Dərin düşüncələrə qida olacaq xəbərin başlığı beləyidi: “ABŞ varlıları yoxsullardan 15 il çox yaşayır”.
Bi-bi-si-nin xəbəriydi. Bilirsiniz, BBC yalan yazmaz, mütləq etibarlı mənbəyə istinad edər. Bu dəfə bu media qurumu məşhur “Lanset” tibb jurnalının müvafiq araşdırmasını yayıb. “Lanset”in alim həkimləri araşdırıblar, ortaya iş qoyublar, sonra xəbər yayıblar.
Lütfən, bu “Lanset”i bizim milli “Lanset”lə qarışdırmayın. Bizimki bir vaxtlar yaxşı klinikaydı, baş həkimi Fərman Ceyranov (Allah ona qəni-qəni iş avandlığı versin) idi, amma professoru burda yola vermədilər, vergiylə elə boğdular ki, lansetini, skalpelini, bir də xalatını götürüb Gürcüstana getdi. İndi doktor orda işləyir, əlinin şəfasına inanan xəstələr də məcbur qalıb Bakıdan Tiflisə yol ölçürlər.
Nəysə, bu başqa məsələdir, indilikdə söhbət Britaniyada çıxan tibb jurnali “Lanset”in ABŞ-lı varlıların kasıblardan 15 il çox yaşadığını iddia və sübut etməsidir.
Jurnalın rəyinə görə, varlılarla kasıbların ömrü arasındakı bu disbalans Amerikanın səhiyyə sisteminin özündən qaynaqlanır. Yəni o boyda ABŞ-ın səhiyyə sisteminin durumu ürəkaçan deyil. Heç demə, bu səhiyyə sistemi mənfəət güdən sığorta şirkətlərinə söykənir və bu səbəbdən də dünyanın ən bahalı səhiyyəsidir.
Əlbəttə, Britaniya ingilisləri ABŞ ingilislərinin səhiyyəsini tənqid edərkən xeyli dərəcədə haqlıdırlar. Məsələn, ötən ay 101 yaşında vaxtsız vəfat edən amerikalı milyarder Devid Rokfellerin o qədər pulu olmasa, bu qədər uzun yaşaya bilərdimi? Qətiyyətlə xeyr. Adam sırf pulun gücünə 101 yaşını tamamlamışdı, 102-ni əridirdi. 6 dəfə ürək, 3 dəfə böyrək və 2 dəfə ciyər nəqli əməliyyatı keçirmək, kim bilir, onun cibindən nə qədər milyonlar çıxarmışdı. Ancaq bilindiyi kimi, Rokfeller ürəyi istəyən qədər yaşaya bilmədi, vaxtsız öldü, hamıya vəd etdiyi kimi, 200 yaşına çatmadı.
Bunun qarşılığında hər gün ABŞ-da Rokfellerin nəvəsi yaşda olan, 50-55 yaşlı minlərlə adam ölür. Niyə? Kasıbçılıqdan. Düzdür, ona qalsa milyonçu musiqiçi Maykl Cekson da vaxtsız öldü, amma onun ölümü bir az müəmmalı oldu, pulsuzluqla bağlı deyildi.
ABŞ-ın səhiyyə sisteminin yararsızlığını hətta senator Berni Sanders də deyir. Bu yaxınlarda senator vurğulayıb ki, ABŞ səhiyyəsi dünyanın ən bahalı, ən bürokratik, ən israfçı və ən səmərəsiz səhiyyə sistemidir. Azadlıq heykəlinə and olsun ki, belə deyib.
Vaxtdır, qayıdaq öz materikimizə, regionumza, ölkəmizə.
Əslində dünyanın bütün ölkələrində varlılar yoxsullardan uzun yaşayır. Bu, Hondurasda da belədir, Hindistanda da, Malayziyada da, Astriyada da, Avstraliyada da, Somalidə də, Azərbaycanda da.
Bu da ona görədir ki, varlı adamlar kasıblarla müqayisədə özlərini daha çox istəyirlər və canlarına qulluq edirlər. Məsələn, varlılar çox və ağır işlərdə işləmirlər, tez-tez kurorta, sanatoriyaya gedirlər, adicə qrip tutanda Almaniya, İsrail həkimlərinə üz tuturlar, pəhriz gözləyirlər, ən xeyirli yeməklərlə qidalanır, ən zərərsiz içkilər istemal edirlər, idmanlarından qalmırlar, hər zaman komfort içindədirlər və s.
Amma kasıb neyləyir? İşsizdirsə, heç, bunu canına dərd eləyir, amma işləyirsə, bir az çox qazanmaq üçün ikiqat çox işləyir, 40 il dəniz sahilində yaşayır, vaxt çatışmazlığına görə bir dəfə çimərliyə gedib belini günə vermir, içəndə ucuz sex arağı içir, qara ciyərini becərir, mütləq siqaret aludəçisi olur, ucuz siqaret sümürür, ağciyəri əldən gedir, payızda (oktyabrda) xəstələnir, pulsuzluqdan həkimə yazda (apreldə) gedir.
Abid Şərifov baş nazirin müavini və “Alabala” holdinqin sahibi olmasaydı, 77 yaşında İsrailə varıb həyatını xilas etdirə bilərdimi? Əsla. Amma onun oğlu-nəvəsi yerində olan nə qədər kasıb abidlər, yoxsul şəriflər nəinki İrana, heç burdan-bura “kəndçilər balnisası”na da gedə bilmirlər və ölürlər.
“Lanset” yazır ki, elə ölkələr var, orda kasıblarla varlıların ömrü arasında fərq çox deyil, məsələn, Kanadanın varlıları ilə kasıblarının ömrü arasında 7, İngiltərənin lordları ilə fəhlələrinin ömrü arasında cəmi 1 faiz fərq var.
Bəs bizdə necədir? Təəssüf ki, bu xüsusda əlimizdə dəqiq rəqəm yoxdur, ona görə də bilmirik ki, biz ABŞ səhiyyəsinin səviyyəsinə yaxınıq, yoxsa İngiltərə səhiyyəsinin.