Bu günlər əziz aprel şəhidlərimizin il mərasimləri qeyd olunur. Bu mərasimlərdən birində balaca Zəhranın öz pilot şəhid atası – Urfan Vəlizadənin məzarı üstündə skripka çalması diqqət çəkdi. Keşkə, bu təsirli mənzərə haqda yaxşı bir əsər, ssenari yazan tapılaydı, sonra da həmin ssenari əsasında istedadlı rejissorlardan biri gözəl, tərbiyəvi bir film ərsəyə gətirəydi.
İstənilən şəhidimizin həyatı, döyüş yolu ilə bağlı çoxlu belə bənzər detallar var. Onları tapıb da bədiiləşdirmək, ekranlaşdırmaq mümkündür, yetər ki, buna səmimi istək olsun. Mənəvi qidaya tələbat isə həmişə var – müharibə vəziyyətində yaşayıb-yaşamamağımızdan asılı olmayaraq.
Bu gün orta məktəb dərsliklərində şəhidlərimiz və onların igidlikləri haqda yazılmasına, deyilməsinə şübhəsiz ki, ən çox ehtiyac duyulur. Aprel qəhrəmanlarının tanıdılmasına isə xüsusi ehtiyac var. Millət öz övladlarını, gələcək nəsil öz şanlı qəhrəmanlarını yaxından tanımalıdır, buna borcludur da…
***
Şəhidlik o qədər müqəddəs zirvədir ki, hətta ilahiyyatçılara görə, şəhidin mübarək cəsədini yuyub qüsullamağa da ehtiyac duyulmur, çünki elə əynindəki qanlı paltarla birgə pak sayılır. Əlbəttə ki, şəhidlərə fərq qoyulmaz. Allah dərgahında onların hamısının dərəcəsi, məqamı eynidir. Ancaq etiraf edək ki, aprel şəhidlərinin əziz xatirəsi xalqımızdan ötrü məxsusidir.
Nədən ki, məhz aprel blitsi-hərbi qələbəsi ilə biz uzun illərin “məğlubiyyət sindromu”ndan, özünə inamsızlıq sindromundan, nəhayət ki, çıxa bildik, ermənilərin isə məğlubedilməzlik mifini dağıtdıq, onu öz “qələbəsi”nə peşman elədik. Torpaqlarımızı hərb yolu ilə azad etməyə qadir olduğumuza əminlik hasil elədik və bunu bütün dünyaya əyani göstərdik.
Aprel şəhidləri millətə uzaqda olmayan böyük qələbəni dadızdırdı. Məhz aprel zəfərindən sonra, artıq bir ildir ki, düşmən səksəkə içində Azərbaycanın istənilən an öz ərazilərini azad eləmək üçün böyük savaşa başlayacağı əndişəsi ilə yaşayır. Bu – aprel mini-zəfərinin başqa bir psixoloji qazancıdır.
***
Aprel ayı Azərbaycan üçün az qala 100 ildir 28 aprel rus işğalı ili anılırdı. Bundan sonra isə həm də artıq aprel mini-zəfəri ilə anılacaq. Aprel şəhidlərinin bizə bəxş elədiyi bir müsbət hiss də qoy bu olsun – onlar bu ayı bizim üçün hüznlü olmaqdan çıxardılar. Aprelin “üzünü ağartdılar” – şəhidlik zirvəsinə yüksəlməklə.
Ən əsası, məhz şəhidlərin sayəsində üstündə gəzdiyimiz torpaq Vətən adlanır – “Torpaq üstündə ölən varsa, Vətəndir” deyilmirmi? “Bütün canlar ölümü dadacaq”. Bunu isə müqəddəs kitabımız buyurur. Hamımız öləriyik, gec-tezliyi var. Ancaq nə xoş o kəslərə ki, gənc yaşlarında tərəddüdsüz ölüm şərbətini içib şəhidliyə qovuşur, ölümləri ilə Vətəni yaşadırlar, onun dəyərinə dəyər qatırlar.
Əlbəttə ki, heç bir normal insan müharibə arzulamır. Arzulamaz. Hamı sülh yolla problemin həllini istəyir. Heç kəs istəməz ki, uşaqlar atasız, analar balasız qalsın, balaca Zəhra atasının il mərasimində onun məzarı üstdə skripka çalsın. Hər bir şəhidimiz ya gənc ailə başçısı idi, ya da gələcəyin ailə bacısı, gələcək ailə. Yəni qızıl genofondumuz.
Fəqət, nə edəsən ki, arxasında məkrli bir havadarın durduğu bir düşmənlə qabaq-qənşərik. Yoxsa ki, Rusiya kənara çəkilsəydi, işğalçının cavabı çoxdan verilmişdi – artıqlaması ilə, aprel şəhidləri olmadan…