MTN generallarının məhkəmə prosesi tək bir qurumun cinayətlərini açmır, ümumən sistemin mahiyyətinə işıq salır. Örnək üçün, avtomobil ehtiyat hissələri satan firmanın şefi istintaqda deyir: “2014-cü ildə MTN əməkdaşları məni nazirliyin həyətindəki ”Sultan” kafesinə aparıb 100 min manat istədilər. Məndən çox yerdən çox pul istəyiblər, sahibkar adamam. Hər dəfə də 50 min manat vermişəm və bu məbləğə öyrəşmişəm, amma bu dəfə tələb olunan məbləğ bir az çox oldu”. Sitatın sonu.
Əladır, deyilmi? Adam açıq deyir ki, çox yerdən rüşvət alırdılar, dövlət əslində bir reket dəstəsi kimi boğazımıza çökmüşdür. Sadəcə, bu dəfə “bir az çox” alıblar. İndi məhkəmə o “çox yerləri” araşdıra bilərmi? Axı açıq deyib, korrupsiya faktı üzrə əlavə cinayət işi açmağın tam zamanıdır. Ancaq yox, bu ifadə uçub getdi havaya. Zəncirotu toxumu kimi, toz kimi, nə bilim, çürük yarpaq kimi. Çünki hələlik həmin “çox yerlərin” istintaqı üçün sifariş gəlməyibdir. Üstəlik, bu gün MTN generallarını istintaqa çəkənlər elə o “çox yerlərin” təmsilçisidirsə, neyləyəsən? Saqqız alıb çeynəyəsən – başqa heç zad.
MTN generalları da boş dayanmır, məhkəmədə “zapçast” satana deyirlər ki, bizdə sənəd var, sən vergiləri ödəmirsən. He-he. Lap “günahı olmayan daşı atsın” mövzusudur. Nə olsun biz səni soymuşuq, sən də xalqı soyurdun dolayısı ilə. Vergi vermirdin, tank ala bilmirdik, erməni qapıya gəlmişdi, pensiyaçı acından ölürdü, xalq artisti üzük oğurlayırdı və sairə. Araşdırsan, sənin günahın Çovdarovunkundan çoxdur. Vallah. Səsini azalt. Dəvə nə qədər ölü olsa, dərisi bir eşşəyin yüküdür.
Başqa bir zərərçəkən tikinti firmasının direktorudur. Bunu da bankdan 620 min manat çıxardanda MTN zəhmətkeşləri tutub soyublar. İnsaflı davranıblar – cəmi 200 minini alıblar. Direktor deyir guya bunu Saatlı olimpiya kompleksini tikən fəhlələrinə aparırmış. MTN generalları isə deyir qələt eləmə, bizdə kağız var, sən onlara cəmi 90 manat maaş vermisən. Çekistlərin soyduğu bu başabəla direktorun öz maaşı isə kağızda 450 manat göstərilibmiş. (Aylıq 450 manatdan 200 min toplayıb rüşvət vermək üçün neçə il işləmək lazımdır – təklif edirəm Məleykə xanım bunu testə salsın). Yəni deyirlər sən də vergidən yayınmısan, kimin inəyi mövüldəsə, sən quyruğunu tərpətmə, mövüldəmək cəhənnəm.
Bəlkə yalan deyirlər? Yox. Düzdür. Hər tərəf burda haqlıdır. Mollanın lətifəsindəki kimi: “Sən də haqlısan, o da, elə mən də”. Bunu araşdırmaq çətin deyil, Saatlı Olimpiya Kompleksinin tikintisi, dövlət rəhbərliyinin onun lentini kəsməsi və sairə haqda informasiyalar hazırda internetdə durur, orada isə həmin bu tikinti firmasının ümumiyyətlə adı, izi-tozu yoxdur! Tamamilə, necə deyərlər, dibindən “qara mühasibatlıq”, “gizli iqtisadiyyat” üsulu ilə çalışıblar. Oğrudan oğruya halal idisə, indi istintaq aparanlara niyə halal olmasın? Bizim ölkəmizdə halallıq birinci, vacib məsələdir. Halallığını al, adamın ağzını… cır. Araşdır, bütün generallarımız Həccə gedibdir. Elə rəis var 5 dəfə gedib, deputat var 27 dəfə. Hətta bəzi dükanlarda halal qaban əti satılır. Bunlar hamısı ölkəmizin haqqın yolunu tapdığını, haqq yolunda olduğunu göstərir.
Yazını elə bu temada bir pritça ilə (müdrik əhvalat) bitirmək istəyirəm.
Biri var idi, biri yox idi, bir balaca quş var idi, isti ölkələrə uçmaq istəyirdi. Hava elə soyuq idi ki, o, uçduğu göydəcə dondu, çölə düşdü. Çöldən bu vaxt inək keçirdi, inək onun üstünə peyinini tökdü. Peyinin istiliyindən quşcuğaz oyandı. Mal peyini onu həyata qaytarmışdı! Quş sevindiyindən oxumağa başladı, yaxınlıqdan keçən pişik səsi eşitdi, gəlib peyini eşələdi, quşu tapıb yedi.
Əhvalatdan çıxan nəticələr:
Üstünüzü “batıran” hər kəs düşmən deyil.
Sizi peyindən çıxaran hər kəs dost deyil.
Əgər siz nəcisin içinə düşmüsünüzsə, yaxşısı budur ağzınızı yumun.