Politoloq: “Onun vitse-prezident təyin olunmasının Azərbaycan dövlətinin sabitlik və təhlükəsizliyi üçün əhəmiyyəti var”
Azərbaycanda yayımı dayandırılan Türkiyənin “Fox” televiziyasının Amerikanın layihəsi olması ilə bağlı iddialar var. Bildirilir ki, kanalın bir çox verilişləri məhz Amerikanın tapşırıqları əsasında çəkilir. Eyni zamanda Azərbaycan əleyhinə olan verilişlər də bu qəbildəndir.
Onu da qeyd edək ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) komissiya sədri, keçmiş deputat Mustafa Kabaqçı “Fox” televiziya kanalında Azərbaycan haqqında yayımlanan qərəzli reportajla bağlı məsələyə münasibət bildirib.
M. Kabaqçı ölkə.az saytına deyib ki, bu cür addımlarla Türkiyə-Azərbaycan dostluğunu və qardaşlığını heç kəs poza bilməyəcək:
“Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin edilməsi qardaş Azərbaycanın qanunlarına tamamilə uyğun addımdır. Bu təyinatın spekulyasiya edilərək, qərəzli şəkildə ictimaiyyətə təqdim edilməsi tamamilə nəzakətsiz davranışdır. Başqa ölkənin daxili işləri barədə ədəbsiz fikirlər səsləndirmək yolverilməzdir. Mehriban Əliyeva zəngin dövlət idarəetmə təcrübəsinə malik olan və Azərbaycan xalqı tərəfindən sevilən xanımdır. Onun soyadının Əliyeva və ya Paşayeva olması əhəmiyyət kəsb etmir. Mehriban xanım bu vəzifəyə tam layiq olan şəxsdir. Ona görə də bəzi xarici media orqanlarının bu təyinatı qərəzli şəkildə qaralamaq cəhdləri doğru deyil” – deyə, Kabaqçı bildirib.
Politoloq Mübariz Əhmədoğlu “Yeni Müsavat”a bildirib ki, Mehriban Əliyevanın vitse-prezident təyin olunması ümumilikdə cəmiyyət və dövlət üçün faydalıdır:
“Mehriban Əliyeva birinci xanım idi və o, istədiyi məsələyə yaxşı mənada müdaxilə edə bilərdi.
Onun vitse-prezident təyin olunmasının Azərbaycan dövlətində sabitlik və təhlükəsizlik üçün əhəmiyyəti var. Misal üçün bir il ərzində Qazaxıstanda ardıcıl terror hadisələri baş verirdi. Orada bütün güc strukturları bu hadisələrin qarşısını ala bilmirdilər. Axırda Nazarbayev bəyanat verdi ki, Qazaxıstanda prezident onun qızı ola bilər. Orada teraktlar törədənlər anladılar ki, bu hadisələri törətməyin mənası yoxdur. Çünki başa düşdülər ki, xaosla Nazarbayevi devirib, hakimiyyəti ələ keçirmək istəsələr, o, daha cəld tərpənib qızını həmin posta təyin edəcək. Nəticə olaraq, bununla da orada terror hadisələri dayandı. Dünyanın normal dövlətlərə qarşı bir çox eybəcərlikləri var. Ona görə də hökmən qeyri-standart metodlarla bunun qarşısına çıxmaq lazımdır. Mehriban xanımın təyinatını da bununla əlaqələndirirəm ki, Azərbaycan dövlətində xaos yaratmaq istəyənlər, siyasi hakimiyyətə qarşı pis niyyətdə olanlar anlasınlar ki, burada hakimiyyət bir saniyə də olsa boş qalmayacaq. Təyinatın mənası budur. Hesab edirəm ki, biz tədricən Mehriban xanımın təyinatını izah etməliyik. Dünya mətbuatından, bəzi siyasətçilərdən qorxmağa ehtiyac yoxdur”.
Politoloq bildirib ki, Mehriban Əliyevanın təyinatını zəruri edən şərtlərdən biri də Azərbaycanın demokratik imicinin yaxşılaşdırılmasıdır:
“Xaricdə ermənilər və digərləri Azərbaycanın demokratik imicinə zərbə vurmaq üçün hər zaman mübarizə aparırlar. Bəzi hüquq mühafizə orqanlarına və səlahiyyətli şəxslərə demək istəyirəm ki, bir qədər gözləyin. Yəqin ki, Mehriban Əliyeva yaxınlarda geniş platforma ilə çıxış edəcək və özünü dünyaya təqdim edəcək. Təqdimatdan sonra kimsə bunu qəbul etməsə, xoşagəlməz fikirlər söyləsə, o zaman müvafiq addımları atarıq. İndiki məqamda bu məsələyə qeyri-normal münasibət bildirən şəxslər ola bilər. Bunlara qarşı dözümlü olmaq lazımdır. Birinin əlində televiziyanı bağlamaq imkanı varsa, o, dərhal buna getməməlidir. Bunlar bizim metod deyil. İzahatla sözümüzü başa salıb, fikrimizi bildirməliyik. Kimsə bunu edə bilmirsə, gözləsin. Azərbaycan demokratik cəmiyyətdir. Kim necə istəyirsə, ədəb-ərkan çərçivəsində danışa bilər. Əsas odur ki, bu, dövlətçiliyimizə mənfi təsir etməsin. Hansı kanalın, nə yaymasının önəmi yoxdur. Ölkə başçısı, vitse-prezident özü hər şeyi yoluna qoyacaq və izahını verəcək. Onların savadı, siyasəti buna imkan verir. Onların siyasətinin meydana girməsinə çalışmaq lazımdır. Belə olarsa, hər şey yoluna qoyular. Azərbaycan xalqı hər tərəfli, savadlı, düşünülmüş informasiya almaq hüququna malikdir. Nə yerli, nə də qonşu dövlətlərin mətbuatına blok qoymağa ehtiyac yoxdur”.