlı “xatirələr”ə həsr olunmuş Moskva danışıqlarından nəticə gözləməyək. Rusiya da istəyir ki, ermənilərin Şuşa və Laçını dörddə bir əsrdir (!) işğalda saxlamaları tədbiri sakit keçsin. Əks təqdirdə erməni-rus hərbi birləşməsinin komandanı Andranik Makaryan “Putin bizim Qarabağda əməliyyat keçirməyimizə mane ola bilməz” deyəcək qədər cəsarət sahibi deyil.

Lakin istənilən halda düşmənə Şuşada, Xankəndidə rahat hərəkət etmək fürsətini verməməliyik. Bu, Şuşaya əcnəbi turistin gəlişi, ya Şuşa məscidində qazıntıların aparılması, heç rus milyarder Strelyiqovun eşşək belində Şuşa küçələrində gəzməsi də deyil. Cıdır düzündə erməni ordusunun “qələbə bayramı”nın keçirməsi çox ağır məsələdir. Axı, biz şəhidlərimizə söz vermişik, and içmişik. And kəsər bizi! Gərək bu ağır yükü çiynimizə götürməyə, ürəyimizdə gəzdirməyə razı olmayaq…

Erməni general özü etiraf etmişdi ki, Azərbaycan ordusu apreldə Ağdam cəbhəsini yarıb Xankəndinə girə bilərmiş. Deməli, elə də çətin deyilmiş, Şuşasız 25 il dözməyimizlə müqayisədə…